Zəminə Əliqızı: “Çalışıram ki, olmayan yerdən də informasiyanı tapıb verim” Zəminə Əliqızı: “Çalışıram ki, olmayan yerdən də informasiyanı tapıb verim”

“...Yorulmuşam və artıq təhdidlərə dözə bilmirəm”

Zəminə Əliqızı: “Çalışıram ki, olmayan yerdən də informasiyanı tapıb verim”



"Onlar belə danışmır" layihəsində budəfəki həmsöhbətimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızıdır.

- Zəminə xanım, günə hansı xəbərlərlə başlayırsınız?

- İş otağıma daxil olan kimi ilk işim bilgisayarı yandırmaq olur. İlk növbədə təhsillə bağlı xəbərlərdən məlumatlı olmaq üçün portallara baxıram. Düzdür, təhsillə bağlı xəbərləri demək olar ki, özümüz cəmiyyətə ötürürük, amma həm də bizim mənbədən yayılmayan xəbərlərdən məlumatlı oluruq. Düşünürəm ki, hansı qurumun ictimaiyyətlə əlaqələr şöbəsində işləməsindən asılı olmayaraq yalnız məşğul olduğun sahə üzrə informasiya toplamaq kifayət deyil. Dünyada, ölkədə, hətta mətbəxdə nə baş verdiyindən xəbərdar olmalısan. Qəribədir ki, Azərbaycan qadınlarının mətbəx söhbətləri bir müddət sonra gerçək olur. Adi bir misal çəkim. "Avroviziya"da Azərbaycanın qələbəsindən az sonra artıq mətbəx qadınlarımız söz - söhbət yaymışdılar ki, gələn il müsabiqə vaxtı məktəblər tez bağlanacaq. O zaman istirahətdə olmağıma baxmayaraq, hər gün bu barədə suallara cavab verməli olurdum. Bizdə informasiyanın dövriyyəyə buraxılması mənbələri müxtəlifdir. Əksər hallarda biz elə məişət səviyyəli mənbələrdən ötürülən informasiyaya münasibət bildirməli oluruq. Bu mənada hər şeydən məlumatlı olmalısan. Şagirdlərlə, müəllimlərlə, onların timsalında ailələrlə ünsiyyətdə oluruq. Bakıda 320 minə yaxın şagird, 30 min müəllim ordusu var. Onların hər birinin ailəsini 4 nəfərdən nəzərə alsaq bizim kontingentimizin nə qədər olduğunu təsəvvür etmək çətin deyil. Çalışıram ki, bütün kontingentimizi maraqlandıran xəbərlər nədirsə, hətta serial həvəskarı olmasam belə, seriallardan da məlumatlı olum.
Daha sonra isə dövrü mətbuatı oxuyuram. Prinsipim hər kəslə öz dilində danışmaqdır. Şagirdlə danışıramsa uşaqların, riyaziyyatçı ilə danışıramsa onun terminlərindən istifadə etməyə çalışıram. Qeyd etdiyim sayda kontingentlə ünsiyyətdəyəm, bu baxımdan idarənin simasıyam. Təəccüblü baxışlarla qarşılaşmağı sevmirəm, çox məlumatlı olmaq üçün günümün böyük hissəsini informasiya toplamağa sərf edirəm.

- Dediniz ki, hərə ilə öz dilində danışmağa çalışırsınız. Təhsilin ən böyük problemlərindən biri olan reket jurnalistlərlə hansı dildə danışırsınız?

