“Unutqan” məmurlar



Elxan SALAHOV

- Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır...
- Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!...
- Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin!...
- Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?!...
- Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyanı aradan götürməliyik...
- Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır...


Bu seçmələr prezident İlham Əliyevin təkcə bir tədbirdə - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışındandır. Bu qədər açıq, bu qədər aydın şəkildə ortaya qoyulmuş bir mövqe, çağırış, tapşırıq. Kaş, ölkə başçısının bu çağırışlarının hamısı gerçək olaydı. Belə olsaydı, Azərbaycanda korrupsiyanın da kökü çoxdan kəsilmişdi, məmur özbaşınalığına da son qoyulmuşdu. Sosial problemlərdən qaynaqlanan narazılıqlar da həmçinin. Nə yazıq ki, bu çağırışlar, bu tələb və tapşırıqlar hər dəfə qulaqardına vurulur, üstündən 5-10 keçməmiş hər şey unudulur, çatışmazlıqar, bürokratik əngəllər, süründürməçilik əvvəlki axarına qayıdır.
Ölkə başçısının Azərbaycanda çoxminli ailələrin sosial probleminin həllinə yönəlik bir tapşırığı isə 2011-ci il martın 9-a təsadüf etmişdi. Söhbət meriyada Bakı və Bakıətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair müşavirədəki tapşırıq və çağırışlardan gedir. Həmin müşavirədə dövlət başçısı rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq vermişdi. Dəqiq və son dərəcə konkret bir tapşırıq:

-Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək...

Aradan iki ilə yaxın vaxt keçir, cəmi 17 gündən sonra həmin müşavirənin iki ili tamam olur. Amma aradan keçən bu iki ildə sənədsiz evlərin qeydiyyatı istiqamətində heç bir real addım atılmadı. Min bir əziyyətlə tikdikləri evlərin sənədləşdiriləcəyini gözləyən minlərlə ailənin gözləntiləri hələ ki, özünü doğrultmayıb. Niyə? Hansı səbəbə? Ölkə başçısının açıq və qəti şəkildə Bakı merinin və digər aidiyyəti şəxslərin qarşısında qoyduğu bu tələblər niyə yetirilmir?

Hələ ki, bu sualların cavabı cəmiyyətə bəlli deyil. Şəhər rəhbərliyi də daxil olmaqla sənədsiz evlərin səndləşdirilməsi mexanizmlərini hazırlamalı olan məmurlar bir tapşırığı iki ildə həll edə bilməmələrinin səbəbini açıqlaya bilmir. Əslində niyəsini bilirlər: rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi onlara sərf etmir. Ən azından ona görə ki, sənədsiz evlərin sənədləşdirilməsi həmin mülklərin sahiblərindən yığılan ödənişlərin, torpaq və əmlak vergisinin rəsmi qeydiyyata alınması deməkdir. Üstəlik, indiki halda, yəni "çoxbucaqlı" özəlləşmə sistemində mənzil özəlləşməsi yaxşıca "hörmət" mənbəyidir. "Birpəncərəli" və ya sadələşdirilmiş sistemə keçid isə isə bəzi kiçik və böyük məmurların dolayı qazanc mənbələrindən məhrum edəcək. O səbəbdən qeydiyyatsız evlərin sənədləşdirilməsi müəyyən qrupların marağında deyil.

Bax, budur ictimai maraqların şəxsi maraqlardan üstün tutulması!