Mübariz Ağayev: «İnsidentin iştirakçıları ilə bağlı humanist qərarlar qəbul olunub» Mübariz Ağayev: «İnsidentin iştirakçıları ilə bağlı humanist qərarlar qəbul olunub»

Qubanın icra başçısı: «Rayonda tam sakitçilikdir» - Müsahibə

Mübariz Ağayev: «İnsidentin iştirakçıları ilə bağlı humanist qərarlar qəbul olunub»




Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayondakı son durum və görülən işlərlə bağlı AzNews.az-ın suallarını cavablandırıb.



- Qubaya rayonun həssas dönəmində icra başçısı təyin olundunuz. Ötən müddət ərzində hədəflərinizi gerçəkləşdirə bildinizmi?

- Həyata keçirdiyimiz ilk tədbirlər rayonda sabitliyin bərqərar olması, insanlar üzərindəki psixoloji gərginliyin aradan qaldırılması oldu və buna qısa zaman içərisində nail olduq. İndi Quba rayonunda tam normal atmosfer hökm sürür və biz bir sıra işlərin həyata keçirilməsini planlaşdırırıq. Təbii ki, ölkədə gedən böyük inkişafdan Qubaya da pay düşür. İstəyirik ki, bu inkişaf rayonumuzda daha aydın hiss olunsun. Odur ki, görüləcək işlərimiz həddindən çoxdur. Planlaşdırdığımız bir çox işlərə start vermişik. Ancaq proses hələ davam edir. Yəni, planlarımızına reallaşmasına tam nail ola bilməmişik. İyun ayında bir çox işlərimiz yekunlaşmış olacaq. Onda mən sizə ikinci dəfə müsahibə verəcəm və deyəcəyəm ki, hansı hədəflərimizə nail olduq. O vaxta qədər isə görüləsi işimiz çoxdur. Bayramlarımızı təntənə ilə keçirmək üçün ciddi hazırlaşırıq. Qadınlar bayramı, sonra Novruz bayramı təntənə ilə qeyd ediləcək.
Məsələn, Novruz bayramında ən qədim adətlərimizi üzə çıxarmağa çalışacağıq. Sonra ümümmilli liderimiz Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirəcəyik. Bu məqsədlə sərəncam imzalamışam. O vaxta qədər isə tikinti-quruculuq işlərimizi davam etdirəcəyik. Buna misal olaraq deyə bilərəm ki, üzərində iş gedən 2 fəvvarə var. Qədim Quba meydanında musiqili fəvvarə qurmuşuq. Ondan daha böyük olacaq ikinci fəvvarənin üzərində hətta filmlər veriləcək. Ümumiyyətlə, bu fəvvarə ölkə ərazisində ən böyük fəvvarə olacaq. Uşaqlar üçün istirahət mərkəzi və bu kimi bir sıra layihələrimiz var ki, onların hamısı iyun ayında başa çatacaq.

- Quba Azərbaycan tarixini özündə əks etdirən abidələrlə zəngindir. Onların qorunması üçün hansı addımlar atılır?

- Bildiyiniz kimi, Quba məzarlığında Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Soyqırım abidəsi tikilir. Burada 10-15 milyon manat civarında dəyəri olan böyük bir kompleks olacaq. O da may ayında istifadəyə veriləcək. Rayonumuzda Tarix Diyarşünaslıq Muzeyi yox idi. Tikintisi üçün layihə hazırladıq və işə başladıq. Orada da iş gedir və may ayında onun da istifadəyə verilməsini planlaşdırırıq.

- Bu vəzifəyə qədər də icra başçısı idiniz. Təcrübədən qaynaqlanaraq hansı sahələrdə dəyişiklik edə bildiniz?

- Elədir. Ancaq vəzifə eyni olsa da, ayrı-ayrı xarakterik xüsusiyyətləri olan ərazi vahidləridir. Elə onu qeyd etmək kifayətdir ki, əvvəlki işim şəhərdə idi. Quba isə kənd rayonudur. Burada kənd təsərrüfatının, aqrar sahənin, sahibkarlıq fəaliyyətinin, fermer təsərrüfatının inkişafına fikir verilir. Həmin sahələrdə gördüyümüz işlər isə artıq öz nəticəsini verir.

- Quba hadisələrindən 1 il ötür. Geriyə baxarkən hadisələri necə dəyərləndirursiniz?

- "Quba hadisələri" deyəndə ki, burada fövqəladə nəsə baş verməmişdi. Ötən ilin martın 1-də küçədə bir insident yaşanmışdı. Quba ictimaiyyəti, rayon ağsaqqalları, ziyalılar da bu işləri pislədilər. Mən burada vəzifəyə gələndən sonrakı 15 gün ərzində martın 1-də da baş verən insident yaddaşlardan tamamilə silindi. Həmin gün baş verənlərlə bağlı işlər gedir. İnsidentin iştirakçıları ilə bağlı humanist qərarlar qəbul olunub. Onlara yüngül cəzalar verilib. Düşünürəm ki, bütövlükdə proses humanist qərarlarla da yekunlaşacaq.

- Ancaq bəzən belə fikirlər də səslənir ki, Qubada gərginlik hələ də davam edir...

- Belə fikirlərin heç bir əsası yoxdur. Ölkədə real hakimiyyət var və Prezident İlham Əliyevin siyasəti əhali tərəfindən tam dəstəklənir. Quba aktivləri – rayonun qadınları, yaşlıları, cavanları, ziyalıları insidenti xoşagəlməz hal kimi qiymətləndirirlər. Hazirda rayonda tam ictimai-siyasi sabitlik hökm sürür.

- Prezident icra başçılarının və mərkəzi aparatda çalışan məmurların, həmçinin məmur övladlarının özbaşınalıq etməsi barədə iradlar səsləndirdi. Prezidentin həmin çağırışı ilə bağlı rayonda hansı addımlar atılır?

- Cənab Prezidentin bu məsələni vaxtında irəli sürdüyünü düşünürəm. Bu sahədə doğrudan da qüsurlar var. Lakin deməliyəm ki, həmin məsələlər cəmiyyətdə olsa da, Quba sakit bir regiondur. Ağsaqqalı olan, böyük sözünə dəyər verən belə bir rayonda bu məsələ arxa plandadır. Ancaq sözsüz ki, iclas keçirmişik, məmurların hamısını dəvət edib qabaqlayıcı addımlar atmışıq. Rayonumuzda bu cür halların yolverilməz olduğunu qeyd etmişik. Təbii ki, Prezident İlham Əliyevin xəbərdarlığından sonra ayıq-sayıqlığı daha da artırmışıq. Ümid edirəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da bu rayonda belə hallar müşahidə olunmayacaq. Çünki Qubada bunun üçün şərait yoxdur.

Ruhiyyə
Aznews.az