Günel Səfərova, "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova, "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru

Müasir gəncə nə lazımdır?

Günel Səfərova, "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Azərbaycan gəncliyi yeni mərhələdə

Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 26 il bundan öncə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.

Gəncliyin yeni strategiyası

Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Gənc nəslin fəaliyyətinin ana xətlərindən biri də könüllülük hərəkatı ilə bağlıdır.

2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində könüllülük daha böyük vüsət alıb. Ümumiyyətlə isə, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdadır. Son illər Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev”ləri də gənclərin maraq dairəsinin genişləndirilməsi, asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.

İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərir. Bu amillərin yaratdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Ekspertlərin fikrincə, Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində təcrübə və müsbət tendensiyaların əldə edildiyinin dünya birliyi tərəfindən etirafı sayılmalıdır.

Sadalanan amilər növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, müstəqilliyin şüurlu dərk edilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər birmənalı şəkildə qeyd edirlər ki, gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirlərin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.

Dövlət proqramının əsas hədəfləri

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı özündə bütün bu məqsədlərə çatmağın əsas hədəflərini ehtiva edir. Sənəd yeni dövrün gənclərinin fəaliyyət strategiyası da adlandırıla bilər. Proqram Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb və qarşısına ciddi vəziflər qoyur. Məsələn, proqram ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək kimi məqsədlərin həyata keçirilməsini prioritet élan edir. Burada əsas vəzifələr sırasında gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, sağlam həyat tərzi, narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması və digərləri göstərilə bilər.

Sənəd həmçinin gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığı və iştirakının stimullaşdırılmasını, könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsini, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsini, gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsini nəzərdə tutur.

Çağdaş dövrün çağırışları Azərbaycan gənci qarşısında informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, istedadlı və yaradıcı gənclərlə işi daha effektiv və ünvanlı qurmaq, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərini hazırlamaq və yayımlamaq kimi tələbləri də qoyur. Son illər aparılan tədqiqatlar göstərir ki, gənc nəsil nəinki bu hədəflərə çatmaq üçün can atır, üstəlik, yeni dövrün tələblərinə adaptasiyanı təmin edəcək qanunvericilik bazasının möhkəmləndirilməsinə yaxından dəstək verməyə hazır olduğunu bəyan edir.

Dövlət proqramının həyata keçirilməsi üzrə hazırlanan tədbirlər planında bir neçə mühüm istiqamət göstərilir. Onlardan biri və daha vacibi gənclərin vətəndaşlıq və vətənpərvər təbiyəsidir. Bu istiqamət qarşıya aşağıdakı vəzifələrin həyata keçirilməsini qoyur:

-Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi,
-Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi,
-Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması,
-Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi,
-"Gənclər Evləri”ndə interaktiv vətənpərvərlik guşələrinin yaradılması,
-Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ edən layihələrin həyata keçirilməsi,
-Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə diyarşünaslığın inkişaf etdirilməsi,
-Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsi və s.

Ekspertlər bəyan edirlər ki, milli kimliyindən irəli gələn vətənpəvərlik duyğuları onsuz da hər bir Azərbaycan gəncinə xasdır, bununla belə, ölkəyə daxil ola biləcək yad stereotiplər və elmi-texniki tərəqqinin zərərli vərdişlərindən gəncləri qorumaq üçün dövlət və ictimai təşkilatlar birgə səylər göstərməli, gənclərin psixologiyasına müsbət təsir göstərəcək nümunələr təqdim olunmalıdır. Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu indiki dövrdə bu amil həlledici rol oynayır.

Müasir gəncə nə lazımdır?

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi xüsusi yer tutur. Qloballaşma prosesi və mədəniyyət arasında fərqlərin sürətlə aradan qalxdığı, milli identikliyin qorunmasının xeyli mürəkkəbləşdiyi indiki dövrdə gənc nəslin narkomaniya, alkoqolizm və digər mənfi təsirlərdən uzaq qalması, infeksion və qeyri-infeksion xəstəliklərdən müdafiəsi, psixoaktiv maddələrin qəbulunun qarşısının alınması həyati bir məsələ kimi qarşıya çıxır. Bu məqsədlə müvafiq dövlət qurumları qarşısında maarifləndirmə tədbirlərinin aparılması ilə bağlı vəzifələr qoyulur.

Mühüm istiqamətlərdən biri də sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsidir. Bundan başqa, bu kateqoriyadan olan gənclərin mədəni kütləvi idman tədbirlərinə cəlb edilməsi gənclərə diqqət və qayğının təzahürü kimi qiymətləndirilə bilər.

