Ucuz ətin şorbası və ya dəllallığı başımızda öyrənənlər... Ucuz ətin şorbası və ya dəllallığı başımızda öyrənənlər...

Paytaxtın kirayə bazarından REPORTAJ

Ucuz ətin şorbası və ya dəllallığı başımızda öyrənənlər...


Bakıda kirayə məsələsi həmişə aktul problemlərdən olub. İlk növbədə tələbə ordusunun əksəriyyəti paytaxtda təhsil aldığı, digər tərəfdən isə bölgələrdən işləmək üçün paytaxta üz tutan insanların sayı çoxaldığı üçün kirayə verilən evlərə də ehtiyacı artıb. Hazırda tədris ilinin başlanğıcı olmasa da, kirayə bazarlarında vəziyyət heç də ürəkaçan deyil.

Bunu paytaxtın kirayə bazarlarında biri və ucuz kirayə ev axtaranların ən çox üz tutduğu "Neftçilər" metrosunun yaxınlığında yerləşən və el arasında "makler bazarı" adlanan məkanda gedən "bazarlıqdan" da görmək olar.

Həm istirahət, həm də "iş" yeri...

Yəqin ki, paytaxt sakinləri buranı yaxşı tanıyırlar. Hətta bir çoxumuzun yolu da bura düşüb. "Bazar" açıq havada, burda yerləşən parkda fəaliyyət göstərir. Park demək olar ki, iki hissəyə ayrılıb. Bir tərəfdə istirahət edən insanlar, digər tərəfdə istirahət üçün istifadəyə verilən parkı "iş" yerinə çevirənlər. Adətən kirayə axtaran insan əvvəlcə "ev alqı-satqısı və kirayəsi" ilə məşğul olan ofislərə üz tutur. Bu ofislərdə qarşılaşdığımız xidmət yüksək səviyyədə olmasa da, hər halda ayaq üstə sövdələşməkdən daha yaxşı hesab oluna bilər. Buradakı bazarsa ucuz olduğu üçün insanlar daha çox bura müraciət edirlər. Maraqlısı isə park ərazisindən həm istirahət, həm də "iş" üçün istifadə edilməsidir.

Parkdakı səs-küyə baxmayaraq istirahət edənlər heç də narazı görünmürlər. 57 yaşlı Nisə xanım yaxınlıqda yaşadığı üçün tez-tez burada dincələməyə gəldiyini deyir. Ev dəllallarının yaratdığı hay-küydən xoşu gəlməsə də, onları başa düşdüyünü söyləyir: "Hamı bir parça çörəyinin əsiridir. Bu park istirahət üçün tikilsə də, neyləyək, onlar da çörək pulu qazanırlar. Nəsə deməyimiz də yaxşı çıxmaz". Dəllalardan birindən bu barədə soruşanda, sərt cavab verdi: "Gedin işinizlə məşğul olun".

"Ucuz ətin şorbası" və ya hamamsız evlər

Ev dəllalı olan Bəxtiyar deyir ki, bu bazar paytaxtın ən keyfiyyətli və ucuz ev bazarıdır. "Ucuz ətin şorbası" deyimini xatırlayaraq keyfiyyətlə ucuzluğu bir araya sığışdıra bilməsək də, dəllal dediyinin üstündə israrla durur. Onun sözlərinə görə, burada hər kəsin cibinə münasib ev tapmaq olar:

"Biri 100 manatlıq, başqası 300-400 manatlıq ev axtarır. Başqa yerlərdə 100 manata kirayə ev tapmaq mümkün deyil". Amma, kirayə ev axtaranların 100-150 manatlıq evlərə yaxın durmaq istəmədikləri də məlum idi.
Ev dəllalı Bəxtiyarla söhbət edən zaman kirayə axtaranlardan biri bizə yaxınlaşdı. O da əksər kirayəçi kimi, ucuz və şəraiti normal olan ev axtarırdı. Dəllalsa ona 150 manata hər bir şəraiti olan ev təklif edir, belə bir evi heç bir yerdə tapa bilməyəciyini inandırmağa çalışırdı. Bütün səylərindən bir şey çıxmayacağını görən dəllal yenidən mənimlə söhbətə qayıtdı.

