06:06
(077) 610-22-33

Azərbaycanın BMT-dən komissiya tələbi

  • >
421 26 Fevral 2013 12:31 | Cəmiyyət

Xələf Xələfov: “Beynəlxalq tanınma ədalətə xidmət edəcək”





BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 25-28 fevral tarixlərində keçirilən Yüksək Səviyyəli Seqmentin ilk günündə Xələf Xələfov çıxış edib.

Xələf Xələfov Azərbaycan Respublikası ilə BMT İnsan Hüquqları Şurası arasında mövcud əməkdaşlıq əlaqələri haqqında danışıb və İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikası Hökumətinin ikinci dövri milli hesabatına 2013-cü ilin 30 aprel tarixində baxılacağını bildirib. O, çıxışında həmçinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal faktı və onun ağır nəticələri haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu günlərdə Azərbaycan xalqının dərin kədər və hüzn ilə Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etdiyini nəzərə çatdıran Xələf Xələfov, müxtəlif ölkələrdən tədbirdə iştirak edən yüksək vəzifəli şəxslərə Xocalı soyqırımının mahiyyətindən, azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğının bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmasından bəhs edib və beynəlxalq tanınmanın ədalətə xidmət edəcəyini vurğulayıb. Xələf Xələfov bu xüsusda İnsan Hüquqları Şurasını Xocalı soyqırımı üzrə faktların baxılması və qiymətləndirilməsi məqsədilə Xüsusi Komissiya yaratmağa çağırıb.

Xələf Xələfov səfər çərçivəsində Vyetnam Sosialist Respublikasının xarici işlər naziri Fam Bin Min və Özbəkistan Respublikası Milli İnsan Hüquqları Mərkəzinin sədri Akmal Saidov ilə də ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında münasibətlərin mövcud durumu və əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bağla X