22:18
(077) 610-22-33

ANS AzNews.az-ı niyə məhkəməyə verdi?

  • >
299 26 Fevral 2013 13:05 | Cəmiyyət

Bizim yaydığımız informasiyanı ANS rəhbərliyi özü təsdiq etmişdi...



Məlum olduğu kimi ANS Şirkətlər Qrupuna daxil olan "ANS PRESS Nəşriyyat evi" MMC "Yeni Müsavat" qəzetini və AzNews.az saytını məhkəməyə verib. Məhkəmə iddiasına isə ANS PRESS-ə aid olan jurnalların bağlanması ilə bağlı xəbər səbəb olub. Yazıda "Hesabat" və "El" jurnallarının nəşrini dayandıracağını bildirilirdi.

Qeyd edək ki, bu xəbəri AzNews.az xəbər portalı yayıb və bundan sonra "Yeni Musavat" qəzeti öz əlavələrini də etməklə həmin yazını dərc edib. Həmin xəbərdə isə teleşirkət rəhbəri Vahid Mustafayev işçilərlə keçirdiyi toplantıda dərgiləri sərt şəkildə tənqid edib və bu layihələrin özünü doğrultmadığına görə bağlana biləcəyi qeyd olunmuşdu.

Maraqlıdır ki, bundan sonra ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Modern.az-a açıqlama verərək yazdığımız informasiyanı təsdiqləmişdi. Belə ki, o açıq şəkildə "Hesabat" və "El" jurnallarının bağlanacağını bildirmişdi:

"Bu mümkündür. Jurnallar açılır, bağlanılır. Yenilik hər yerdə, o cümlədən jurnalda, qəzetdə, saytda da lazımdır. Bunlar bağlandıqdan sonra nə isə açılacaq, lakin bu haqda hələ dəqiq məlumat yoxdur".

(""Hesabat" və "El" jurnallarının bağlanacağı təsdiqləndi" başlıqlı yazının tam mətnini bu linkdən oxuyun: http://modern.az/articles/33288/1/)

Göründüyü kimi, "Hesabat" və "El" jurnallarının bağlana biləcəyini elə ANS-in öz əməkdaşı təsdiqləyib. Üstəlik, bu barədə məlumatlar digər mətbu orqanlarda da çap olunmuşdu. Belə olan halda isə ANS-in AzNews.az saytını məhkəməyə verməsi başadüşülən deyil.

Sonda bildirək ki, "ANS PRESS Nəşriyyat Evi" MMC məhkəmə iddiasında AzNews.az saytından 100 min manat, "Yeni Müsavat" qəzetindən isə 20 min manat təzminat, eləcə də, hər iki cavabdehdən təkzib tələb edir
Bağla X