Məni kirayə ev axtaran bildiyi üçün 150 manatlıq evi yenidən tərifləməyə başladı. Maraq üçün, evə baxmaq istədiyimi bildirəndə dəllal taksi çağırdı və belə şərt kəsdi ki, əgər evi bəyənib kirayələsəm, taksinin pulu ona verəcəyim xidmət haqqından çıxacaq. Yox, əgər kirayələməsəm, yolun haqqını özüm ödəməliyəm. Ona, taksi ilə deyil marşrutla getməyimizi təklif etdikdə özündən çıxaraq "indi mən işimi-gücümü atıb marşruta minməliyəm?" - dedi. Daha sonra bugünkü bazardan bir şey çıxmayacağını görən dəllal sonda marşrut təklifinə razılaşdı.

Gəldiymiz ev "Böyükşor" qəsəbində yerləşirdi. Bu evə "gecəqondu" demək daha düzgün olar. Bir həyətdə bir neçə kiçik, bir otaqlı evlər sıra ilə düzülmüşdü. Otaqların hər birinə güclə iki çarpayı qoyulmuşdu ki, onların hesabına hərəkət etmək demək olar ki, mümkün deyildi. Ən pisi isə həyətdə hamı üçün nəzərdə tutulan hamamın işləməməsi idi. Hamamın işləməməsini səbəb gətirəndə özündən çıxan dəllal bu qiymətə normal ev tapmağın çətin olduğunu deyərək getdi. Mən də "ucuz ətin şorbası"ndan dadmadan yenidən bazara qayıtdım.

Dəllalların alver "üsulu"

Kirayə ev tapmaqda haqqının ödənilməsi müqabilində köməklik göstərən ev dəllalları daha çox qazanmaq üçün müxtəlif üsullardan istifadə edirlər. "Bazar"dakı kirayə ev axtaranlara söhbətimizdə məlum oldu ki, dəllalların kirayə verilən evə baxmaq üçün taksi ilə getmələri birinci üsuldur. Onların parkın yaxınlığında müştəri gözləyən taksi sürücüləri ilə əvvəlcədən sövdələşmələri var. Belə ki, dallalın vasitəsilə sürücü kirayəçini kirayə verilən evə aparır. Əgər həmin insan evi bəyənib razılaşarsa sürücünün pulunu dəllal qazandığı puldan ödəyir. Əgər sövdələşmə baş tutmasa kirayəçinin sürücüyə ödədiyi puldan dəllala da pay çatır. İkinci üsulsa birincidən də betərdir.

Bu dəfə ən çox qazanan dəllalın özü olur. Bu üsulun əsasını isə xidmət haqqı təşkil edir. Onu da qeyd edək ki, buradakı dəllallar xidmət haqqı üçün 50 manatdan az pula yaxın belə durmaq istəmirlər. Birinci 50 manatı kirayə ev istəyəndən alan dəllal ikinci "əlliliyi" kirayə ev verəndən alır. Bu artıq yazılmamış qanuna çevrilib. Eyni zamanda, əgər ev 200 manatadırsa, dəllal onu birinci ay üçün 250 manata "satır". 50 manat da buradan qazanan dəllalın işi burada sonra başa çatır. Bunları bizə danışan Rasim kişi dəllal olmasa da, özü öz evini kirayə verdiyini deyir. Onun sözlərinə görə, dəllal "mafiyası" öz evlərini kirayə verənlərə imkan vermirlər.

