09:06
(077) 610-22-33

Mərhum əsgər dəfn edildi - FOTO

  • >
2 163 2 Mart 2013 16:12 | Cəmiyyət

Şəmkir hərbi birləşməsinin intihar etmiş əsgəri, Göyçayın Kürdəmiş kənd sakini Allahverdiyev Seymur Mürvət oğlunun valideynləri dəfnlə bağlı qərar verib.

APA-nın məlumatına görə, hazırda əsgərin doğulduğu evin həyətində cənazə namazı qılınıb.
Əsgərin meyiti bir qədər sonra Kürdəmiş kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bu gün Müdafiə Nazirliyinin Tərbiyəvi işlər idarəsinin rəisi, general-mayor Vaqif Məmmədov, Respublika Hərbi prokurorunun müavini Şəfayət İmranov, Şəmkir hərbi birləşməsinin komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Elşad Əbilov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri yas mərasimində iştirak ediblər. Onların əsgərin valideynləri ilə apardıqları söhbətdən sonra ailə dəfnə başlamağa qərar verib.

Xatırladaq ki, mərhumun meyiti dünən səhər saatlarında rayona gətirilərək qohumlarına təhvil verilib, lakin onun Rusiyada olan valideynləri və qardaşı kəndə bu gün gəldiyinə görə, dəfn mərasimi bu gün saat 12:00-a təyin olunub. Əsgərin atası Mürvət Allahverdiyev meyitin yenidən tibbi ekspertizadan keçirilməsini tələb edib. Valideynləri övladlarının odlu silahdan açılan güllə ilə ölmədiyini, onun avtomatın qundağı və ya küt alətlə döyülərək öldürüldüyünü iddia ediblər. Ona görə də dəfn saat 12-də baş tutmayıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun yaydığı rəsmi məlumata görə, əsgər Allahverdiyev Seymur Mürvət oğlu fevralın 28-də postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. 17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyevin gələn ay hərbi xidmətdən tərxis olunacağı gözlənilirdi. Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.

AzNews.az
Bağla X