Azərbaycanda Avropa avtomobilləri buraxılacaq

Azərbaycanın Naxçıvan Avtomobil Zavodu yeni avtomobillərin istehsalını təşkil etmək üçün dünyanın bir sıra avtomobil şirkətləri ilə danışıqlar aparır. Bu barədə "APA-Economics"ə zavodun direktor müavini Polad Sadıxov bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlar Çin, Koreya, Türkiyə və bəzi Avropa ölkələrinin avtomobil istehsalçıları ilə aparılır. Danışıqların mövzusu zavodda hazırda istehsal edilən "Lifan" avtomobilləri ilə yanaşı digər minik avtomobillərinin də buraxılmasını təşkil etməkdir: "Söhbət minik avtomobillərinin bütün tiplərinin istehsalından gedir. Bura "sedan" və "krossover"lərlə yanaşı, "heçbek" tipli modellər də daxildir".

Danışıqlar bir neçə şirkətlə aparılsa da, onlardan yalnız biri seçiləcək, gələcəkdə isə əməkdaşlıq edilən şirkətlərin sayının artırılması, yəni zavodda ikidən artıq modelin buraxılması da istisna deyil.

P.Sadıxov bildirib ki, Naxçıvan zavodunun istehsal gücü burada istehsalın həcmini bir neçə dəfə artırmağa imkan verir. Qeyd edək ki, hazırda NAZ-ın istehsal gücünün yalnız 10-20%-dən istifadə olunur. Belə ki, müəssisənin istehsal gücü ildə 5 min avtomobil təşkil etsə də, burada ildə 500-1000 avtomobil buraxılır: "Belə vəziyyətdə hər birinin sayı 1000 olmaqla 5 modelin istehsalını təşkil etmək olar", - deyə P.Sadıxov bildirib.

AzNews.az