AZƏR HƏSRƏT AZƏR HƏSRƏT

İaşə (əslində, zibillik) müxalifətçiliyi…

AZƏR HƏSRƏT

Müxalifətçilik də ədəb məsələsidir. Əxlaq məsələsidir. Dünyanın bir çox dövlətlərində bunun belə olduğunu görürük, təqdir edirik. Müxalif dediklərimiz hakimiyyət iddialarını açıq bəyan edir, xalqla təmasda olur, hakimiyyətin davranışlarını ağılla, təmkinlə təhlil və tənqid edirlər. Əlavə olaraq özləri hakimiyyətdə olsaydılar nəyi necə edəcəklərini də ağlabatan bir şəkildə açıqlayırlar. Belədə xalqın müqayisə edib seçmək imkanı yaranır. Seçmək üçünsə normalda seçkiləri gözləyirlər. Bir dönəm hakimiyyətdə olub xalqın etimadını doğrultmamış siyasətçilər səhnəni tərk edir və müxaliflər onların yerinə gəlir.

Bütün bunlar normal müxalifəti olan ölkələrdə baş verir. Normal müxalifəti olmayan ölkələrdə isə başqa hadisələr baş verir.

Bəzi ölkələr də var ki, orda müxalifət üçün heç bir əngəl törədilmir, hakimiyyət öz işində olur. Lakin ölkənin durumu elə olur ki, burada heç nədən müxalifətçilik etmək üçün yer qalmır. Onda da çörəyi yalnız hər şeyi qara rəngdə təqdim etməkdən çıxanlar nəsə başqa yollar axtarırlar və təbii ki, özlərinə uyğun olanları tapırlar.

Təəssüf ki, Azərbaycan adına müxalifətçilik edən kiçik bir qrup insan da bu yoldadır. Belə anlaşılır ki, bunların əsl məqsədi ölkədə hansısa dəyərlərin daha da möhkəmlənməsi deyil. Bu adamlar sadəcə ortalığı qarışdırmaq, suyu bulandırmaq və özlərinin xəbis məqsədlərinə nail olmaq istəyirlər. Belə olmasaydı illər öncəyə aid hansısa videoları tapıb bugünkü hadisə kimi qələmə verməklə insanların emosiyalarına yönəlik təbliğat qurmağa çalışmazdılar. Yaxud da başqa ölkələrdə baş vermiş dəhşətləri Azərbaycanda, özü də bugünlərdə baş vermiş hadisələr kimi təqdim edib insanları coşdurmağı planlamazdılar. Hərçənd bu da işə yaramır. Yaramayanda lap həyatın dibinə enir, əsl mahiyyətlərinə uyğun olan yollara əl atırlar.

Nə edirlər?

Ədəb və əxlaqlarına uyğun yerlərdə (oxuculardan üzr istəyirəm – ayaqyolunda, zibilliklərdə) “siyasi mübarizə” aparırlar. Yəni özləri belə iddia edir. O çirkab yuvalarında gün keçirir, görüntülər çəkib paylaşır və deyirlər ki, Azərbaycandakı “diktatura”ya etiraz edirlər. Özü də bu adamlar milli azadlıq mücadiləsi apardıqlarını deyirlər.

Açığı, şəxsən mən milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olaraq indi Avropada, ABŞ-da oturub, ən mədəni şəkildə desək “iaşə müxalifətçiliyi” edənlərin heç birini o meydanlarda görməmişəm. Və mən tək deyiləm. Hərəkatçı meydan dostlarımızın, tanışlarımızın hamısı bir ağızdan deyir ki, biz onları tanımırıq!

Bəs kimdir bunlar?

Bunlar Azərbaycan cəmiyyətinin atıntılarıdır! Bəli, atıntıları!

Ona görə atıntıdırlar ki, bu normal cəmiyyət onları həzm edə bilməyib. Bilməsi də mümkün deyil. Çünki bizim cəmiyyətimizdə müxalifətçiliyə yer var, amma səviyyəli, qurucu müxalifətçiliyə. Daha təhqirə, ədəbsizliyə və əxlaqsızlığa deyil.

Bu adamların öz siyasi “mübarizə”si üçün ayaqyolunu, Avropanın zibilliklərini seçməsi onların xislətindən irəli gəlir, mahiyyətlərini bir daha təsdiqləyir. Biz xaricdə olub Azərbaycan hakimiyyətinə müxalif mövqedə duran heç bir normal insanı bu sırada görmürük. Bir çoxlarıyla da tanışıq, fikir mübadiləsi aparır, çox zaman da kəskin mübahisə edirik. Ancaq heç vaxt həmin adamlar əxlaq həddini aşmır, Azərbaycan dövləti, onun atributları haqqında bir kəlmə olsun hörmətsiz ifadə işlətmirlər. Əlavə olaraq, özlərinin konstruktiv təkliflərini verir, ictimailəşdirilməsini xahiş edirlər. Biz də gücümüz çatdıqca belə insanların fikirlərini cəmiyyətə təqdim edirik. Qeyd edək ki, Azərbaycan hakimiyyəti belə xoşməramlı müxalif fikirləri nəinki rədd edir, əksinə, onları öyrənir, təhlil edir, həllinə çalışır. Bu cür bir mühitin olduğu ölkənin vətəndaşı niyə gedib Avropada, Amerikada öz “müxalif” fikirlərini ifadə etmək üçün ayaqyolunu, zibilliyi məkan seçsin ki? Belə anlaşılır ki, bu adamların özündə problem var. Onları Azərbaycanda saraylarda yaşadıb yağ-balla bəsləsən də gedib zibillik axtaracaq, özlərinə elə yeri məkan seçəcəklər. Necə deyərlər, su axar, çuxurunu tapar.

Bəs belələrinin “ayaqyolu müxalifətçiliyi” Azərbaycanda nəyisə dəyişəcəkmi? Əlbəttə ki, yox. Çünki Azərbaycan insanı belə əxlaq dışı görsənişləri heç vaxt özünə yaxın buraxmayıb, buraxmaz da. Sadəcə bu bir ovuc ünsürün müxalifətçiliyi ayaqyolu səviyyəsinə endirib gözdən salması xoş bir şey deyil…

Bir də bu “müxalifətçilər”in öz fəaliyyətlərini Azərbaycana düşmən kəsilmiş ermənilərlə sinxronlaşdırması var hələ…

Sözardı: Zibillik müxalifətçiliyinin tarixi elə də qədim deyil. Azərbaycanda bunun ilk təzahürləri 2015-ci ilin yayında – I Avropa Oyunları zamanı gözə dəymişdi. Onda da bir qrup adam gələn qonaqları Bakının ətrafındakı hansısa zibilliklərə aparıb çəkilişlər edir, dünyaya tirajlayırdı ki, görün, buralar nə gündədir. Hələ it ölüsünün ümidinə qalan günləri də vardı. Nəticə? Nəticə bu oldu ki, o adamları Azərbaycan cəmiyyəti irinli yara kimi sıxışdırıb çıxardı və birdəfəlik ölkədən getməli oldular…