18:44
(077) 610-22-33

Kosa, “Xoca” və... Karla Bruni

  • >
234 5 Mart 2013 13:51 | Cəmiyyət



Əziz Rzazadə

...Elə bu vaxtlar olardı, mən idim, Nikola Sarkozi, bir də Karla Bruni. Parisdə, Prezident Sarayının eyvanında oturub samovar çayı içirdik. Baxdım ki, Karla Bruninin stəkanında limon toxunulmaz qalıb. Dedim: "Karla, canım, icazə ver o limonu yeyim". Dedi: "Bu nə sözdür, canım, limon da, mən də sənə qurban..."

Hə, sizə qurban, bu limon məsələsini elə-belə yada salmadım. Dünən eşitdim ki, saya gəlməz titulların daşıyıcısı olan və bu titulları harda və nə vaxt aldığı da məlum olmayan İlhamə Quliyeva Milli Məclisdən toxunulmazlıq statusu istəyir. Paho! Sizi bilmirəm, amma mən onun bu statusu ala biləcəyinə sidq-ürəkdə inanıram. Çünki iki müğənnini polisə sürütdürməyi bacaran adam bu ölkədə nəyə desən nail olmaq gücündədir. Həm də bir odur bəyəm?! Məmləkətdə nə çoxdur mənəm-mənəm deyən!

Gör nə gündəyik ki, a kişi, 1997-dən rəsmi Novruz şənliklərində kosalıq edən artist də status davası aparır. Deyir, bu ölkənin prezident qarşısına çıxası bircə kosası varsa, o da mənəm, ikincisi ola bilməz. Deyir, Rafael və Coşqun mənim başmağımı geyinə bilər, amma yerişimi yeriyə bilməzlər... O da üz tutub prezidentə ki, xahiş edirəm, kosalıq vəzifəmi geri qaytartdır.

Məmləkətin bir iddialısı da gələcəkdə, həm də çox yaxın gələcəkdə Ağbirçəklər Şurasının sədri olmağa hazırlaşan Zərifə Quliyevadır. Adamı bircə dəfə görməyim kafi oldu. Dodağındakı silikonun miqdarı yaşından çox idi, çiyinə enən və üzünə sürüşən tellərində bircə ağ tükə də rast gəlmədim. Bizim kəndin arvadları onu görsə...

Əlisi dəli-Vəlisi dəli olan məmləkətdə oğruya da oğru demək olmur. Qabağına-qənşərinə sübut qoyursan, deyir, bu nədir, sən mənə fakt göstər e, fakt! Məsələn, "Xoca" filmi kimi. İlk titrindən tutmuş musiqisinə qədər "copy-past" olan kinoya verilən bəraətə bax: "Şekspirin "Romeo və Cülyetta"sı da Nizami Gəncəvinin "Leyli və Məcnun"unun kompilyasiya formasıdır". Bu saxta dəlil keçməyən də isə saxta vətənpərvərlik plakatları açılır: "Azərbaycanın uğurlarına, onun maraq və mənafeyinə işləyən məqamları göstərmək əvəzinə, hardasa nələrisə axtarıb tapmaq, qara-qura şeylər əldə etmək və bunu ANS Şirkətlər Qrupunun və onun prezidenti, rejissor Vahid Mustafayevin işinin üstünə kölgə salmaq məqsədilə etmək kişilikdən uzaq bir hərəkətdir".

Ay bərəkallah! ANS-də kişilik anlayışının necə qavrandığı "Hesabat" analitik (dəli şeytan deyir, bu sözdəki "a", "n", "l" hərflərini böyüt. Lənət şeytana, mən o "tərbiyə"nin sahibi deyiləm) proqramında nəhayət, bilindi: "Xoca"nın tənqidçiləri söyüldü. Bilmirəm bundan Milli Tele-Radio Şurasının xəbəri oldumu, amma olsa yaxşıdır. Efir – üfür yeri deyil axı!..

"Çaldıran döyüşündə İsmayıl şah məğlub olur, amma mən filmdə fərqli göstərmək istəyirəm. Filmdə Şah İsmayılın bənzəri, oxşarı məhv olur, amma özü sağ qalır". İndidən deyim, bu ideya da yeni deyil, Kamal Abdullanın "Yarımçıq əlyazması"ndan götürülüb. Vahid Mustafayevə indidən məsləhətçi olmağa hazırlaşan Əbdül Mahmudov da sinəsini qabağa verib deyir: "Şah İsmayıl haqda ilk filmi mən çəkmişəm". Bu sözü nə az, nə çox, düz 1988-dən eşidirəm, amma bu günəcən baş açammıram, harda və nə vaxt çəkilib bu film?

Uzun sözün qısası, bu cür söz-söhbəti eşidəndə yenə o vaxtlar yadıma düşür. Deməli, mən idim, Nikola Sarkozi, bir də Karla Bruni...
Bağla X