08:30
(077) 610-22-33

Elektron siqaret: təhlükə mənbəyi yoxsa...

  • >
377 2 Mart 2013 12:38 | Cəmiyyət

Azərbaycanda elektron siqaretin zərərli olub-olmaması araşdırılır


Azad İstehlakçılar Birliyi elektron siqaretlərin tədqiqinə başlayıb. Bu barədə AzNews.az-a qurumun rəhbəri Eyyub Hüseynov məlumat verib.

Artıq 3 ildir ki, dünya bazarına klassik siqaretlərə alternativ çıxarılan elektron siqaretlərin insanların bu vərdişini tərgitməsinə kömək etdiyi iddia edilir. AİB bu iddianın nə qədər real olduğunu, insanların bir pis vərdişdən imtina edərkən hər hansı başqa təhlükə ilə üzləşmə ehtimalını araşdıracaq. İlkin tədqiqatların nəticələri göstərir ki, ölkə bazarına ayaq açan elektron siqaretlər klassik siqaretlərlə kifayət qədər ciddi rəqabət aparır:

"Azərbaycanda Yaponiya və Çindən idxal olunan elektron siqaretlər var. Hazırda bu siqaretlərin 6 -7 növü satışdadır. Biz onların hamısını tədqiq edirik. Hazırda Yaponiyadan gətirilən nümunələr üzərində iş gedir. O qədər də asan başa gəlməyən ekspertizalar elektron siqaretin tərkibindəki maddənin insan orqanizminə ziyan olub-olmadığını üzə çıxaracaq. Təbii ki, prosesin sonunda uğurlu nəticələr əldə etsək və həmin malların insan orqanizmi üçün hər hansı təhlükəsinin olmadığına əmin olsaq, elektron siqaretlərin təbliğinə başlayacağıq. Əks halda, elektron siqaretlərin də bazardan çıxarılmasına nail olacağıq".

Qeyd edək ki, AİB indiyədək siqaretdən istifadənin azaldılmasına cəhd göstərir. 70 ildən artıq bir müddətdə ölkəmizdə istehsal olunan filtirsiz siqaretlərin istehsalının dayandırılmasın, 7 fabrikin bağlanması bu cəhdlərin nəticəsidir. Bundan başqa, AİB qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən radiasiyalı "LD", "Novosti", "XXİ vek" siqaretlərinin bazardan çıxarılmasına nail olub, Əfqanıstandan gətirilən "Pine" siqaretlərinin kökünü kəsib: "Tərkibində 4000-ə qədər kimyəvi birləşmə olan siqaretlərin ekspertizasının MDB-də cəmi bir yerdə və çox baha qiymətə keçirilməsi bu sektorda təhlükəli malın istehlakçıya təqdim olunması ilə nəticələnir. Bunu nəzərə alaraq biz təklif etmişdik ki, siqaretin yararlılıq müddəti 1 il müəyyən olunsun və məhsulun üzərinə istehsal tarixi qeyd edilsin. Lakin təklifimiz qəbul olunmadı. Bunun nəticəsidir ki, bazardaki məhsulun 98 faizinin son yararlılıq müddəti kecib".

"Siqaret çəkmək məişət narkomaniyasıdır", - deyən E.Hüseynov hesab edir ki, bu istiqamətdə hökumətin siyasəti olmalıdır: "Hər ay Azərbaycan vətəndaşları siqaretə orta hesabla 360-400 AZN pul xərcləyir. Bunun qarşısını almaq üçün müxtəlif yollar var. Ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının çərçivə konvensiyasına qoşulmasına baxmayaraq, həmin sənədin istehlakçılara yönəlmiş çağırışların 3 aydan bir dəyişdirilməsi ilə bağlı tələbi pozulur. Belə ki, siqaretlərin üzərində qeyd olunan "Siqaret çəkmək insan sağlamlığına zərərlidir" çağırışı siqaretin zərərlərindən bəhs edən müxtəlif çağırışlarla əvəz olunmalıdır".

Ruhiyyə
AzNews.az

Bağla X