07:28
(077) 610-22-33

Rüstəm İbrahimbəyov nazirliyi məhkəməyə verir

  • >
465 21 Fevral 2013 20:38 | Cəmiyyət

Ədliyyə Nazirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqına xəbərdarlıqlarının ləğvi üçün məhkəməyə müraciət edilib. Bunu "Media forum" saytına ittifaqın vəkili Fuad Ağayev deyib.

Vəkil bildirib ki, nazirliyin xəbərdarlıqlarını əsassız sayırlar: "Ona görə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən Ədliyyə Nazirliyinin xəbərdarlıqlarının ləğvini istəyirik".

Ədliyyə Nazirliyi ittifaqa apardığı yoxlamalar nəticəsində bir neçə dəfə xəbərdarlıq edib. Qanunvericiliyə görə, il ərzində Ədliyyə Nazirliyindən iki dəfədən çox xəbərdarlıq məktubu alan təşkilatın qeydiyyatının ləğvi üçün məhkəmədə iddia qaldırıla bilər.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov "Media forum" saytına bildirib ki, onlar dörd-beş xəbərdarlıq məktubu alıblar, bu səbəbdən ittifaqın dövlət qeydiyyatının ləğvi təhlükəsi yaranıb. Ədliyyə Nazirliyinin xəbərdarlıqlarının siyasi motivli olduğunu iddia edən Əli İsa Cabbarovun sözlərinə görə, nazirlik ittifaqa rəsmi yazışmaları rus dilində aparmasını, ittifaqın blankında Azərbaycanın dövlət gerbindən istifadə etməsini irad tutub: "Biz yazışmalarda rus dilindən ona görə istifadə etmişik ki, MDB ölkələrinin Kinematoqrafçılar İttifaqı Konfederasiyasının üzvüyük. Beynəlxalq təşkilatda Azərbaycanı təmsil etdiyimizə görə bəzi yazışmalarımız rus dilində olmalıdır.

Bizə deyirlər ki, üç il əvvəl qəbul olunan qanuna əsasən, hansısa təşkilatın sənədində gerb xüsusi hallarda istifadə oluna bilər. Kinematoqrafçılar İttifaqının blankında gerbdən hələ sovet dövründən bəri, 40 ildir istifadə olunur. Bu da Azərbaycanı beynəlxalq arenada təmsil etməyimizlə bağlıdır. Çünki biz bir neçə beynəlxalq təşkilatın üzvüyük. Yəni Ədliyyə Nazirliyinin iradları əslində hüququn məzmunu ilə deyil, texniki tərəfi ilə bağlıdır".


Vergilər Nazirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı başladığı cinayət işinə gəlincə, Əli İsa Cabbarov qeyd edib ki, bu işin istintaq haqda heç bir məlumat ala bilmirlər: "İstintaq qapalı gedir".
Bağla X