Fazil Mustafanın fətvası

İlham Tumas

Hörmət elədiyin, işlərinə yaxşı qiymət verdiyin insanın birdən sənin xoşuna gəlməyən, yaxud, necə deyərlər, məsləkinə uyğun olmayan fikrini eşidəndə təxminən belə deyirsən, ya da yazırsan: "Vallah, filankəs ağıllı adamdı, ancaq niyə belə deyib, anlamıram". Eyni situasiya olduğundan, əllaməlik nəyə lazımdır? Birbaşa mətləbə keçirəm və ənənəyə uyğun şəkildə bildirirəm ki, mənim millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın həm şəxsiyyətinə, həm də siyasi baxışlarına, məmləkətin problemlərinə yanaşma tərzinə böyük hörmətim olmaqla yanaşı, bunların demək olar, 90 faizi ilə razıyam. Fazil bəy heç kimdən çəkinmədən özünün çoxillik siyasi fəaliyyətinə yenidən baxdı, yeni istiqamətlər seçdi, bütün təzyiqlərə sinə gərdi. Şəxsən mən onun həm yazılı, həm də şifahi bütün çıxışlarını izləyirəm, düşüncələrinin aydınlığından, məntiqindən xeyli bəhrələnirəm. Niyə gizlədim, elə məsələlər olub ki, barəsində götür-qoyda olduğum vaxtlarda, Fazil bəyin bir yazısını oxuyub, oradan öz həqiqətimi tapmışam. Ancaq...

İndisə gəldik, "görəsən niyə belə eləyir" məsələsinə. Fazil Mustafanın aktyorlar Rəfael və Coşqunla qırğınını heç anlaya bilmirəm. Daha doğrusu, millət vəkilimizin bu uşaqlardan nə istədiyini qanmıram. Nə olar, adam küçədə qadın paltarı geyinmiş kişi aktyorların şəkillərini görər, hesab edər ki, bu, yaxşı deyil, haralarasa müraciət eləyər, plakatları yığışdırarlar və sair və ilaxır. Qəbul elədin, ya eləmədin, bütün bunlar onun ana südü kimi haqqıdır. Ancaq cəmi digər məsələlərdə - siyasətdə, sosial həyatda, mədəniyyətdə, ədəbiyyatda insanlarımızı modernliyə, çağdaş təfəkkürə səsləyən Fazil bəy nədənsə aktyorlarla "savaş"ında birdən-birə dini mövhumata yuvarlanır, müasir siyasətçi imicini itirərək, orta əsrlərin qara mollaları kimi danışmağa başlayır. Bəli, bu "savaş"da Fazil bəy Həcc ziyarətindən, "hacı" titulu olanların hansı paltarı geyinə bilmələri, hansı obrazda çıxış eləməli olduqları haqqında yekə-yekə ayətullahların belə girişə bilməyəcəkləri bəyanatlar verir...

İndi mən fikirləşirəm ki, görəsən, bu adam tanıdığım Fazil Mustafanın hansı tərəfidir? Bunun iki cavabı var. Birincisi, Fazil bəy həqiqətən, belə düşünür və 21-ci əsrdə sənət adamlarının peşə işlərini dini ehkamlarla qiymətləndirir. Deməli, hörmətli millət vəkili hesab edir ki, kim hacı olubsa, səhnədə qadın paltarı geyinib rol oynaya bilməz. Əgər belədirsə, gərək Fazil bəy islamın klassik prinsiplərini də qəbul eləsin, səhnədə balet oynamaqdan başlamış zurna çalıb, dumbul vurmağa qədər hər şeyin ziddinə olsun. Allah uzaq eləsin ki, belə düşünsün...

Məcburam, ikinci cavaba inanım ki, yəqin Fazil bəy bu fikirləriylə siyasi gediş eləyir, rəqiblərini mat qoymaq istəyir. Ancaq göründüyü kimi, bu da alınmır. Çünki "duel" artıq "hər kişi paltarı geyinən kişi olmaz", "qadınlar var, yüz kişidən yaxşıdı" kimi uşaq söhbətlərinə gəlib dirənib. Ortada cığallığın olduğu gün kimi aydındır.

Mən bunları hörmətli millət vəkilimizə heç yaraşdırmıram...