20:44
(077) 610-22-33

Boykot çağırışları ali məktəblərin işinə mane oldumu?

  • >
468 27 Fevral 2013 11:21 | Cəmiyyət

Azərbaycanda sosial şəbəkələrin birində 27 fevral tarixi Azərbaycan tələbələrinin boykot - Tələbə etirazı günü kimi elan edilib.APA-nın xəbərinə görə, tələbələr birləşməyə və haqqınıı tələb etməyə çağırılıb, təyin edilən tarixdə heç bir tələbənin dərsə girməməsi qeyd olunub.

Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorun müavini Rəşad Hüseynov APA-ya açıqlamasında deyib ki, universitetdə tədris çox yüksək səviyyədə davam etdirilir. Onun sözlərinə görə, hansısa sosial şəbəkələrdə tələbələrin boykota və ya etiraza çağırılmasının heç bir əhəmiyyəti yoxdur: "Bunların hamısı əsassız və mənasız çağırışlardır. Tələbələrin heç biri buna əhəmiyyət vermədən tədrislərini davam etdirirlər. Onların dərsə davamiyyəti hər zaman olduğu kimi yüksək səviyyədədir".

Bakı Slavyan Universitetinin Tərbiyə işləri üzrə prorektoru Oqtay Səmədov da APA-ya açıqlamasında qeyd edib ki, ali təhsil ocağında dərslər öz ahəngini ilə gedir: "Universitet də tələbələrin dərsə davamiyyətində heç bir problem yoxdur. Tələbələr bütün dərslərdə iştirak edir. Səhər hər bir qrupa daxil olaraq vəziyyətlə tanış oldum. Hətta tələbələrin özlərinin bugünkü boykotla bağlı məsələni birmənalı olaraq mənfi qarşılayıblar. Uşaqlar özləri belə fikir söylədilər ki, bu kampaniya təşkil edən şəxsin özünü əgər hansısa ali məktəbdə təhsil alırsa, oradan qovmaq lazımdır".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Mahmud Möhbalıyev isə APA-ya açıqlamasında deyib ki, universitet tələblərinin hər biri aktiv şəkildə təhsillərini davam etdirir: "Tələbələrin dərsə davamiyyəti yüksək səviyyədədir və onlar heç bir kampaniyaya qoşulmayıblar. Bu xəbər yayıldıqdan sonra universitetdə 10 fakültə üzrə 700 tələbənin iştirakı ilə iclaslar keçirilib və bütün iclaslarda hər kəs bu aksiyaya öz etirazını bildiriblər. Bu gün də tələbələr hər zaman olduğu kimi dərsə gələrək təhsillərini davam etdirirlər".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynova isə APA-ya açıqlamasında bildirilib ki, bu gün ölkənin bütün ali təhsil ocaqlarında tədris adi günlərdən biri kimi davam edir. Onun sözlərinə görə, tələblərin davamiyyətində adi günlərlə müqayisədə heç bir fərq və problem yoxdur.

Qeyd edək ki, bir müddət öncə Azərbaycanda sosial şəbəkələrin birində 27 fevral tarixi Azərbaycan tələbələrinin boykot günü - Tələbə etirazı günü kimi elan edilib. Səhifədə bu fikirlər qeyd olunmuşdu: "Bizə küçədə etiraz etməyə icazə vermirlərsə, biz də evdən çıxmadan etiraz edək! Tələbələri ilin bir günü də olsa, birləşməyə və haqqımızı tələb etməyə səsləyirik. Gənc və təhsilli nəsil - hər şey bizlərdən başlamalı! Təyin etdiyimiz tarixdə heç bir tələbə dərsə girməsin..."

AzNews.az
Bağla X