“Jurnalistikaya sırf əlacsızlıqdan gəlmişəm” “Jurnalistikaya sırf əlacsızlıqdan gəlmişəm”

“Yaxşı pul versələr, gedərəm” – Müsahibə

“Jurnalistikaya sırf əlacsızlıqdan gəlmişəm”



"Kifayət qədər reket dostlarım var"


AzNews.az mətbuat xidmətlərinin rəhbərləri ilə bağlı layihəni davam etdirir. Budəfəki qonağımız Mərkəzi Seçki Komissiyasının mətbuat və informasiya şöbəsinin müdiri Azər Sarıyevdir.

- Azər müəllim, günə əsasən hansı xəbərlərlə başlayırsınız?

- Birinci qəzetləri oxumağa başlayıram. Neçə illərdir buna adət etmişəm, evdə də olanda səhərlər mütləq qəzet oxuyuram. Doğrudur, Türkiyədəki kimi qəzeti evimə gətirmirlər, gedib özüm alıb oxuyuram. Amma internet belə populyarlaşandan sonra qəzetlərin sayı azalıb. Əgər əvvəllər gündə 4 qəzet alırdımsa, indi 1-2 qəzet alıram. İşdə isə bütün qəzetlərə abunə olmuşuq, "Azərbaycan" qəzetindən tutmuş "Yeni Müsavat"a qədər hamısına baxıram. Günün sonuna qədər isə həm rəsmi, həm xəbər saytların, həm də reket saytları, televiziyanı izləyirəm. Gün ərzində bəlkə 20-30 sayta baxıram, izləməməyə çalışıram.

- Sizin üçün hansı xəbərlər daha çox maraqlıdır?

- Mən seçki vaxtı siyasi proseslərin mərkəzində olan bir qurumda işləyirəm. Ona görə də prosesləri izləyirəm. Əslində mətbuatda işlədiyim zamanlarda siyasət müxbiri olmuşam. BDU-nun tarix fakültəsini bitirmişəm. Hələ universitetdən əvvəl hərəkat dövründə rayonda gənclər təşkilatı yaratmışdıq və guya ki, siyasətlə məşğul olurduq. Yeniyetməlik dövründən siyasətə marağım olduğundan siyasi prosesləri çox yaxından izləyirəm. Regionda gedən siyasi prosesləri yaxından izləməyə çalışıram. Bunun xüsusi bir səbəbi yoxdur, sadəcə maraqdır.

- Siz də bir çox mətbuat xidmətlərinin rəhbərləri kimi məmurluğa mətbuatdan gəlmisiniz. Amma nədənsə siz də daxil olmaqla əksər mətbuat xidmətləri rəhbərləri bu vəzifəyə gəldikdən sonra yazmağı sanki unudur. Siz sonuncu dəfə nə vaxt yazmısız?

- Çox uzaq tarix deyil. Əkrəm Əylislinin "Daş yuxular"ı çıxandan sonra özümü saxlaya bilmədim və Facebook-da bir cızma-qara etdim. Çox hörmət etdiyim Rəşad Məcid zəng etdi ki, yazını bəzi hissələrini çıxart, çap edək. Yazıda bəzi ironik yerlər var idi, təklif etdi ki, həmin yerləri çıxarım, tam ciddi bir yazı olsun. Mən də dedim ki, içimdən gəldiyi kimi yazmışam. Rəşad müəllim sağ olsun, təklif etdi, amma istəmədim çap olunsun, ürəyimi boşatmışam, bəsdir.

- Sizcə niyə siz də daxil olmaqla həmkarlarınız mətbuatda çıxış etmir?

- Mən öz payıma deyim ki, istəmirəm. İçimdən də yazmaq gəlmir. Əslində heç vaxt jurnalist olmaq istəməmişəm və jurnalistikaya sırf əlacsızlıqdan gəlmişəm. Yəni çörək pulu üçün. Universiteti bitirdim, təyinatı rayonun bir kəndinə vermişdilər, yol uzun, müəllimlərin əmək haqqı da indiki kimi deyildi, çox az idi. Fikirləşdim ki, orada mütləq ev kirayələməliyəm, çünki gedib-gəlmək mümkün olmayacaq. Buna görə də şəhərdə qalmağa qərar verdim. Qrup yoldaşım Dünya Sakitə rast gəldim, "Avrasiya"da iş olub-olmadığını soruşdum. Sahib Alıyev orda baş məsləhətçi idi, yazı aparmağımı istədi. Çeçenistandakı vəziyyətlə bağlı bir yazı hazırlaşdım, heç nə demədi. Çox sonra dedi ki, faktoloji cəhətdən zəif yazı idi. Əvvəlcə tərcüməçi işlədim, sonra bundan da bezdim və baş redaktor İrfan Sapmazdan xahiş etdim ki, jurnalist işləyim. Soruşdu ki, nədən yazmaq istəyirsən? Dedim ki, şou-biznesdən, o zaman incəsənət deyirdilər. Sahib müəllim soruşdu ki, niyə incəsənətdən yazmaq istəyirsən? Dedim ki, mənim marağımı çəkir, həmişə incəsənət adamı olmaq istəmişəm. Rejissor olmaq istəyirdim, hətta universitetdə 3-cü kursda oxuyanda İncəsənət Universitetinə getmişdim, köçürülmək istəyirdim. Dedilər ki, 1-ci kursdan qəbul edirlər, ona görə də qəbul etmədilər. Sahib Alıyev dedi ki, bilirəm sən niyə incəsənət sahəsinə getmək istəyirsən, səni çəkən müğənnilərdir. Məsləhət gördü ki, karyera qurmaq üçün siyasətdən yazım. Beləliklə siyasi partiyalar üzrə müxbir işlədim və alındı. Sonra 1999 - 2003-cü ilə kimi "Palitra"da baş redaktor oldum, daha sonra MSK-da məmur. "Palitra"da baş redaktor olanda da bir neçə ay yazdım, sonra yazmaqdan bezdim. Planlaşmada tapşırıqlar verirdim, tezislər verirdim, sonra yaxşı ki, bura gəldim. Hərdənbir yazmaq istəyim olur. Yaxşı bir qəzet olsun işləyim, yaxud televiziya rəhbərliyində işləmək istərdim. Rəhbərlik deyəndə yəni prezident səviyyəsində yox. Hansısa xəbər departamentinin rəhbərliyində işləmək istərdim. Amma əsas şərt, yaxşı pul versinlər. Yaxşı pul versələr gedərəm.

