Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi tərəfindən sahibsiz itlərin birkalanmasına (nömrələnməsinə) başlanacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi tərəfindən sahibsiz itlərin birkalanmasına (nömrələnməsinə) başlanacaq.

Sahibsiz itlər birkalanacaq

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi tərəfindən sahibsiz itlərin birkalanmasına (nömrələnməsinə) başlanacaq.

İdarənin rəisi Mübariz Hüseynov APA-ya açıqlamasında bildirib ki, bu işlər gələn həftədən etibarən həyata keçiriləcək.

Onun sözlərinə görə, ilkin olaraq gündə 10-15, ayda isə 100-150 it birkalanacaq: “Birkaların üzərində rəqəmlər olacaq, bununla da bilinəcək ki, itlər idarə tərəfindən götürülüb, peyvənd olunub, quduzluğa qarşı vaksinasiya edilib, axtalanıb, rəqəmlənərək təbiətə buraxılıb. Bu vaxta kimi idarə tərəfindən sahibsiz heyvanların, itlərin birkalanması həyata keçirilməyib, sadəcə, itlər yerlərdən götürülərək quduzluğa və təhlükəli xəstəliklərə qarşı sterilizasiya edildikdən sonra yenidən təbiətə buraxılırdı. Bu da həmin itlərin növbəti dəfə təkrarən götürülməsinə ehtiyac yaradırdı. Lakin itlər birkalandıqdan sonra rəqəmlənəcək və onların təkrar götürülməsinə ehtiyac qalmayacaq. Bu gün Balaxanıdakı sığınacaqda artıq 600-700 it var”.

M.Hüseynov qeyd edib ki, gün ərzində təxminən 15-20, bəzi hallarda 30-a qədər it ərazilərdən götürülür. Onun sözlərinə görə, sahibsiz itlərlə bağlı daha çox müraciətlər şəhərətrafı qəsəbələrdən, Səbail, Binəqədi rayonlarından və bağ massivlərindən olur.

İdarə rəisi vurğulayıb ki, sahibsiz heyvanların müxtəlif ərazilərdən götürülməsi yalnız vətəndaşların yazılı və 24 saat ərzində fəaliyyət göstərən 565-09-26/27 nömrəli telefona şifahi müraciəti əsasında həyata keçirilir: “Hazırda idarənin 3 xüsusi təyinatlı maşını var və onlar gün ərzində şəhərdə olaraq vəziyyətə nəzarət edir. İlin sonuna kimi Bakı şəhərində bütün sahibsiz itlərin zərərsizləşdirilməsi nəzərdə tutulur. Bu gün insanlarda itlərə qarşı müəyyən xof var. Lakin onlar bilməlidir ki, şəhərdə olan itlərin əksəriyyətinə quduzluğa qarşı vaksin vurulub, zərərsizləşdirilib”.

İdarə rəisi əlavə edib ki, sahibsiz heyvanlara qarşı mübarizədə onlara İDEA İctimai Birliyi tərəfindən yaxından köməklik edir. Onun sözlərinə görə, ay ərzində idarə tərəfindən müxtəlif ərazilərdən götürülən itlər İDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinə verilir.

AzNews.az