09:02
(077) 610-22-33

Lalə Şövkətin ata yurdundan REPORTAJ

  • >
520 6 Mart 2013 13:05 | Cəmiyyət

Xanım siyasətçinin sorağıyla Bakıdan Qubaya yollanan əməkdaşımızın təəssüratları



Anonsunu verdiyimiz kimi, AzNews.az xəbər portalının əməkdaşı Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyevanı tapmaq və onunla söhbətləşmək məqsədilə Qubaya – onun ata yurdu olan İkinci Nügədi kəndinə səfər edib. Xəbər tutmuşduq ki, Lalə xanım indi məhz burada yaşayır...

İkinci Nügədi – Kimlərin yurdu?

İkinci Nügədi Qara çayın sahilində yerləşən, Quba rayonunun inzibati ərazi vahidinə daxil olan kənddir. 3 məktəb, 2 məscid, 1 şadlıq sarayı var. 10 minə qədər əhalisi olan kənd əhli, əsasən, artezian quyularından su içir. Hava qışda soyuq və rütubətli, yayda sərin olur. Yaz və payız aylarında yağışlı havalar çoxluq təşkil edir.

Kənddən nüfuzlu şəxsiyyətlər çıxıb. Məsələn, ədəbiyyatşünas, folklorşünas, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyev də bu kənddəndi. Bu kəndin daha bir nüfuzlu və tanınmış sakini isə artıq bildiyiniz kimi Lalə Şövkət Hacıyevadır.

O Lalə Şövkət ki, uzun müddətdir mətbuatdan uzaq düşüb. Azərbaycan siyasətində özünəməxsus dəsti-xətti olan Lalə xanımın proseslərlə bağlı fikirləri oxucular üçün hər zaman maraqlı olub. Son vaxtlar isə özü olmasa da, adı mətbuatda çox hallanır. Ona göstərilən böyük etimadlar isə cavabsız qalır. Heç kimə sirr deyil ki, cavabsız qalan suallar sirr pərdəsinə bürünərək böyük marağa səbəb olur. Məhz Bu marağı nəzərə alaraq Lalə xanımı tapmaq qərarına gəldik.

Ancaq paytaxtda Lalə xanımı "gördüm" deyən olmadı. Eşidənlər isə, qadın siyasətçinin kəndinə qayıtdığını, məhz ikinci Nügədidəki ata yurdunda olduğunu söylədilər.
Heç, olmamaqdan yaxşıdı, - deyib bu xəbərin iziylə Qubaya yollandıq. Bakı ilə Qubanın arasında nə var ki? Cəmi saat yarımlıq yoldu. Lalə xanım istəsə, hər gün bu yolu gedib-gələ də bilər.

Elə fikirləşirdim ki...

Yola düşəndə özlüyümdə bir təsəvvür formalaşdırmışdım. Təbii ki, gedib, amma Lalə xanımı görməyəcəyim ehtimalını yaxına buraxmaq istəmirdim. Gedirəmsə, deməli, onunla görüşəcəm. Hər halda Lalə Şövkət həm də çox mədəni xanımdı. Qapısına gələn qonağı, üstəlik, məhz onu görmək üçün bu qədər yol qət etmiş bir xanımı yoldan geri qaytarmayacaq ki?!

Uzun sözün qısası, o qapını açan olarsa, içəri keçəcəyimdən əmin bir halda yola çıxdım.

Düzü, İkinci Nügədidə dörd yanında kameralar quraşdırılmış böyük bir villa axtaracaqdım. Qubanın girişində kimdən soruşsam, İkinci Nügədidəki o evi hər kəsin tanıyacağını düşünürdüm. Ev barədə də fantastik təsəvvürüm vardı. Belə ki, elə hesab edirdim, üzümə qapını kimsə açacaq, Lalə xanıma qonağı barədə məlumat veriləcək, o isə "qapıda niyə saxlamısan, içəri dəvət et" deyəcək...

Darmadağın olan təsəvvürlər

İkinci Nügədi kəndində Lalə Şövkətin ata yurdu yerləşən küçəni tapmaq çətin olmadı. Qarşıma çıxan uşaqlardan Lalə xalalarını soruşdum. Hərçənd Lalə Şövkət onların olsa-olsa, nənələri ola bilərdi. Bəlkə də elə bu səbəbdən uşaqlar sorğumuza müsbət cavab vermədilər. Bakıdan bəri ilk dəfə fikirləşdim ki, uşaqlar tanımadıqlarına görə, deməli, Lalə Şövkət buralarda yoxdur.

Qarşımıza çıxan növbəti adam orta yaşlı olduğundan onun tanıyacağına şübhə yox idi. Düşündüyüm kimi də oldu. Adını deməyən dayı Lalə xanımı da tanıdı, onun evini də. Ancaq o, ilk qarşılaşdığım uşaqların yaratdığı ümidsizliyi bir az da artırdı. Dedi ki, Lalə xanım orada yaşamır. Onun təsviri ilə evi tapdım.

Ev də təsəvvürümdəki ev deyildi. Kiçik olmayan həmin evin üstündə sanki payız yelləri əsmişdi. 15 saylı bu evin dəmir darvazasına dəmirdən elə bir qıfıl vurulmuşdu ki, qısa zamanda açılacağına inanmaq çətin görünürdü.

Qıfılın nə vaxt açılacağını qapı qonşudan öyrənə biləcəyim ümidi ilə onun yanındakı dəmir darvazaya yaxınlaşdım. Elə bu vaxt ev sahibi də küçəyə çıxdı. Fərrux dayı bir ayağını qaçaraq, qoyub maraq dolu suallarımızı dilucu cavablandırdı. Dediyinə görə, bu evdə çoxdandı ki, yaşayış yoxdur: "5-6 ildir ki, burada heç kim yaşamır. Hərdən gəlib qapısını açıb evin havasını dəyişən, tozunu silən, 1-2 gün də qalıb işığını yandıran da yoxdur".
Məlum oldu ki, kənddə nəinki Lalə xanım, onunla qan qohumluğu olan kimsə qalmayıb.
Bir sözlə, lələ köçüb, yurdu qalıb...

Axtarışlar davam edir

Hər şeyin burada bitdiyini düşünməyin. AzNews.az o qədər yol gedib böyük bir ictimai-siyasi xadimi, hərəkat liderini tapa bilmədi" dedirtmərik. Lalə Şövkəti axtarmağa davam edəcəyik və tapacağımıza şübhə etmirik. Bilmək olmaz, bəlkə elə Lalə Şövkət özü çağırışımıza səs verdi!

Ruhiyyə
Aznews.az

Bağla X