23:44
(077) 610-22-33

«Bakıdakı olimpiya stadionu London stadionundan üstün olacaq»

  • >
858 1 Mart 2013 14:52 | Cəmiyyət

Azərbaycanda 2015-ci ildə Birinci Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı inşa edilən stadionun tikintisi prosesinə ciddi dəyişikliklər edilib.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, əgər stadionun tikintisinə dair əvvəlki təkliflərdə tikinti işlərinin 46 aya (4 il) başa çatdırılması nəzərdə tutulurdusa, Bakı şəhərinin sözügedən Olimpiya Oyunlarına ev sahibliyi etməsi vəziyyəti dəyişib: "Azərbaycan olimpiya stadionunu 2015-ci ilin fevral ayınadək təhvil verməlidir. Bununla əlaqədar beynəlxalq praktikaya uyğun olaraq, stadionun tikintisinə yeni şirkətlər cəlb edilib və tikinti "open book" üsulu ilə aparılacaq. Yəni, hər bir şirkət gördüyü işlərə görə pulunu alacaq".

R.Abdullayev həmçinin bildirib ki, Bakıda inşa olunan stadionun tikintisinə başlayarkən London Olimpiya Stadionunun parametrləri əsas götürülüb. ARDNŞ rəsmisi əlavə edib ki, Bakıda tikilən olimpiya stadionunun inşasına 650 mln. ABŞ dolları məbləğində vəsaitin xərclənəcəyi nəzərdə tutulub. Lakin torpaq işləri də nəzərə alınsa, bu rəqəmin bir qədər çox olacağı gözlənilir: "London Olimpiya Stadionu inşa olunarkən ilkin mərhələdə stadionun tikintisi 470 mln. dollara qiymətləndirilsə də, nəticədə stadionun tikintisi 902 mln. dollara başa gəlib".

R.Abdullayev əlavə edib ki, London stadionu inşa edilərək orada 3 mln. kubmetr torpaq işləri görülüb. Bakıdakı olimpiya stadionunun tikintisi zamanı isə torpaq işləri 5 mln. kubmetr təşkil edəcək.

ARDNŞ başçısı qeyd edib ki, Bakıdakı olimpiya stadionu texniki imkan və yaradılan şəraitə görə London Olimpiya Stadionundan üstün olacaq. Belə ki, əgər Londondakı stadionda daimi oturacaq yerləri 25 min təşkil edir və stadionun üstünün yalnız 27%-i örtülürsə, Bakı olimpiya stadionunda oturacaqların sayı 64 min olacaq, stadionun üstü isə 80% bağlana biləcək.

AzNews.az
Bağla X