“Əkrəm Əylislini bağışlamaq olmaz” - S.Aran

"Əkrəm Əylislinin "Daş yuxular" romanı bədii əsər kimi çox zəifdir. Sadəcə olaraq, bu əsər ətrafında hay-küy qaldırılmasına əsas səbəb millətin təhqir olunması, görünməmiş səviyyədə aşağılanması, sanki, bir erməni müəllifinin əsəri kimi ortaya çıxmasıdır".

Bunu ədəbiyyat adamı, hakim partiyanın üzvü Səyyad Aran Əkrəm Əylislinin yazdığı "Daş yuxular" əsərinə görə müəllifin üzləşdiyi durumu şərh edərkən deyib. O qeyd edib ki, dünyada istənilən bir xalqın tarixində hansısa müəllifin öz millətini bu dərəcədə aşağılamasına təsadüf etmək mümkün deyil:

"Dünya ədəbiyyatı tarixində istənilən bir yazıçının əsərlərinə müraciət etsəniz öz millətini bu dərəcədə aşağılayan, təhqir edən, onu düşmən qarşısında rəzil edəcək bir formaya salan hansısa yazıçı görməzsiniz. Tarixdə bu missiya, "şöhrət" Əkrəm Əylisliyə məhz onun özü tərəfindən verildi. Dünya tarixində bu iyrənc, sərəfsiz, əskik mövqeyi Əkrəm Əylisli özünə öz qələmi ilə verdi. Erməni yazarlarının bizi təhqir etməsi ayrı-ayrı cümlələr səviyyəsindədir. Amma bütövlükdə milləti aşağılayan, təhqir edən bir romanın ortaya çıxarılması düşmənin əlinə görünməmiş bir girəvə verdi".

Dünyanın ən məşhur söz adamlarının ermənilər barədə səsləndirdiyi fikirlərə istinad edən S.Aran bildirib ki, təkcə həmin tanınmışların dilindən çıxan ifadələrə diqqət etməklə ermənilərlə, türklərin nəyə qadir olduğunu müqayisə etmək mümkündür:

"Bu insanlar son üç yüz illik tarixdə ermənilərin nələr etdikləri haqqında öz fikirlərini bildiriblər. Həmin fikirlərdə onların ermənilərlə müqayisədə türklərə üstünlük verdiklərini görürük. Bütün bunların müqabilində bir azərbaycanlı olaraq Əkrəm Əylislinin öz xalqını bu dərəcədə təhqiri, alçaltması bağışlanası deyil".

Gültəkin
AzNews.az