Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev və digərlərinin məhkəmə qərarından dövlət ittihamçısı kassasiya protesti verib. Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev və digərlərinin məhkəmə qərarından dövlət ittihamçısı kassasiya protesti verib.

3,4 milyon dolları dələduzluqla ələ keçirən şəxslərin cəzaları ağırlaşdırılır - Prokurordan Ali məhkəməyə müraciət

Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev və digərlərinin məhkəmə qərarından dövlət ittihamçısı kassasiya protesti verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyir.

Ali Məhkəmədə keçiriləcək iclas aprelin 17-nə təyin edilib. Şikayətə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində Fərhad Tağıyev, Ruslan Hacıyev və Tural Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Həmin şəxslər Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib və cəzalar azaldılıb. Belə ki, 18 il müddətinə azadlıqdan məhrum edilən L.Abdullayevin cəzası 15 ilə, 16 il müddəyinə azadlıqdan məhrum edilən E.Qasımovla P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib.

Şərti cəza alanlar - F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb. Qərarda qeyd olunub ki, birinci instansiya məhkəməsi cəzaları düzgün hesablamayıb.

Xatırladaq ki, L.Abdullayevin atası Çingiz Abdullayev Qazaxıstanda həbs edilib. O daha sonra Azərbaycana ekstradisiya edilib. Ç.Abdullayev də həmin maddələrlə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.