07:05
(077) 610-22-33

Ombudsman məktəbli formasından və hicabdan danışdı

  • >
286 1 Mart 2013 14:36 | Cəmiyyət

“Məktəbli geyiminin eskizləri təsdiqlənərkən qızların dərslərdə hicabla iştirak hüququ nəzərə alınmayıb”

Ötən il Azərbaycanda vicdan azadlığının pozulması ilə əlaqədar Ombudsman Elmira Süleymanovanın ünvanına 10 şikayət daxil olub, bu şikayətlərin hər biri araşdırılıb. APA-nın xəbərinə görə, bu, Ombudsmanın 2012-ci il üçün illik məruzəsində qeyd olunub.

Məruzədə qeyd edilib ki, dünyada tolerantlığın mövcud olduğu nadir ölkələr sırasında olan Azərbaycanda bütün dinlərə bərabərhüquqlu şərait yaradılıb, müxtəlif konfessiyalar öz dini mərasimlərini sərbəst qeyd edir, ölkənin ictimai-mədəni həyatında fəal təmsil olunurlar.

Təhlillər zamanı bir sıra ümumtəhsil məktəblərinin, habelə ali təhsil müəssisələrinin nizamnamələri, habelə şagirdlərin geyim formasının eskizləri təsdiq edilərkən Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin tələbləri, Azərbaycanın tərəfdar çıxdığı "Uşaq hüquqları Konvensiyası"nın 14-cü maddəsinin 3-cü bəndinin pozulması müəyyən edilib. Belə ki, geyim formasına tələblər və onların eskizləri təsdiq edilərkən qızların baş örtüyü (hicab) ilə dərslərdə iştirak etməsi hüququ nəzərə alınmayıb.

Məruzədə qeyd edilir ki, qanuna əsasən, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Bununla yanaşı, vətəndaşlar dini əqidəsini ifadə edərkən və ya onu yayarkən insanların, xüsusən də uşaqların sağlamlığına və mənəviyyatına zərər vuran, digər şəxslərin hüquq və azadlıqlarının, ictimai qaydaların pozulmasına, dinlər, məzhəblər və icmalar arasında nifaq salan, ayrı-seçkilik yaradan hallara yol verməməlidirlər.

AzNews.az
Bağla X