00:53
(077) 610-22-33

Qarışdıran sosial şəbəkələr, çaşdıran media… "Mavi balina" təhlükəsi

  • >
4 719 5 Dekabr 16:42 | Cəmiyyət

Mediamızın bu günkü gündəmi həddindən artıq qarışıqdır. Baş verən qatma-qarışıq hadisələrin çoxluğu, kriminal xəbərlərin bolluğu, nədirsə bilmirəm, baş verən hər xəbəri Krılovun qəhrəmanları kimi hər yazar bir yana dartır və xəta çıxardır. Nə xəta? …

Siz Allah, əl saxlayın!

Ağdaşda baş verən faciəli olay - rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Çingiz oğlu Adıgözəlovun intiharı ilə bağlı sosial şəbəkə və internet portallarında verilən yazılar, yazılan şərhlər əməlli başlı qarışıqlıq yaradıb. 12 yaşlı yeniyetmənin "Mavi balina” oyununun qurbanı olduğu aşkara çıxsa da, İsmayılın intiharına İslam dininin səbəb olduğu barədə yazılar bir-birini əvəzləyir. 12 yaşlı İsmayılın kənddəki molladan Quran dərsi aldığına görə intihar etməsi nə dərəcədə ağlabatandır?

Qurani-Kərimi oxuyanlar, İslam dinindən az-çox başı çıxanlar bilir ki, İslamda Allahın verdiyi cana qəsd etmək ən böyük günahdır və intihar edən insanlar yaradana asi olduqları üçün cəhənnəmlikdirlər. Əgər İsmayıl sidqi-ürəkdən Quranı öyrənsəydi, ən əsası, İsmayılın İslamı tədris edən müəllimi yaxşı olsaydı, çox güman ki,şeytani əməl olan “Mavi balina” tələsindən də qurtulmuş olardı.

Şagirdin ailəsindən, məktəb yoldaşlarından xəbərsiz belə təhlükəli oyunu oynaması və oyun qurbanına çevrilməsi müzakirə mövzusu olmalıdır, Quran dərsinə getməyi yox. Çünki, İsmayıl tək qurban deyil.

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun oğlu Aqşinin də “Mavi balina" adlı oyununun qurbanına çevrilməsi ürək dağladan faciədir. Diqqət bu amilə yönəldilməlidir - ailə-məktəb-cəmiyyət bu yönümdə həyəcan təbili çalmalıdır. Axı, oyunun qurbanları indi onlarla ölçülür!

Onsuz da bu günkü dünyamızda İslamın düşmənləri kifayət qədərdir. Son onilliklərdə islam ölkələrini elə bu ölkələrdə yaşayanların əlləri ilə qarışdırıb qan çanağına döndəriblər və baş verənlərin nəticələrinə də hamımız şahidik. Hamımız şahidik ki, İslam terror dini deyil, terrorçular İslam dinini gözdən salıb çirkin niyyətini din pərdəsi altında həyata keçirənlərdir. İslam intihar dini də deyil! Bu din terror kimi intiharı da rədd edir.

İsmayılın yazdığı məktuba gəlincə isə, görünür hətta şeytani ölüm belə onun Alaha inamını qıra bilməyib, son anlarında peyğəmbərinin yanına getməyi arzulayıb. Belə bir məktubu ermənilərin üstünə dirigözlü ölümə gedən Milli Qəhrəmanımız Mübariz İbrahimov da yazmışdı, valideynləri ilə halallaşarkən. "İnşallah cənnətdə görüşəcəyik“ demişdi və qəhrəmanın evində olanda o məktubu əlyazmasında şəxsən oxumuşdum…

Bu gün hər birimiz nəsə yazanda, paylaşanda onun sosial təsirini nəzərə almalıyıq - mütləq almalıyıq. Bu gün “Mavi balina” gəncliyimiz kimi dinimizə də təhlükədir - intihar saçdığı, şeytani ölümlərə yol açdığı üçün!

Esmira İsmayılova

Lənkəran

Bağla X