- Bilirsiz, mən televiziyada da, qəzetdə də işləmişəm.
Təhsil İdarəsi yaranandan 2 ay sonra biz artıq reket jurnalistika ilə mübarizəyə qalxdıq. 7 il bundan əvvəl idi. Hər şeyi gözümün önünə almışdım. Bilirdim ki, reket jurnalistlər seçdikləri hədəfi peşəkar nöqteyi - nəzərdən "vurmağa" çalışmırlar. Ünvanıma təzyiqlər, təhdidlər oldu. Psixoloji cəhətdən buna hazır idim. Günlərin birində sadəcə, təhdidlərdən, hədyanlardan yorulmuşdum, məhkəməyə müraciət etmək niyyətində deyildim. Çox yaxın dostuma etiraf etdim ki, yorulmuşam və artıq təhdidlərə, hədyanlara dözə bilmirəm. Bağırmaq istəyirəm ki, onların dediklərinin mənə heç bir aidiyyəti yoxdur. Dostum dedi ki, sən Gülbahar Məmmədovanı tanıyırsan? Dedim ki, yox. Düşündüm ki, mən nə hayda, bu Gülbahar Məmmədova kimdir axı? Dostum dedi ki, heç mən də tanımıram. Amma Zəminə Əliqızı yavaş - yavaş tanınır. Əgər sən Gülbahar Məmmədova olmaq istəyirsənsə, otur evdə bozbaş bişir. Zəminə Əliqızı olmaq istəyirsənsə, başladığın işi davam etdir. Reket jurnalistikasına qarşı başladığımız mübarizə ilk işimiz idi və yaxşı ki, o vaxt məsələni Mətbuat Şurası səviyyəsində ictimailəşdirə bildik. Sonralar artıq reket jurnalistlər mənimlə başqa dildə danışmağa başladılar. Bu dəfə təhdid yox, xahiş dilində.
Onlara başa saldıq ki, təhsil ocağı sizin üçün gəlir mənbəyi ola bilməz. Demirəm ki, tamamilə problemi həll etmişik, yox. Reket jurnalistika yeniləşib. İndi artıq internetləşib, əllərinə kamera alırlar, portal yaradırlar. Yaxşı ki, artıq Mətbuat Şurasında bununla bağlı xüsusi komissiya yaradılıb. Bu mübarizə kompleks şəkildə aparılmalıdır. Bəzi adamlar başa düşməlidirlər ki, təhqir, təhdid yolu ilə nəyəsə nail olmaq mümkün deyil. Ümid edirəm ki, münasibət dəyişəcək, amma hələ ki, tam olaraq problemin həllinə nail olmamışıq.

- Dediniz ki, əvvəllər mətbuatda işləmisiniz. Bu təcrübə indiki işinizdə sizə kömək olurmu?

- Mən təsadüflərə inanmıram, həyatda təsadüf olmur. Hər şeydə bir zərurət var. Tanrı insana qısa bir ömür verir. Göz qırpımı kimi sürətlə ötən bir ömür. Bu dünyada hər kəsin üzərində bir missiya var. Əvvəllər ayrı – ayrı mətbu orqanlarda çalışarkən bu təcrübənin mənə nə vaxtsa lazım olacağını düşünmürdüm. Düşünürəm ki, insan həyatı boyu qazandıqlarından yaşadığı cəmiyyətin xeyri naminə istifadə etməlidir. Məsələn, televiziya jurnalistləri ilə rahat işləyirəm. Bəzən kameranın qarşısına ağ vərəq qaldırıb operatorun balansını tuturam. Bəzən də təəccüblü baxışlarını görürəm. Amma hiss edirəm ki, onlara da mənimlə işləmək rahatdır. Harada, necə dayanım, neçə saniyə danışım ki, sonra həmin jurnalist montaj otağında saatlarla oturmasın. Televiziyada işlədiyimdən bunu bilirəm. Bu gün də özümü jurnalist sayıram. İşimi davam etdirirəm. İdarənin mətbu orqanının baş redaktoruyam. O mənada jurnalistləri başa düşürəm, hərdən mənə xəbər üçün zəng edəndə zarafatla deyirəm ki, sizin üçün qonorar mənbəyiyəm? Başa düşürəm ki, onlar xəbərin kökündə qonorarlarını da düşünürlər. Bu baxımdan çalışıram ki, olmayan yerdən də informasiyanı tapıb verim.

- Amma həm də gündəmi dəyişməyi bacarırsınız axı...

