Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzindəki konfransda bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq etdi. Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzindəki konfransda bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq etdi.

Məmur övladları: Kim nə işlə məşğuldur?

Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzindəki konfransda bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq etdi.



"Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

Sözügedən konfrans Azərbaycanda yüksək vəzifələr tutan şəxslərin övladlarını necə deyərlər, gündəmə gətirdi. Əlbəttə, ölkə başçısının iradları bütün məmur övladlarına yönəlməmişdi. Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin övladları arasında da nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Modern.az saytının əməkdaşı Azərbaycanda mərkəzi icra hakimiyyətlərinə - nazirlik və komitələrə rəhbərlik edən məmurların övladlarının hansı işlərdə çalışdığı, harada təhsil aldığını araşdırmağa çalışıb.

Başlayaq Azərbaycanın ən güclü dövlət qurumlarından birinə - Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən Kəmaləddin Heydərovun övladlarından.

Fövqəladə hallar nazirinin iki oğlu var və onların heç biri məmur postu tutmur. Onlar kapitalları hesabına ictimaiyyət arasında biznesmen, iş adamı kimi tanınırlar. K.Heydərovun oğlanlarının hər ikisi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıblar.
Fövqəlnazirin böyük oğlu olan Tale Heydərov diaspor fəaliyyəti göstərən "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun prezidentidir. Tale Heydərov bir neçə dəfə gurultulu proyektlərilə medianın diqqətini cəlb edib. Ümumiyyətlə, Azərbaycan mətbuatı onun personasına daim maraq göstərir. Tale Heydərov hazırda Avropada-İngiltərədə yaşayır. O, "Avropa-Azərbaycan Cəmiyyəti"ni və "Qəbələ" Futbol Klubunu da elə oradan idarə edir. Tale Heydərov həm də "United Enterprises International" şirkətlər qrupunun İdarə Heyətinin sədridir.
T.Heydərov uğurlu diaspor fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə də təltif olunub.
Fövqəlnazirin kiçik oğlu Nicat Heydərov həmin "United Enterprises International" şirkətlər qrupunun sədr müavinidir.
Tale və Nicat Heydərovlar bu holdinqin sahibliyini bölüşən əsas şəxslər sayılırlar. Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır.

Azərbaycanda daha bir nüfuzlu nazirliyi idarə edən məmurun - nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar məmmədov Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılan ZQAN Holding-in Müşahidə Şurasının sədridir. Bu holdinqə tikinti, inşaat, nəqliyyat və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər daxildir.
Nazir oğlu həm də "Azərbaycan – Amerika Alyansı"nın təsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətilə məşğuldur.
Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. "Azərbaycan Qolf Federasiyası" İctimai Birliyi məqsədi qolf idman növünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir.
Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınıb. Ona görə də bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işləri Anar Məmmədova həvalə olunub.
Ziya Məmmədovun qızı Nigar xanımın hansı işdə çalışdığını öyrənə bilmədik.

Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.

Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Modern.az-a məlum olub ki, nazirin oğlu Arif Rəhimov tələbədir, İqtisad Universitetində təhsil alır.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iki övladı var və onların hər ikisi tələbədir. Nazirin oğlu Eldar Abbasov yerli universitetlərdən birində, qızı Ülkər Abbasova isə xaricdə təhsil alır.
Məlumatlara görə, nazirin oğlu 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində kurs keçərək leytenant hərbi rütbəsi alaraq Bakı korpusunda xidmət keçib və sonra ehtiyata buraxılıb.

Hökumətin əsas fiqurlarından biri, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev artıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildə Gənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə T.Mehdiyev turizm üzrə nazir müavini vəzifəsinə irəli çəkildi.
2011-ci ildə Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Baş nazirin birinci müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibidir.

Səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri - Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir.
Nazirin bir oğlu Tibb Universitetində tələbədir. O.Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin də üç övladı var. Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, Şahin müəllimin övladları təhsil alırlar, yəni işləyəcək yaşda deyillər.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bır qızı və bir oğlu var. Əli müəllimin oğlu Şamxal Həsənli "Kaspi Global" istehsalçı şirkətinin rəhbəridir. Bu yaxınlarda mətbuata məlumat verən Şamxal Həsənli bildirib ki, "Kaspi Global" istehsalçı şirkəti Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkir. Filmlərin hazılanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunub. "Aydın" və "Çaqqal nəfəsi" adlı çoxseriyalı filmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaq.

Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri Əli Həsənovun oğlu Emin Həsənov polis sistemində çalışır, zabit kimi məsul vəzifə tutur.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici İşlər Nazirliyində çalışır.

Modern.az-a məlum olub ki, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun üç övladı var: bir qız, iki oğlan. Nazirin qızı tələbədir, hazırda magist təhsili alır. H.Bağırovun oğlanları isə heç bir məsul vəzifə tutmurlar, onların hər ikisinin siravi işlərdə çalışdığı bildirilir.

Müdafiə naziri Səfər Əbiyev 2 övladı var. Onlardan biri Roman Əbiyev Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsində çalışır. Bundan əvvəl isə Roman Əbiyev Xəzər rayon Prokurorluğunda müfəttiş kimi çalışıb.

Yeri gəlmişkən, Xəzər rayon prokuroru Fəxri Ələsgərov Milli Məclisin sabiq spikeri, mərhum Murtuz Ələsgərovun oğludur. Onun qardaşı Fuad Ələsgərov isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir.

Mədəniyyət və turizim naziri Əbülfəz Qarayevin bir qızı var. Amma onun haqqında heç bir məlumat əldə edə bilmədik.

Təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. O, DİN-in Narkotiklə Mübarizə İdarəsində işləyir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiya elmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili və metodika kafedrasında dosent vəzifəsinində çalşır. Nazirin digər qızı Gül Mərdanova haqqında isə heç bir məlumat əldə edə bilmədik.

Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasına daxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çaılışır. İ.Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Nəcməddin Sadıqovun iki oğlu var. Məlumatlara görə, onlar Azərbaycanın müxtəlif ölkələrdəki diplomatik korposlarında çalışırlar.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da məmur oğludur. Onun atası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur. Pərviz şahbazov 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir.

Bunlar araşdırmamız nəticəsində məmurların övladları barədə əldə etdiyimiz məlumatların bir hissəsidir. Ardı olacaq...

AzNews.az