Bu gün Bakı Apellyasiya Məhkəməsində mərhum yazıçı Əli Əliyevin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində mərhum yazıçı Əli Əliyevin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Jurnalist atasının ölümünə səbəb olan şəxsdən şikayətçi oldu

Bu gün Bakı Apellyasiya Məhkəməsində mərhum yazıçı Əli Əliyevin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişin hüquqi varisinin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra mərhum yazıçı Əli Əliyevin varisi, zərərçəkmiş İmdad Əlizadənin vəkili Abil Bayramov vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaq aparılmaqla keçirilməsini istəyib.

Hakim vəsatəti təmin etməsə də, bildirib ki, proses zamanı zərurət yaranacağı təqdirdə, məhkəmə qismən istintaqla keçiriləcək.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

İttihama görə, 2016-cı ilin fevral ayının 14-də "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşı Qarayev Seymur Vidadi oğlu idarə etdiyi 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayon sakini, Qarabağ müharibəsi veteranı və yazıçı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında və Bakı Sağlamlıq Mərkəzində müalicə alıb, 504 gün komada qalandan sonra dünyasını dəyişib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyir. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edir.

Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.

AzNews.az