- Ola bilər. Amma özüm haqqında bunu desəm təvazökarlıq olar. Jurnalist kimi bilirəm ki, bir mövzunu təqdim etmək, ictimailəşdirmək, gündəmdə saxlamaq, gerçəkləşdirmək üçün nə etmək lazımdır. Bunun mexanizmini bilirəm, buna görə də hərdən gündəmə özüm mövzu verirəm. Olur ki, bir mövzunu ictimai rəyi öyrənmək üçün özümüz gündəmə gətiririk. Biləndə ki, ictimai rəy onun xeyrinə deyil geri çəkilirik. Vahid məktəbli geyimindən sonra müəllimlər üçün vahid geyim üzərində düşündük. Bunun kütləvi olub - olmayacağını araşdırmaq istəyirdik. İctimai rəyi biləndən sonra başa düşdük ki, indi zamanı deyil. Müəllimlərin geyiminə nəzarət olmalıdır. Amma vahid geyimin zamanı hələ çatmayıb. Ona görə də bu məsələdə geri çəkildik. Eyni zamanda cəmiyyət və müəllimlər bildi ki, müəllimin geyiminə nəzarət var, birmənalı olaraq qadın müəllimlər bu gün şalvarla, xüsusən də dar şalvarla şagird qarşısına çıxmırlar.

- Hər bir mətbuat xidmətinin rəhbəri təmsil etdiyi orqanın üzüdür. Bu baxımdan sizin üzünüz nə rəngdədir?

- Öz rəngində. Komandamız başda Nailə Rzaquliyeva olmaqla kifayət qədər peşəkar komandadır. Bəzi həmkarlarım var ki, informasiyanı rəhbərliklə razılaşdırmadan mətbuata ötürməkdə problemlər yaşayırlar. Nailə xanım bizim İdarədə çox demokratik mühit yaradıb, hər bir məsələ barədə məlumatlıdır və heç bir vaxt hansısa yeni təşəbbüsün qarşısına sədd çəkmir. İdarəmizdə səmimi bir aura yaradıb. Bir - birimizlə böyük bir ailənin üzvləri kimiyik. Prinsipial məqamlarda kifayət qədər güclü bir təşkilatın komanda üzvləriyik. İndi insanlar kimin necə olduğunu çox gözəl bilirlər. Kim bizi hansısa rəngdə görürsə, bu o demək deyil ki, biz həmin rəngdəyik. Sadəcə, həmin adamın gördüyü rəng odur.

- Zəminə xanım, mətbuatda dostlarınız çoxdur. O şəxslərdənsiniz ki, sizə qarşı hansısa hücumda mətbuat həmin tərəfə qarşı birləşə bilir. İnformasiyanı ötürəndə dostlarla qeyri - dostlar arasında seçimi necə aparırsınız?

- Eksklüziv informasiyalar yayanda məsələyə dostlar və ya qeyri - dostlar nəzərindən yanaşmıram. Eksklüziv məlumat dərhal reaksiyasını gözlədiyimiz, operativ şəkildə ötürüləcək məlumatdır. Bu zaman seçimi daha populyar portala veririk. Bu istiqamətdə dünən başqa bir portal, bu gün başqası ola bilər. Bir yerdə qərar veririk. Birmənalı olaraq seçimi agentliklər arasında aparırıq. Qəzet bu baxımdan çevikliyini itirib. Portala 24 saatın hansı saatında xəbər yerləşdirsən reaksiya gəlir. Hansı agentliyin daha çox oxucu auditoriyası varsa, onu seçirik. Özümü xoşbəxt sayıram ki, Azərbaycanda yaranan hər yeni mətbuat orqanında tanıdığım insanlar var. 1995 - ci ildən mətbuatdayam, uzun müddətdir. Bu illər ərzində bütün sahələrdən yazmışam, münasibətlər artıq yaranıb. Düşünürəm ki, mətbuat nümayəndələri də mənim timsalımda özlərinə yaxın adamı görürlər. Təhsillə bağlı hansısa narahatlıqları varsa, ilk növbədə məni arayırlar. Son zamanlar hətta övladlarının təhsili ilə də bağlı məsləhətləşirlər.

