DİN rəsmisi Rasim İldırımzadəylə bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoda görüntülənən Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polis polkovniki Rasim İldırımzadə ilə bağlı açıqlama yaymağa tələsmir.

DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Teleqraf.com-a açıqlamasında bildirib ki, məlum görüntülərlə bağlı R.İldırımzadənin özünün kifayət qədər açıqlaması var: "Nazirliyin hələ ki, görüntülərlə bağlı ictimaiyyətə açıqlanacaq mövqeyi yoxdur. Olsa, bu barədə mətbuata açıqlama veriləcək".

Fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

R.İldırımzadə Teleqraf.com-a açıqlamasında videonun montaj edildiyini bildirib.

AzNews.az