Musa Yaqub: “İstəyim odur ki, istintaq güzəştlə aparılsın”

Martın 6-da şair Musa Yaqub "Media forum" saytının suallarını cavablandırıb. Əslən İsmayıllıdan olan şair yanvar ayında rayonda baş verən hadisələr, buna görə həbs olunanların müdafiəsi, rayon icra hakimiyyətinin yeni başçısının fəaliyyəti haqda sualları cavablandırıb.

- Yanvarda baş verən hadisələrdən sonra İsmayıllıda olmusuzmu?

- Olmuşam. Amma rayonun mərkəzinə getməmişəm. Kəndə gedib qayıtmışam.

- Rayon icra hakimiyyətinin yeni başçısı Mirdaməd Sadıqovun işini izləyirsizmi? Yeni başçının fəaliyyətini necə qiymətləndirirsiz?

- Mən prezidentin yeni təyinatından razı qaldım. Mirdaməd Sadıqov İsmayıllı barədə hər bir məlumata malikdir. Hesab edirəm ki, onun icra başçısı təyin olunması müsbət qarşılanıb. İsmayıllı əhalisinin əksəriyyətini tanıyır, yaxşı insandır, təcrübəlidir. Onun rayonda narazılığı aradan götürə biləcəyini düşünürəm.

- İsmayıllıda ilk növbədə hansı problemlər həll olunmalıdır? Yeni icra başçısına hər hansı təklifiniz varmı?

- İcra başçısına kömək etmək lazımdır. Camaatda olan narazılığı soyutsun, onlara dəstək olsun. Yeni iş yerləri açsın, camaat iş yeri tapıb işləsin. İsmayıllının inkişafı üçün enerji sərf etsin. İsmayıllı gözəl rayondur. İndi də rayonda işlər gedir. Yeni kanalizasiya və su xətləri çəkilir. İşlər başa çatdıqdan sonra əhalinin vəziyyətinin necə olacağını biləcəyik.

- Yanvar hadisələrinə görə həbs olunanların ailələrindən kömək üçün sizə müraciət edən olubmu?

- Bəli, müraciətlər var. Yeni icra başçısı da tutulanların azadlığa çıxması üçün cəhd göstərəcəyini bildirib. Mən də istəyirəm ki, istintaq obyektiv aparılsın, tutulanlar azadlığa çıxsın.

İstəməzdim hadisələr bu cür çətin olsun. Mülklər yandırılsın, toqquşmalar baş versin. Amma bu, damcı-damcı yaranan narazılıq idi və partlayışa səbəb oldu. Bir çox insana cinayət işi açılıb. Bu cür hadisələr məni narahat edir. Əgər tutulanlar cinayət törətməyibsə, haqq uğrunda bu hadisələri törədibsə, onlar buraxılsın, onlara cinayət işi açılmasın. Yox, əgər hər hansı cinayət törədiblərsə də, bu yenə məni narahat edir.

- İsmayıllıda baş verən iğtişaşları təşkil etməkdə ittiham olunan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədovun həbs edilmələrini, hadisələrə görə məsuliyyətin müxalifətçilərin üzərinə qoyulmasını necə qiymətləndirirsiz?

- Tutulanlar haqda ümumi danışmaq istəyirəm. Heç kimi ayırmaq istəmirəm. İstəyim odur ki, hər bir proses obyektiv aparılsın. İstintaq da güzəştlə aparılsın. Hadisələr vaxtı orda olmadığım üçün dəqiq heç nə deyə bilmərəm. Amma adını çəkdiyiniz insanların bu hadisələri təşkil etməsinə şəxsən inanmıram.

AzNews.az