BP və onun tərəfdaşları Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinə başlayıb. BP və onun tərəfdaşları Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinə başlayıb.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında yeni təşəbbüs - Fotolar

BP və onun tərəfdaşları Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinə başlayıb.

AzNews.az xəbər verir ki, layihənin bu gün keçirilən təqdimat mərasimində bu barədə geniş məlumat verildi.

Bildirildi ki, layihə təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihənin əhatə etdiyi 100 iştirakçı ümumi təhsil alıb, həmçinin universitet və peşə məktəblərini yeni bitirmiş şəxslərdir.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıq qurulmasını nəzərdə tutur. Bundan əlavə, bir qrup biznes təşkilatı artıq 100 nəfər layihə iştirakçısına təcrübə və məşğulluq imkanları təmin etmək öhdəliyi götürüb. Layihə çərçivəsində bu fəaliyyətin idarə olunması üçün həmin təşkilatlardan ibarət rəhbər komitənin yaradılması planlaşdırılır. Layihəyə digər iş bilikləri ilə yanaşı, ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının öyrədilməsi də daxildir. İştirakçılar öz karyera istəklərinə uyğun olaraq ya vebsayt proqramlaşdırılması, dizayn, ya da tətbiqi proqramların, proqram təminatının hazırlanması üzrə təlimlər üçün qruplaşdırılacaqlar.

Layihənin məqsədi əlilliyi olan şəxslər üçün məşğulluğu artırmaqdır

Proqram çərçivəsində həmçinin motivasiya yaratmaq məqsədilə üç forum və əlilliyi olan tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin şəxslər öz uğurlu karyeralarını necə qurduqlarına dair təcrübələrini bölüşəcəklər.

Layihəyə cəlb ediləcək təlimçilər Xüsusi Təhsil Ehtiyacları üzrə Müəllimlərin Yetişdirilməsi təlimində iştirak edəcəklər. Bu proqram xüsusi, yaxud əlavə qurğuya ehtiyacı olan şəxslərə dəstək verilməsi, cəmiyyətə inteqrasiya və müxtəliflik tələb olunan hər hansı təhsil mühitində müəllimlərə kömək üçün nəzərdə tutulub.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirdi ki, bu layihə Azərbaycanda əlil şəxslərin iqtisadi baxımdan cəmiyyətə tam inteqrasiya olmasında tendensiya yaratmaq potensialına malikdir. Layihənin yekun məqsədi əlilliyi olan şəxslər üçün məşğulluğu artırmaqdır.

538 fiziki qüsurlu uşaq doğulub

Mərasimdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd etdi ki, Azərbaycan dövləti ilə yanaşı, BP kimi böyük bir təşkilatın Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiya olunmasında göstərdiyi bu təşəbbüs digər təşkilatlar üçün də bir örnək olacaq. Nazir hazırda əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlərin olduğunu da xatırlatdı:

“İşəgötürənlər əlilliyi olan şəxsləri bir sıra səbəbdən işə götürmürlər. Birincisi, onlarda belə bir qənaət formalaşıb ki, əlilliyi olan şəxslərin digərləri ilə müqayisədə məhsuldarlığı aşağıdır. İkincisi və ən vacib məqamlardan biri odur ki, onların işlə təminatı üçün əlavə xərc çəkməyə işəgötürənlərin həvəsi yoxdur. İşəgötürənlər bu xərclərin çəkilməsinə həvəslə getmirlər. Əlilliyi olan şəxslərin işlə təmin olunmasında biz cəmiyyət olaraq müəyyən dəyişikliyə getməliyik, onlara qarşı yanaşma dəyişməlidir”.

S.Müslümovun sözlərinə görə, bu ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud uşaq statusu verilmiş şəxslərin 15%-ini fiziki qüsurla doğulan uşaqlar təşkil edib. Bu dövr ərzində 538 fiziki qüsurlu uşaq doğulub. Bu, onunla əlaqədardır ki, qohumluq əlaqələri ilə evlənmələrin sayı hələ də çoxdur. Bundan başqa, erkən yaşda nikaha girən qızların sayı çoxdur.

Nazir vurğuladı ki, dövlət bu kimi hallara qarşı tədbirlər görür və görməyə davam edəcək:

“Bu, əsasən özünü 1 yaşına qədər olan uşaqlar arasında ölüm hallarının kəskin olaraq azalmasında göstərir. Bu da əlilliyi olan uşaqların sayının azalacağına ümidlərimizi artırır”.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərdə məşğulluq imkanlarını artıran bacarıqların yetişdirilməsi adlı bu layihə “British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək. Layihənin ümumi dəyəri 488 000 manatdır. 1 il müddətində icra olunacaq layihə 2018-ci ilin sonunda başa çatacaq.

Elgün Mənsimov
AzNews.az

image description image description