“Hansısa qüvvələr şəxsi marağından çıxış edərək “quş qripi”ni bəhanə edir və ova şərait yaratmır” “Hansısa qüvvələr şəxsi marağından çıxış edərək “quş qripi”ni bəhanə edir və ova şərait yaratmır”

Ovçular Cəmiyyətinin sədri ittiham edir -AÇIQLAMA

“Hansısa qüvvələr şəxsi marağından çıxış edərək “quş qripi”ni bəhanə edir və ova şərait yaratmır”



Bu gün Azərbaycan Ovçular və Balıqçıılar Cəmiyyətinin mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda ötən ilin hesabatı və cari məsələlər haqqında müzakirə aparılıb.

Konfransda çıxış edən cəmiyyətin sədri Fizuli Əşrəfov bildirib ki, son 4 ildə cəmiyyəti bərpa etmək üçün müxtəlif məhkəmələrə müraciət ediblər. Onun sözlərinə görə, nəhayət bu ilin fevralın 15-də Ədliyyə Nazirliyi cəmiyyət 1965-ci ildə yaradılan Azərbaycan Ovçular Cəmiyyətinin hüquqi varisi kimi təsdiq edib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə aramızda müəyyən problemlər var idi. Nazirlik iddia edirdi ki, sizin cəmiyyət ləğv olunub. Lakin Ədliyyə Nazirliyinin məlum qərarı ilə bu problem aradan qalxdı".

F. Əşrəfov qeyd edib ki, ötən il cəmiyyətdə üzvlük haqları ilə bağlı və cəmiyyətə qəbulla əlaqədar müəyyən problemlər olub: "Üzvlük haqqı ilə bağlı kəsir var. Bunun da səbəbi ovçuların üzləşdiyi problemlər və quş ovuna qoyulmuş qadağadır. Bununla bağlı dəfələrlə müvafiq orqanlara müraciət etmişik".

Cəmiyyətin sədr müavini Natiq Abdullayev isə ovçuların problemlərindən danışıb, O qeyd edib ki, Azərbaycanda "quş qripi" yoxdursa, ovçulara şərait yaradılmalıdır: "Hansısa qüvvələr şəxsi marağından çıxış edərək "quş qripi"ni bəhanə edir və ova şərait yaratmırlar. Ovçuların qayıqlarını, müvəqqəti sığınacaqlarını əllərindən alırlar. Düşünürəm ki, şərait yaradılarsa, Azərbaycanda ov turizminin inkişafı üçün kifayət qədər resurslar var".

Tədbirdə problemlər dinlənilib və müxtəlif təkliflər nəzərə alınaraq bununla bağlı konfrans iştirakçıları adından Azərbaycan prezidentinə və müvafiq orqanlara müraciət etmək qərara alınıb.

Sonda konfrans iştirakçıları oktyabrda keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər.

AzNews.az