Kirayə müqaviləsinin müsəlman "qaydası"

Əsas problemlərdən biri də kirayə evlərin verilməsi zamanı müqavilənin olmamasıdır. Bu isə kirayə qalan insanın sonradan bir çox problemlərlə qarşılaşması ilə nəticələnir. Bazarda kirayə ev axtaran tələbə Abdullayev Ruslan əvvəllər müqavilə bağlamadığı üçün belə problemlər yaşadığını deyir:

"Dərslər başlayanda bir ev kirayələdim. Sonradan ev sahibi ilə aramızda anlaşılmazlıq oldu və evdən çıxdım. Əsl həngamə də evi təhvil verəndə başladı. Ev sahibi evi təhvil alanda birdən-birə dedi ki, mənim evimdə televizor, soyuducu, nə bilim, müxtəlif əşyalar olub. Guya mən hamısını satıb, "yemişəm". Tələb elədi ki, hamısının pulunu verməliyəm. Verməsəm polisə müraciət edəcəyi ilə hədələdi. Sadəcə donub qalmışdım. Nəticədə uzun danışıqdan sonra tanışlar vasitəsilə yaxamı qurtara bildim. Sonradan fikirləşdim ki, müqavilə olsaydı bu cür problemlər də ortaya çıxmazdı. Müqavilədə ev əşyaları yazıldığı üçün ev sahibi də məndən artıq heç nə tələb edə bilməzdi".

Başına belə hadisə gəldiyi üçün o artıq müqaviləli ev axtardığını deyir. Amma, burada müqavilə ilə ev tapmaq çətindir. Bütün şərtlər sadəcə olaraq ayaq üstə razılaşdırılır, dəllallardan birinin dediyi kimi, "müsəlman qaydası" ilə. Hamımızın azərbaycanlı olduğumuzu əsas gətirən Firuz adlı dəllal müqavilənin "problemli məsələ" olduğunu deyir: "Bir-birimizi niyə aldatmalıyıq. Ev sahibi istəyir ki, kirayə qalan insan evini yaxşı saxlasın, vaxtında pulunu versin. Kirayə qalan insan da istəyir ki, normal şəraitdə yaşasın, heç kim onu bezdirməsin. Amma, müqavilə olanda, qoyulan vaxtdan tez evi tərk etmək olmaz. Bunun nəyi yaxşıdır. Mən neçə ildir bu işin içindəyəm, bilirəm ki, müqavilə tələb edən insanın özü düzgün adam deyil".

"Müqavilənin olmaması kirayə verən şəxslərin xeyrinədir"

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı AzNews-a açıqlamasında müqavilənin olmamasının kirayə verən şəxslərin xeyrinə olduğunu deyib. Çünki, evini kirayə verərək əldə etdiyi qazancdan vergi ödəməlidirlər: "Azərbaycanda kirayə verilən obyektlərin, evlərin əksəriyyəti fiziki şəxslərə məxsusdur. Kirayə müqaviləsinin bağlanmamasında ilk növbədə ev sahibləri maraqlıdır. Əks təqdirdə vergi ödəməlidirlər. Bu isə 14 faizlik bir vergidir ki, heç də az deyil. Təssəvür edək ki, 100 manatlıq evin 14 faizlik kirayəsi 14 manat, 1000 manatlığınsa 140 manat təşkil edir. Bu özlyündə böyük rəqəmdir. Eyni zamanda, "İcbari sığorta haqqında" qanun layihəsində daşınmaz əmlakın məcburi qaydada sığortalanması nəzərdə tutulur. Çünki sığortasız və qanunla qadağan olunduğu halda hələ də müqaviləsiz olan ev kirayəsi və alqı-satqısı zamanı dövlət büdcəsindən külli miqdarda vergi yayındırılır".


Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə 29 aprel 2010-cu il, 80 saylı qərarı isə hər iki tərəfin hüquqlarının pozulmasının qarşısını alır. Qərara əsasən kirayə zamanı xüsusi müqavilə forması doldurulmalıdır. Müqavilə formasında tərəflərin hüquq və vəzifələri, müqavilə üzrə ödəniş, məsuliyyət, müqavilənin şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi haqqında ətraflı qeyd edilir.
R.Osmanlı qeyd edib ki, qanunla hər şey tənzimlənir. Əsas məsələ bu qanunun işləyib, işləməməsidir:

"Düzdür son zamanlar dövlət tərəfindən neqativ hallara qarşı mübarizə gücləndirilib. Lakin, əsaslı şəkildə dəyişiklik olmalıdır. Hesab edirəm ki, ev dəllallarının fəaliyyəti haqqında yeni qanun qəbul edilməlidir".

Asif Nərimanlı
AzNews.az

image description image description image description image description