10:24
(077) 610-22-33

Ermənistanın Azərbaycana qarşı hidroterror fəaliyyəti

  • >
3 003 30 Oktyabr 14:45 | Cəmiyyət

Azərbaycana qarşı hərbi təcavüz edərək ərazilərini işğal edən Ermənistan beynəlxalq konvensiyaları pozaraq hidroterror fəaliyyəti aparır.

Qafqaz regionu Avropa və Asiyanın kəsişdiyi məkanı, eyni zamanda Qara və Xəzər dənizi arasındakı əraziləri əhatə edir. Bölgədə 8 dövlətin transsərhəd su hövzələri müştərək asılılıq şəraitindədir.

Azərbaycan Respublikasının su ehtiyatları 30,9 km3 təşkil edir və bunun təqribən 70%-i (20,3 km3) qonşu ölkələrin ərazisində formalaşır. Qeyd etmək lazımdır ki, bu çay suları ölkəmizə çirklənmiş vəziyyətdə daxil olur. Bütövlükdə Azərbaycan Respublikası su ehtiyatları məhdud olan ölkə hesab olunur. Hər bir nəfərə düşən çay sularının miqdarı 3219 m3/il təşkil edir. Əgər yalnız yerli su ehtiyatlarını nəzərə alsaq, onda bu rəqəm 1104 m3/il-ə bərabər olar. Ermənistan əhalisinin su təminatında əzəli Azərbaycan torpaqları böyük rol oynayır. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda çayların su ehtiyatının 81%-i Kəlbəcər rayonu ərazisində formalaşır. Eyni zamanda Ermənistanın əsas şirin su mənbəyi olan Sevan (Göyçə) gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının mənbəyi də bu rayonlardadır.

Ermənistan Respublikası Azərbaycan Respublikasının suverenliyinə qəsb edərək onun ərazisinin 20% hissəsini işğal etdikdən sonra transsərhəd su ehtiyatlarından Azərbaycana qarşı hidrodiversiya vasitəsi kimi istifadə edərək ölkədə süni ekoloji böhran yaradıb. Praktiki olaraq Ermənistan ərazisindən Azərbaycana istiqamətlənən transsərhəd çayların üzərində sutəmizləyici qurğular mövcud deyildir. Azərbaycan ərazisində formalaşan Tərtər, Tovuz, Xaçınçay çaylarının su mənbələri hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bölgələrdədir. Hər il 350 milyon m3 çirklənmiş su kütləsi Kür və Araz çaylarına axıdılmaqla hövzənin Oxçuçay, Arpaçay qolları Ermənistanın sənaye kimya müəssisələrindən tökülən tullantılarla çirkləndirilir. Tullantıların tərkibindəki neft məhsulları, fenollar, ağırmetallar Azərbaycanda əhalinin sağlamlığına, milli genofonda, ekologiyaya ciddi ziyan vurmaqdadır. Keyfiyyət göstəricilərinə görə ”çirklənmiş su” kateqoriyasına daxil edilən Qafan və Qacaran dağ-mədən, mis-molibden kombinatlarından, Metsamor Atom Elektrik Stansiyasından Araz çayına (Razdan qoluna) axıdılan emissiyanın (elektron ionlar) miqdarı kritik həddən dəfələrlə çoxdur. Bu amil heç şübhəsiz xarici kompaniyaların işğal zonasında həyata keçirdikləri geniş miqyaslı iqtisadi fəaliyyəti ilə əlaqəlidir. Məhz son beş ildir ki, Beytz Metal (Base Metal) Şirkətinin Drambon və Ağdərə ərazisində qızıl-mis əritmə müəssisəsi transsərhəd su axarlarını çirkləndirməkdə davam edir. Təsadüfi deyil ki, Cənubi Qafqazdakı çayların hədsiz çirklənməsi ilə bağlı 2016-cı ilin avqustunda Misir mətbuatı (“Yaşasın Misir”qəzeti) Yaponiyada “Fukusima 1” AES-də baş verən sızma ilə Metsamor AES-nin hazırkı vəziyyətini eyniləşdirərək onun Qafqaz, habelə dünya üçün potensial təhlükə mənbəyi olmasına dair həyəcanlı xəbərlər yayıb.

Hidrodiversiya xarakterli təhdidlərdən biri də işğal altında olan Dağlıq Qarabağ regionunda ərazisində yerləşən, ümumi su tutumu 560 milyon m3-ə çatan Sərsəng su anbarıdır (Ağdərə rayonu). 1976-cı ildə istifadəyə verilmiş həmin qurğu vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Goranboy rayonlarının təqribən 120 min hektara yaxın əkin sahələrinin suvarılması üçün istifadə edilirdi. Azərbaycanın ən hündür rezervuarı olan Sərsəng anbarı irriqasiya, hidroenerji, sel və daşqınlardan müdafiə məqsədi daşıyaraq regionun sutəchizatında önəmli rol oynayırdı. Hazırda ermənilərin Sərsəng su anbarı vasitəsilə müntəzəm şəkildə yaratdıqları süni daşqın və quraqlıqlar Azərbaycanın düzən bölgələrində ekoloji gərginliyə səbəb olmaqla yanaşı, əhalinin və kənd təsərrüfatı sahələrinin şirin suya olan tələbatının ödənilməsində ciddi çətinliklər törədir. Bundan başqa 125 metr hündürlükdə yerləşən bəndin qəzalı vəziyyəti ətraf rayonlarda yaşayan 400 min sakinin həyatını təhlükə qarşısında qoyur.

Ermənistanın bu fəaliyyəti beynəlxalq normaların kobud surətdə pozulması olub, bəşəriyyətə qarşı cinayət törətmək anlamına gəlir.

Yeganə Baxşıyeva

AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı

Bağla X