11:50
(077) 610-22-33

Dini kitablara xüsusi nəzarət markaları

  • >
338 22 Fevral 2013 13:22 | Cəmiyyət

Dini kitablar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrində satılacaq



Azərbaycan Milli Məclisi "Dini etiqad azadlığı haqqında" qanunun "Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları" ilə əlaqədar 22-ci maddəsində dəyişiklik edib.

APA-nın məlumatına görə, MM-in bu gün keçirilən iclasında dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, dəyişiklik istehlakçıların hüquqlarının qorunmasına yönəlib. Dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış yuxarıda qeyd olunan materialları əldə edə və onlardan istifadə edə bilərlər.

Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

Millət vəkili Fazil Mustafa deyib ki, ekstremizm təbliğ etməyən dini ədəbiyyatın sərbəst yayımını qadağan edilməsi düzgün deyil: "Kimsə kiməsə "Quran" verirsə, bunun üçün niyə nəzarət markası lazımdır? İxtisaslaşmış mağazaların yaradılması yaxşıdır, lakin qalan müddəalar düzgün deyil".

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, kitabın ekstremizm yayıb-yaymamasını yalnız onu yoxladıqdan sonra bilmək mümkündür: "Azərbaycan çox həssas bölgədə yerləşir. Ona görə də daxili sabitliyini qorumalıdır. Biz yol verməməliyik ki, hələ tam formalaşmamış gəncləri hansısa dini qüvvələr öz tərəflərinə çəksin. Bu dəyişikliklər çox yerindədir".

Millət vəkili Zahid Oruc isə qeyd edib ki, dəyişikliklərin praktikada necə istifadə ediləcəyi əsasdır: "İndi kompyuterlər vasitəsilə istənilən ədəbiyyatı əldə etmək mümkündür. Ən müxtəlif dini təriqətlər informasiya resurslarında öz yazılarını yerləşdirirlər. Bunun qarşısını almaq mümkün deyil. Belə problemlərin qarşısını almaq üçün din siyasətini düzgün qurmaq lazımdır. Din və dövlət idarəçiliyindəki sərhədi saxlamaq istəyiriksə, dini siyasətimizi düzgün qurmalıyıq".

Millət vəkili İlham Əliyev də layihəyə dəyişikliyi dəstəklədiyini qeyd edib: "Biz çalışmalıyıq ki, qısa şalvarlıları və saqqalı sinəsinə düşənləri cəmiyyətdən təcrid edək".

AzNews.az
Bağla X