Vergi orqanlarında işə qəbulla bağlı müsabiqəyə yekun vuruldu

Vergilər Nazirliyi vergi orqanlarına işə qəbul olunmaq üçün növbəti müsabiqəyə yekun vurub.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 2 367 nəfər qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət edib, onlardan 229 nəfərin ərizəsi yaş həddi və ixtisasları uyğun olmadığından qəbul edilməyib, 2 138 nəfər isə test imtahanına buraxılıb.

Test imtahanında iştirak edən 1 716 nəfərdən 541-i növbəti mərhələyə buraxılıb: "Müsabiqənin növbəti mərhələsi namizədlərlə müsahibədən keçən 290 nəfər namizəd Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilib və tezliklə onların vakant iş yerlərinə yerləşdirilməsinə başlanacaq".

Hazırda Ərazi Vergilər İdarələri və Rayon Vergilər Şöbələri də daxil olmaqla vergi xidmətində 42 vakant vəzifə var. Müsabiqənin hər iki mərhələsini uğurla başa vurmuş namizədlər müvafiq sənədlərini Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) göstərilmiş qrafik üzrə Nazirliyə təqdim etməlidir.

AzNews.az