- Bu zamana qədər rəhbərlik tərəfindən bağışlanmayan ən böyük səhviniz hansı olub?

- Elə xarakterli adamam ki, bir addımı atmazdan əvvəl yüz dəfə ölçüb - biçirəm. Məsləhətləşdiyim adamlar bu sahədə kifayət qədər təcrübəli adamlardır. Qərarı ötəri, emosional şəkildə vermirəm. 7 ildir işləyirik, insan səhvsiz olmur. Öyrəndiklərim səhvlər üzərində öyrəndiklərimdir. Bağışlanmayan səhvimin olmadığını düşünürəm. İlk vaxtlar məktəblərdən gələn xəbərlərə çox həssas yanaşırdım. Sonralar başa düşdüm ki, 1500 şagirdin təhsil aldığı məktəbdən hansısa xəbərin gəlməsi təbiidir.

- Mətbuat xidmətlərinin rəhbərləri təmsil etdikləri qurumun rəhbərinin həm də çıxışlarını hazırlayan şəxs olurlar. Bu sizin də funksiyanıza daxildir?

- Nailə xanım ictimaiyyətin qarşısında tez - tez çıxış etməyə meylli insan deyil. Amma açıqlama verərsə, hər çıxışı rezonans yaradır. İdeyaları ilk olaraq Nailə xanım irəli sürür. Biz komanda olaraq hər bir addımımızı məsləhətlə həyata keçiririk. Hər bir tədbirimiz yaradıcıdır. 7 il ərzində BŞTİ - nin təşkil etdiyi bütün tədbirlər təhsil hadisəsi olub. Biz tədbir xətrinə tədbir keçirməmişik. İlk dəfə təhsil sərgisi, müəllimlər günündə konsert, Məzun günü, Heydər Əliyev sarayında konsert təşkil etdik. İlklərin sayını artıra bilərik. Gündəmə gətirdiyimiz hər bir məsələdə ilk olmağı sevirik. Bu ilk növbədə komandamızın rəhbərinin peşəkarlığından irəli gəlir. Bu komandada yaşca hamıdan kiçik mənəm. Nailə xanım mənə ailənin ən kiçik üzvü kimi yanaşır. BŞTİ bizim üçün ikinci evdir. Xoşbəxt o adamdır ki, işinə də. evinə də tələsir. Mən bu baxımdan xoşbəxtəm.

-Ailə, iki uşaq, iş, tədbirlər - bütün bunları necə tənzimləyirsiz?

- Çox çətindir. Əslində Azərbaycanda ictimai qadın kimi yetişmək çətindir. Anayam, övladam, bacıyam, sektor müdiriyəm, baş redaktoram, öz işçilərimin rəhbəriyəm. Düşünmürəm ki, hansındasa yarımçığam. İşdə sektor müdiri, evdə ana, cəmiyyətdə dövlət məmuru oluram. Evin qapısından içəri girəndə özümü artıq sektor müdiri kimi aparmıram, baxmayaraq ki, telefonum 24 saat açıqdır. Övladlarım dünyaya gələnə az qalmış evdə oturmuşam, az sonra da işə çıxmışam. Hətta ikinci övladımı dünyaya gətirəndə çoxları təəccüblənirdi ki, bu nə vaxt baş verdi? İşimdə boşluq yaranmasına imkan verməmişəm.

- Nazirliklərdə, dövlət orqanlarında rəsmidən əlavə bir də qeyri - rəsmi bir bölgü var. Məsələn, nazirin sağ əli, düşünən beyni, danışan dili kimi bölgülər var. Bu baxımdan Zəminə Əliqızı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, idarə müdirinin nəyidir?

- İnsan orqanları baxımından özümü heç bir şəkildə görmək istəmirəm. Mən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiriyəm.

Elnarə Əlosmanqızı
AzNews.az