04:43
(077) 610-22-33

Ölkəni rahatladacaq açıqlama: “Azərbaycanda “donuz qripi” yoxdur”

  • >
559 21 Fevral 2013 11:50 | Cəmiyyət

"Azərbaycanda qripin heç bir növünə, o cümlədən "donuz qripi"nə rast gəlinmir. Ölkədə kəskin respirator virus infeksiyaları qeydiyyata düşüb, qrip xəstəliyi isə yoxdur".

Bu açıqlamanı APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Rusiyanın Puşkino şəhərində 8 yaşlı uşağın "donuz qripi"ndən ölməsinə dair xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün ağır gedişli kəskin respirator virus infeksiyası olan xəstələr laborator müayinələrə cəlb olunur. Bu mövsüm ərzində 200 nəfərə yaxın insanda müayinə aparılıb: "Heç bir xəstədə qripin növləri - nə A, nə B, nə də "donuz qripi" qeydə alınmayıb. Kəskin respirator virus infeksiyaları yanvar ayına nisbətən fevral ayında azalmaya doğru gedib".

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə APA-ya bildirib ki, hazırda "donuz qripi" ümumiyyətlə mövcud deyil: "Bu ştamla müəyyən ölkələrdə xəstəlik aşkar olunur. Amma Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunu mövsümi qrip kimi qiymətləndirir. Yəni indiki qrip 3 il bundan qabaq olan H1N1 pandemik qripi deyil".

Qeyd edək ki, Moskva ətrafındakı Puşkino şəhərində 8 yaşlı oğlan "donuz qripi"ndən vəfat edib. Moskva vilayətinin Səhiyyə Nazirliyində diaqnoz təsdiq olunub.

AzNews.az
Bağla X