08:37
(077) 610-22-33

Amerika-İsrail Komitəsi Azərbaycanla münasibətləri müzakirə edib

  • >
377 4 Mart 2013 10:33 | Cəmiyyət

Vaşinqtonda İctimaiyyətlə Əlaqələr üzrə Amerika-İsrail Komitəsinin (AİPAC) illik toplantısı keçirilib. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, toplantıda "Yeni müttəfiqlər: israil və Qafqaz" mövzusunda dörd saat davam edən tematik diskussiyalar İsrail-Azərbaycan münasibətlərinə həsr olunub.

Diskussiyalarda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Xayfa Universitetinin professoru Brenda Şaffer, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi tədqiqatlar direktoru Svante Kornell, AİPAC-ın dövlət siyasəti və hökumətlə əlaqələr üzrə direktor müavini, tədbirin moderatoru Çarlz Perkins iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan-İsrail əlaqələrinin mühümlüyünü önə çəkiblər. Brenda Şaffer qeyd edib ki, antisemitizm Azərbaycan cəmiyyətinin həyatının bir hissəsi deyil, yəhudi icması Azərbaycanın ictimai həyatına inteqrasiya olunub və İsrail öz dostları ilə münasibətlərini genişləndirməlidir.

Səfir Süleymanov iştirakçıları yaşadıqları ştatları təmsil edən Konqres üzvlərinə müraciət etməyə və ermənipərəst lobbist qruplaşmaların təsirinə düşməməyə çağırıb.

"Azərbaycan öz tərəfindən İsraillə münasibətlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Biz istərdik ki, İAPC-ın ABŞ-da İsrailin maraqlarını təmsil edən nümayəndələri və bizə yaxın olan siyasətçilər ermənipərəst və Azərbaycan əleyhinə mövqelərdə çıxış etməsinlər".

Səfir fikirlərinə misal olaraq AİPAC üzvlərinin dəstəklədiyi konqresmen Bermanın Azərbaycana ABŞ istehsalı olan hərbi-dəniz avadanlığının verilməsinə qarşı səylərini göstərib. Qeyd edək ki, Azərbaycanın Ermənistanla dəniz sərhədləri olmasa da, konqresmen Berman iddia edir ki, bu Azərbaycan qeyd olunan avadanlıqdan Ermənistana qarşı istifadə oluna bilər. Səfir həmçinin senator Menendezin səyləri nəticəsində ABŞ-ın Azərbaycana il yarım səfir təyin edə bilməməsini misal çəkib.

Bu çağırış Çarlz Perkins tərəfindən dəstəklənib və müzakirə olunan məsələlərin ABŞ Konqresinin nümayəndələri ilə lobbi məqsədli görüşlərdə xatırladılmasını vacib sayıb.

Toplantıda iştirak edən yəhudi icmasının əksər üzvləri müzakirə olunan məsələlər barədə ilk dəfə eşitdiklərini deyiblər. Nyu-York ştatından gəlmiş Yudif və Cerald Etra APA-nın müxbirinə bildirib ki, toplantıda eşitdikləri faktlar barədə mütləq sinaqoqda ocma üzvlərinə ətraflı danışacaqlar.

AzNews.az
Bağla X