Azərbaycan dövləti gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində də əhəmiyyətli addımlar atır. Son zamanlar təkcə paytaxtda deyil, regionda yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər görməkdədir. Bu sahədə yardım yalnız maddi xarakter daşımır, gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili də məşğulluq problemlərinin həllində özünəməxsus rol oynayır. Ölkə üzrə təşkil edilən əmək yarmarkalarında gənc nəslin nümayəndələrinin işlə təmin olunması üçün geniş imkanlar yaradılır. Xüsusilə, bölgələrdə bu problemlər daha ciddi şəkildə həll olunur ki, gənclərin miqrasiyası baş verməsin. Şübhəsiz, bu zaman ayrı-ayrı müəssisə və təşkilatlarda gənclər üçün müəyyən edilmiş kvota əsasında onların işə düzəlmələrinə dövlət nəzarəti gücləndirilməlidir. Çünki, bəzi hallarda sahibkarlar tərəfindən gənclərə laqeydlik nümayiş etdirilir və bu da onların biznes sahəsinə olan inamını xeyli sarsıdır.

Bu gün ölkədə çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatların qarşıya qoyduğu hədəflər sırasında gənc nəslin nümayəndələrinin ictimai həyatda iştirakını dəstəkləmək mühüm yer tutur. Bu məqsədlə dövlət proqramında bir sıra strateji vəzifələr müəyyən edilir. Belə ki, yaxın zamanlarda Azərbaycan Gənclərinin VIII və IX Forumlarının keçirilməsi nəzərdə tutulur. Bundan başqa, müsabiqə yolu ilə ölkənin "Gənclər Paytaxtı”nın müəyyən edilməsi, seçki prosesi və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili, gənclər təşkilatlarının fəaliyyətinin təşviqi, bu kateqoriyadan olanlar arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi və digər tədbirlər son nəticədə gənc nəslin ictimai proseslərdə aktivlik dərəcəsini xeyli artırmalıdır. Xüsusilə, könüllülük fəaliyyəti daha çox aktuallıq kəsb edir. Çünki bir neçə il ərzində Azərbaycanda təşkil edilən bir sıra mühüm tədbirlər, festivallar, simpoziumlar, habelə, idman və musiqi yarışları ölkə gəncinin vətənə sevgi və bağlılığını ortaya qoyub. Belə ki, gənc nəslin nümayəndələri ölkəmizin adının ucalacağı və xalqımız haqqında müsbət rəyin yaradılacağı həmin kütləvi tədbirlərdə özlərini ən yaxşı tərəfdən göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini nümayiş etdirdilər. Bu, onların tək dövlət deyil, həm də vətən qarşısında bir xidməti oldu.

Beynəlxalq əməkdaşlıq və gənclər

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının önəmli istiqamətlərindən biri də gənclərin beynəlxalq əməkdaşlığının gücləndirilməsindən ibarətdir. Bu sahədə qarşıya qoyulan əsas hədəf beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığının genişləndirilməsinə nail olmaqdır. Ekspertlər müxtəlif təklifər səsləndirirlər. Həmin təkliflər dövlət proqramında da əksini tapır. Məsələn, Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi, xarici ölkələrdə "Azərbaycan Gəncləri Günləri” və Azərbaycanda "Xarici Ölkələrin Gənclər Günləri”nin təşkili, habelə, beynəlxalq təşkilatlarda gənclərin təcrübə keçmələrinin dəstəklənməsi nəzərdə tutulan məqsədlərə çatmaq üçün mühüm faktorlar hesab olunur.

Dövlət proqramı gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi sahəsində də təxirəsalınmaz vəzifələr müəyyənləşdirir. Gənc nəslin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələr hazırlanmalı, gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələr təşkil edilməlidir. Məhz bu yolla onların sosial təşəbbüskarlığını artırmaq və innovativ təfəkkürünü inkişaf etdirmək mümkün olacaq. Mütəxəssislər belə hesab edirlər ki, gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaqda televiziyaların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, televiziya kanalları gənclərdə innovativ düşüncə tərzinin formalaşmasına xidmət edəcək proqramlar hazırlamalı və onların intellektual potensialının üzə çıxmasına yardım göstərməlidir. Azərbaycan dövləti bu gün elmə böyük vəsait qoyur, başqa sözlə desək, ölkəmizdə insan kapitalı faktoruna ciddi önəm verilir. Azərbaycanın milli iqtisadiyyatının inkişafına dair qəbul edilən yol xəritələrində ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına" keçidin təmin edilməsi nəzərdə tutulur. Bu keçidin uğurla reallaşdırılmasında, şübhəsiz, gənclərin əvəzolunmaz rolu olacaq.

Beləliklə, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritetləri ölkə gəncliyinin fəaliyyət strategiyasını müəyyənləşdirir. Artıq bu gündən gənc nəsil onun qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün bütün gücünü və resurslarını işə salıb. Dünyada mürəkkəb siyasi proseslərin getdiyi və Azərbaycan torpaqlarının 20 faizinin hələ də düşmən işğalında olduğu bir dövrdə gənc nəslin öz potensialını maksimal şəkildə ortaya qoyması qaçılmazdır. Bu məqsədlə dövlət üzərinə düşən öhdəliyi yerinə yetirir. Beləki gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması üçün mühüm tədbirlər görülür, gənclərə geniş fəaliyyət azadlığı təmin olunur. İndi əsas məsələ ölkə gəncinin vətən və dövlət qarşısındakı məsuliyyətini lazımincə dərk edərək bu imkanlardan bacarıqla yararlanmasından ibarətdir.