- Ona indiki işinizdə də yaxşı pula görə qalırsiz?

- Yox burda əmək haqqı yüksək deyil. Əgər buranı , kollektivi, dostlarımı dəyişərəmsə ancaq yaxşı əmək haqqına dəyişərəm. Əlbəttə ki, mühit də, kollektiv də yaxşı olmalıdır.

- Sizin yaxşı əmək haqqı dediyiniz bəzisi üçün fantastik rəqəm gələ bilər, yaxud əksinə. İndiki halda yaxşı əmək haqqı nəyə deyirsiz?

- Onu ancaq iş təklif edənə deyə bilərəm.

- Mətbuatda çoxlu dostlarınız və yəqin ki, qeyri dostlarınız var. Sizdən xəbəri ilk olaraq kim ala bilir?

- Birinci kim əlaqə saxlayırsa, xəbəri də ilk o alır. Gün başlayanda kim birinci zəng edirsə, informasiya onundur, fərqi yoxdur, dostdur ya yax. Jurnalist arasında necə fərq qoya bilərsən? Sənin də sabah ona işin düşəndə deyər ki, informasiyanı kimə verirsən, get işini də onunla həll elə.

- Hər bir mətbuat xidmətinin rəhbəri təmsil etdiyi orqanın üzüdür. Bu baxımdan sizin üzünüz nə rəngdədir?

- Rəng məsələsi belədir ki, hər millətin özünün simvolizə etdiyi rənglər var. Yaponlar ağ rəngə təhlükə simvolu kimi baxır, biz paklıq əlaməti kimi. Umanların yanında, öyünmək kimi olmasın, deyə bilərəm ki, üzüm ağ, alnım açıq olub. Həm dostlarımın, həm sevdiklərimin, həm də MSK-nın rəhbərliyini yanında. Jurnalistlərin yanında da hesab edirəm ki, üzüm ağdır. Üz qaraldası hərəkət məncə, yol verməmişəm. Bəlkə də olub, ancaq mənə deyilməyib. Yaxşı olar ki, deyilsin ki, mən də səhvimi düzəldim.

- Rəhbərlik tərəfindən bağışlanılması çətin olan səhvinizi xatırlayırsiz?

- Ümumilikdə götürəndə "Palitra" qəzetində baş redaktor işləyəndə ciddi bir səhvim olub. Böyüklər sağ olsun, buna görə məni bağışlayıblar. Detallarına varmıram, amma olub. Bu səhvi edəndə mənim də arqumentlərim vardı, onları böyüklərə deyəndə ola bilsin ki, qəbul etdilər. Fikirləşdilər ki, gəncdir, bu variant da mümkün ola bilərmiş ki, belə bir addım atıb. Amma böyük bir səhv etmişdim. Səhv idi, günah deyildi, təcrübəsizlik də öz rolunu oynayıb. Ən azı zəng edib soruşa bilərdim ki, olar ya yox? MSK-da ümumi prosesə ciddi ziyan verə biləcək addım atmamışam. Xırda səhvlər ola bilər, insanlıq halıdır. Hamıda səhv olur. Ancaq hansısa jurnalistin xətrinə dəyəcək, işimizi əngəlləyəcək bir addım atmamışamsa, şükür etməyə dəyər.

- Mətbuat xidmətini rəhbəri həm də qurum rəhbərinin çıxışlarının müəllifi də olur. Siz də Məzahir Pənahovun çıxışlarının müəllifi olursuz?

- Düzü mən də MSK-ya gələndə belə düşünürdüm. Çünki mən də sizin dediklərinizi eşitmişdim ki, birinci şəxslərin çıxışları, təbriklərini mətbuat xidmətləri həll edir. Amma gəldim və tamam başqa bir mənzərə ilə qarşılaşdım. Bizim sədrin çıxışını yazmağa ehtiyac yoxdur, heç özü də yazmır. Birbaşa çıxış edir. Çox hazırlıqlı adamdır, bu barədə mənim bəxtim gətirib. Bizdə sistem də fərlidir. Redaksiya və nəşr şöbəsi var, jurnal, buklet, bütün çap materiallarını bu şöbə həll edir. Bizimki sırf piar işidir.

- Yəqin ki, fəaliyyətinizlə reket jurnalistlərlə qarşılaşmısınız...

- Bələdiyyə seçkiləri zamanı belə hallarla tez-tez qarşılaşırıq. Artıq təcrübə var, reketlərlə qeyri-reketləri bir-birindən ayırıram. İnsanların səsindən bilirəm ki, nə istəyir. Şükür ki nə reket, nə qeyri - reket jurnalistlərlə ciddi problem yaşamamışam.

- Problem yaşamamağın iki tərəfi ola bilər. Ya siz onların dediyini etmisiz, ya da onlar sizdən heç nə istəməyib...

- Adi qaydada vəziyyəti onlara başa salıram. İnformasiya istəyirsə, verirəm, çünki işim budur. Amma görürsən gedir, dairə seçki komissiyasının fəaliyyətində nöqsan tapır. Məktub ünvanlayırlar, əgər məktub göndərilibsə cavab verilməlidir. Cavabdan da narazı qalırlar. Sonradan onlara daha sərt dillə bildiriləndə, anlayırlar ki, qarşılarında onlardan daha da betəri var. Anlayırlar ki, bu kola girə bilməyəcəklər. Mətbuatda da yaza bilmirlər, çünki bilirlər ki, mətbuatda mənə qarşı istəsələr də mübarizə apara bilməyəcəklər. Uzaq başı reket şəbəkəsində yazdıracaqlar, amma mən onlara zərbəni həm reket, həm də qeyri-reket qəzetlərində vura bilərəm. Çünki hər iki tərəfdə dostların kifayət qədərdir.

- Deməli reketlər arasında da dostlarınız var?

- Əlbəttə, kifayət qədər. Çünki vaxtilə onlara da yaxşılığım dəyib, onlar da unutmurlar.

- Seçki zamanı ən çox tənqid edilən qurumlardan biri MSK, ən çox tənqid hədəfi olan şəxs isə Məzahir Pənahov olur. O materiallar dərc olunan gün MSK-da ab-hava necə olur?

- Çox normal.

- Sizə qarşı tənqid səslənmir ki, bunun qarşısını niyə vaxtında almağa çalışmamısız?

- İndiyə qədər olmayıb. 10 ilə yaxındır burda işləyirəm, bəxtim onda gətirib ki, bizim sədr Avropada yaşamış adamdır. Bir neçə il Britaniyada elmi-tədqiqatla məşğul olub. Mətbuatın nə olduğunu yaxşı bilir. Aşağı səviyyələrdə bəzi komissiya rəhbərləri var ki, məsələn, niyə operator masanın üstünü çəkməyə imkan verirsən deyə irad bildirir. Yaxud jurnalist niyə otaqda qaçdı? Onlara izah edə bilmirəm ki, hər kəsin öz işi var, operatorun içi ən yaxşı məqam tutmaqdır. Ancaq Məzahir Pənahov bu barədə biləndə deyir ki, qətiyyən fikir vermə, qoy mətbuat işini görsün. MSK çox gəlirli təşkilat, özəl qurum, holdinq olsaydı, yaxşı maliyyə ayrılsaydı, bəlkə də münasibətlərlə, yaxud nələrləsə qarşısını almaq olardı. Ancaq dövlət qurumuyuq və tənqidlər olacaq. Bəzən sağdan də, soldan da vuruluruq. Cəmiyyətdə demokratik təsisatlar inkişaf etdikcə hər şey öz yerini tapacaq. Zaman gələcək bizdə də Avropadakı kimi qarşılıqlı ittihamlar, nahaq hücumlar olmayacaq. Bizdə öz məğlubiyyəti ilə barışmaq kimi siyasi etika yoxdur. Hələ seçki başlamamışdan özləri ilə yarışırlar. Özləri ilə belə münasibətdədirlərsə, onların məğlubiyyətini elan edənə qarşı hansı mövqedə dayanacaqları bəllidir.

- Dövlət qurumlarında qurum rəhbərinin danışan dili, düşünən beyni, sağ əli deyə qeyri-rəsmi bölgülər var. Siz Məzahir Pənahovun nəyisiz?

- MSK-da münasibətlər kasta sistemi üzərində qurulmayıb. İndiyə kimi bu müzakirə mövzusu olmayıb ki, kim kimin nəyidir. Mən informasiyanın alınmasını koordinasiya edirəm. Sədrlə razılaşdırıldıqdan sonra sadəcə jurnalistin doğru informasiyanı almasını təmin edirik.

Elnarə Əlosmanqızı
AzNews.az

image description image description image description image description