Aprelin 23-də Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Aprelin 23-də Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bakıda müxtəlif cinayətlər törədən 32 qrup ifşa olunub

Aprelin 23-də Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İdarədən AzNews.az-aa verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Bakı Şəhər BPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, 2018-ci ilin ilk 3 ayı da Azərbaycan üçün əlamətdar olub, prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın uğurlu inkişafı davam edib, sosial-iqtisadi problemlər öz həllini tapıb.

Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələrin layiqincə yerinə yetirildiyini bildirən M. Seyidov nazir Ramil Usubovun rəhbərliyi ilə əldə edilən bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan Bakı Şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.

Daha sonra 2018-ci ilin I rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə müşavirə iştirakçılarına təqdim edilib.

Bildirilib ki, hesabat dövründə 16 soyğunçuluq və quldurluq cinayəti törətmiş 28 nəfərdən ibarət 16 qrup, eləcə də 41 mənzil oğurluğu törətmiş 36 nəfərdən ibarət 16 cinayətkar qrup ifşa olunub.

Narkotiklərlə bağlı aşkar edilmiş 234 fakt (2017-ci ilin müvafiq dövründə 294) üzrə qanunsuz dövriyyədən 172 kiloqramdan çox (+11 kq 603 qr) narkotik vasitə çıxarılıb.

Hesabat dövründə paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 6,3% azalaraq 4.641 (-315) iş olub. İstintaqı tamamlanmış 1.192 (+121) cinayət işindən 68,4%-i (-23, 815-i) baxılması üçün məhkəmələrə göndərilib, 31,6%-nin (+144, 377) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 90,3%-i (+47,3%) ödətdirilib.

Qarşıda duran mühüm vəzifələrdən olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 12.202 ərizə və müraciət daxil olub, 445 vətəndaş qəbul edilib. Müraciətlərin 915-i Nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış etmiş, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Bakı şəhər BPİ-nin rəisi Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2018-ci ilin I rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

AzNews.az