QHT sədrləri İlham Əliyevdən nə xahiş etdilər?

Bir qrup QHT rəhbəri prezident İlham Əliyevə açıq məktubla müraciət ediblər. Müraciəti imzalayan QHT sədrləri bildiriblər ki, Milli Məclis fevralın 15-də "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətinə ciddi problemlər yarada biləcək əlavə və dəyişiklikləri qəbul edib. Müraciət müəllifləri prezidentdən bu dəyişiklikləri imzalamamağı xahiş ediblər.

Müraciətdə deyilir:

"Diqqətinizə çatdırmaq istərdik ki, Milli Məclis fevralın 15-də keçirilən iclasında "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", qanunlara və İnzibati Xətalar Məcəlləsinə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətinə ciddi problemlər yarada biləcək əlavə və dəyişiklikləri qəbul edib. Bu dəyişikliklər imzalanması üçün Sizə təqdim edilib və ya ediləcəkdir.
Bu müraciətimizin əsas məqsədi Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri olaraq Sizdən bu dəyişiklikləri imzalamamağı xahiş etməkdir. 2012-ci il iyulun 2-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənov vətəndaş cəmiyyətini təmsil edən çoxsaylı şəxslərlə görüş keçirmişdi. Görüş zamanı Həsənov bu görüşün Sizin təşəbbüsünüzlə keçirildiyini və görüşün əsas məqsədinin həm QHT-lərin öz problemlərinin, həm də QHT-lər tərəfindən bu və ya digər məsələlərlə bağlı qaldırılan problemlərin həlli olduğunu bildirmişdi. Görüş zamanı çıxış edən QHT nümayəndələrinin əksəriyyəti QHT-lərin fəaliyyəti üçün mövcud vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı təkliflər daxil olmaqla 80-dən artıq təklif irəli sürmüş, cənab Həsənov bu təkliflərin hər birinin qeyd edildiyini və onların həlli istiqamətində fəaliyyətin həyata keçiriləcəyini vurğulamışdı.
Qeyd edilən görüşdən 7 aydan artıq bir müddət keçsə də, səsləndirilən təkliflərin nəinki reallaşdırılması, heç müzakirəsi də həyata keçirilməmişdir. Bu gün yuxarıda qeyd edilən qanunlara edilən əlavə və dəyişiklikləri imzalamamaqla ötən ilin iyulunda Sizin təşəbbüsünüzlə başlanmış dialoqu səmərəli şəkildə davam etdirmək mümkündür. Hesab edirik ki, bu əlavə və dəyişiklikləri imzalamamaqla QHT-lərin fəaliyyətini stimullaşdıran bir addım atmış və Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşması istiqamətində iradənizi nümayiş etdirmiş olacaqsınız.
Sizi səlahiyyətlərinizdən istifadə edərək Milli Məclis tərəfindən qəbul edilən əlavə və dəyişiklikləri imzalamamağa, bu sənədi gündəlikdən çıxarmağa və ümumilikdə güclü vətəndaş cəmiyyətinin inkişafı üçün səylər göstərməyə çağırırıq".

Müraciəti aşağıdakı şəxslər imzalayıblar:

Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
Samir Kazımlı, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru
Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi
Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi
Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
Fuad Həsənəv, Demokratiya Monitoru
Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi
Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
Mətanət Əzizova, Qadın Krizis Mərkəzi
Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi
Cəsur Məmmədov, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi
Oqtay Gülalıyev, Demokratik İslahatlar Uğrunda Cəmiyyət
Mirəli Hüseynov, "Demokratiyanı Öyrənmə" İctimai Birliyi
Mətləb Mütəllimli, Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatı
Ziya Quliyev, Hüquq Təşəbbüslər Mərkəzi
İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi
Vidadi İskəndərli, Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyi
Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Mehman Əliyev, Turan İnformasiya Agentliyi
İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi