AzNews.az xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladovanın Musavat.com-a müsahibəsini təqdim edir. AzNews.az xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladovanın Musavat.com-a müsahibəsini təqdim edir.

“Məzar daşıma şəkilimi vurmayın!..” - Xanımı Fuad Poladovun son vəsiyyətindən danışdı

AzNews.az xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladovanın Musavat.com-a müsahibəsini təqdim edir.

-Haradan başlamışdı tanışlığınız?

-İncəsənət Universitetindən. İkimiz də orada işləyirdik. Münasibətlərimiz son dərəcə rəsmi idi. Günlərin birində baxdım ki, işdən gec çıxmaq lazım gələcək, qaranlığa düşəcəm. Özlüyümdə dedim, “görəsən necə gedəcəm?” Gözləmədiyim halda qayıtdı ki, “sizi ötürərəm, Gülüstan xanım”. Mən bir az konkret və sərt cavablı adamam. Kəsə cavab verdim ki, “ehtiyac yoxdur, sağ olun”. Sonra iş yoldaşlarımız bir stol arxasında əyləşib qızğın mübahisə edirdilər. Xanımlardan biri bərkdən dedi: “Gülüstan, gəl yaxın otur ki, görəsən məni”. Sözün deyilişini bir az bəyənmədim, düzü, cavab verdim ki, “sizi elə aralıdan da yaxşı görürəm, narahat olmayın, danışın”. Bu iki hadisədən sonra yaxınlaşdıq biz Fuadla. Heç nə demədən, bir də gördüm, ciddi bir münasibətə keçib söhbətlərimiz. Sonra münasibətini bildirdi. Biz nişanlandıq və nikah bağladıq qısa zamanda. İki aydan da sonra toyumuz oldu.

-Niyə məhz o iki hadisə yaxınlaşdırdı sizi?

-Bilirsiniz, o özü də kəsə, konkret adam idi. Bəlkə də bizi özümüzdən xəbərsiz elə xarakterlərimiz yaxınlaşdırdı. Xoşuna gəlməyən məsələlərə dərhal və yerində münasibəti olurdu onu. Mən də o cürəm. Sonradan özü zarafata salıb deyirdi ki, öz aramızdır, bizim məsələni o iki hadisə həll elədi.

-Onu tanıyanda işləyirdiniz, peşəniz aktyorluq olsa da, pedaqoji fəaliyyətlə məşğul idiniz İncəsənət Universitetində. Niyə bitdi?

-Ailə qurmuşduq. Ana olmağa hazırlaşırdım. İşə də metro ilə gedib-gəlirdim. Bir dəfə özümü çox pis hiss elədim metroda. Ona bütün günümün hesabatını verirdim. Bunu o tələb eləmirdi, bilirdim ki, belə olması xoşuna gəlir. Xarakterinə bələd idim. O üzdən neynədim, nə oldu, hamısını, kəlmə-kəlmə anladırdım Fuada. Özümü metroda pis hiss elədiyimi də dedim. Dedi, bitdi, sən daha işləmirsən.

-Mübahisə və ya müzakirə elədinizmi?

-Qətiyyən. Onun qərarları heç zaman müzakirə edilməyib. Həmişə onlara əməl olunub.

-Təəssüflənmədiniz?

-Özlüyümdə pis oldum, amma sonra dedim, belə lazımdırsa, başqa cür ola bilməz. O, bilirsiniz, necə idi, məsələn, mən bazar-dükan nədir, bilməzdim. Hamısını özü edirdi ki, mənə əziyyət olmasın. Mən altı-yeddi aydır bazar-dükan tanıyıram. Onun xəstəliyi güclənəndən sonra yəni.

-Çox ağrıyırdımı?

-Əslinə qalanda əvvəl aylarda o qədər ağrısı yox idi. Çox müayinələrdən keçdi. Heç kim nə baş verdiyini bilmirdi. Problem onda səsinin tutulması ilə biruzə vermişdi özünü. Səsi tutulmuşdu bir az. Dedi, Gülüstan, niyəsə səsim tutulur mənim. Dedim, hamıda olur. Yəqin əsəbdən, narahatlıqdandır, keçər.

-Niyə gərgin idi bu qədər?

-Azdramadan getmişdi. Qəbul eləyə bilmirdi haqsızlığı. Az sayda mübarizə aparmağı bacaran adamlardan idi. Haqsızlıq görəndə onu susdurmaq qeyri-mümkün olurdu. Son tamaşasını oynayıb gedirdi sevdiyi səhnədən. Mən sonradan eşitdim, həmkarları deyir ki, onun səhnəyə son baxışı çox dəhşətli olub. Tamaşa bitib, hamı başına yığılıb sağollaşmaq üçün, o isə çox kədərli və diqqətli baxıb səhnəyə. İndi deyirəm, kaş Allahın altında biləydim o anda nə düşünmüsən, ay Fuad? Bəlkə də deyib ki, çətin bir də görüşək, əlvida!.. Düzdür, o gedişdən sonra Fuadın Rus Dram Teatrında gözəl rolları olub, amma mənim üçün onun bütün gərginliyi Azdramadan gedəndən sonra başladı. Adam elə bil düşdü. Amma bu mövzularda həmişə susurdu. Bir söz soruşanda da dönüb üzümə baxırdı. Anlayırdım ki, deyir, soruşma, sənin nəyinə lazım?... Daha dinmirdim mən də.

-Necə idi son günlərində?

-Son aylarda mən oğlum və qızımdan başqa kimsə olmadı yanında. İstəmirdi, deyirdi, məni belə görməsinlər, siz də unudun, belə yadda saxlamayın.

-Necə idi ki?

-Zəifləmişdi çox, sınıxmışdı.

-Son şəkilləri varmı barı?

-Oyy, siz nə danışırsınız? Mən onu heç çəkərəmmi elə vəziyyətdə? Qoyarammı ki, kimsə çəksin? Əsla, qətiyyən olmaz! Ömür boyu ola bilməzdi! Hələ qızım dedi, ana, bilmirəm niyə, ataya baxıram, baxıram, elə gedib sarılmaq istəyirəm...

-Niyə sarılmırdı?

-Fuad vidaları sevməzdi. Ona sarılmaq ayrılıb harasa getmək kimi gəlirdi. Bizə qastrola gedəndə, bir də dönüb gələndə sarılıb öpərdi, ümumiləşdirib də sevgisini bildirirdi, baxın ha, sizi çox sevirəm mən. Onu tanıyanlar bilir, sofu adam idi Fuad. Yeməklə də arası olmazdı. Amma son aylar elə bil iştahası açılmışdı. Ürəyi nə istədi, necə istədi hazırladım onun üçün. Ən çox onda ümidlənib, inanmışdım möcüzəyə, olmadı. Bəzən deyirdi, yeməyinin dadı yoxdur, Gülüstan. Mən anlayırdım niyə belə dediyini.

-Niyə?

-Kimya terapiyası qəbul edirdi. O çox ağır bir şeydir. Vurduğu ziyanlardan biri də insanda ağız dadının itirilməsi olur. Mən bilmirdim nə deyim. Deyirdim, sən elə məni bəyənmə, tənqid elə. Beləcə, zarafata salırdıq, gedirdi. Son günlərdə isə iştahası tamam zəiflədi. Hətta nəfəs almasında problem var idi. Oksigen balonu gətirtdik evə ki, rahat olsun ona. Dedi, özüm nəfəs alıram, lazım deyil hələ.

QEYD: Bu məqamda dediyi sözlərə nəinki özü heç mən də dözə bilmədim. Gülüstan xanımı bilmirəm, mənimki yazıq-yazıq ağlamaq idi. İnsan acizliyinin etirafı qədər dəhşətli nəsə yoxdur dünyada...

-Fuad süni heç nəyi sevmirdi. Bəlkə elə bilirdi, düzələcək, hər şey əvvəlki kimi olacaq, bilmirəm. Amma o lap son ana, nəfəs alması mümkünsüzləşənə qədər özü nəfəs almağa çalışırdı. Nəfəsinə belə sünilik qatılmasını istəmirdi. O qədər dirənişli, sərt, qətiyyətli adam idi. Lap axır anlarda artıq mümkünsüz idi. Nəfəs dayanırdı, məcbur qalıb “kislorod” qəbul elədi. Yataqdan qorxurdu. Amma gərək heç nədən qorxmayaydı. Bir də xəstə olan adama baxıcı tutulmasını sevmirdi. Görürdüm, tanıdığı kiməsə baş çəkməyə gedəndə, orda xəstə baxıcısı görüb pərt olur. Deyirdi, Gülüstan anlamıram, ailəsinin üzvünə adam necə baxmaya bilər, necə baxıcı tutar? Necə deyər ki, gücüm çatmır, iyrənirəm? Son anına qədər özüm baxdım ona. Kimsəni yaxın buraxmadı, nə o, nə də mən. İndi yəqin ki, çox rahatdır, daha ağrımır.

- Evdar xanımsınız, ailə gəliriniz ancaq Fuad müəllimdən idi...

QEYD. Nə deyəcəyimi anlayır. Heç qoymur bitirim cümləni.

-İndi də balalarımın canı sağ olsun. Yəqin hər şey yaxşı olacaq. Həmişə çıxış yolu var, təki canı salamat olsun adamın.

QEYD: Qürurun bu boydası olmur. İşsizdir, işə düzəlmək üçün kimsəyə ağız açmaq kimi niyyəti yoxdur. Həyat yoldaşının cizdiyi plana uyğun yaşayır. Bütün mərasimi öz hesabına, kimsədən nəsə istəmədən, gücü yetənə qədər edir. Heç bir çürük alma da əlinə ala bilməz kimsə yas yerinə gələndə. Fuadın ruhu ağrıyar, olmaz deyib. Belə şəxsiyyət olmaq çox zor işdir. Bunu Fuad Poladovdan bilirdik, indi bir də xanımından gördük.

-Qəribə adam idi Fuad.

-Nə qədər qəribə?

-Uşaqlarına qarşı qeyri-adi həssaslığı var idi. Balaca olduqları vax birində yüngül soyuqdəymə hiss eləsəydi, məndən küsürdü, dindirmirdi. Deyirdim, ay Fuad, axı olur xəstələnirlər, uşaqdırlar. Belə böyümüşük biz də. Axı ola bilməz ki, uşaq böyüyənə qədər bir dəfə də olsun xəstələnməsin. Deyirdi, olmur, olsun, xəstələnməsinlər.

-Bir neçə gündür yoxdur, yoxluğunu nədə hiss eləyirsiniz?

-Yoxdur deyə bilmirəm hələ. Evə gələn-gedən var, yaram təzədir. Baxmayaraq xəstəliyini də, sonunun da necə olacağını bilirdim. Onun getməyini gözləmirdim. Möcüzəyə inanırdım. Bəlkə də mənim möcüzələrə inamım Fuadla bitib. Biz susaraq anlaşmağı bacaran adam olmuşuq onunla. Ən sevdiyi yer idi mətbəx. Bəzən orda da məşq eləyirdi, ssenari ilə tanış olurdu.

-İş otağı yox idimi?

- Sevmirdi o belə şeyi. Hər yerdə məşq eləyə bilərdi Fuad, mətbəxdə, qonaq otağında, yataq otağında, balkonda, lap bayırda, yəni hər yerdə. O məşq eləmək istəyirdisə, yerin fərqi yox idi. Özəl bir keyfiyyəti var idi. Fuad ssenaridəki bütün mətnlərini əli ilə yazırdı. Hərdən deyirdim, sən yorulursan, ver bir az yazım, kömək olsun sənə. Deyirdi, yox, Gülüstan, öz xəttim olmasa, elə bilirəm, yadımda qalmayacaq mətnlər.

-Dururmu o əlyazmaları?

-Ölümündən az əvvəl xeyli şeyi, şəkilləri yığıb muzeyə təhvil verdi. Amma öz əlyazmaları, dəftərləri durur, evdədir. Hələ Hökumə Qurbanovanın də ssenari dəftərləri var idi onda. Deyirdim, niyə saxlayırsan? Deyirdi, mənə verib axı.

- Hökumə xanımın dəftərləri də durumu?

-Yox, yır-yığış edəndə əşyaları arasında onları da muzeyə yolladı. Sonra da gedib teatrdakı qrim otağını boşaltdıq. Əslində boşaltdıq deyəndə elə bir şey də yox idi. Bir-iki ssenarı, şəxsi əşyası, geyimi, vəssalam... Özü evdə arxivini təftiş eləyib muzeyə yollayanda, bəzi şeyləri dedim qoy qalsın. Dedi, nə ehtiyac var qalmasına? Nəyinizə lazımdır bunlar? Verirəm getsin. Yarızarafat dedim ki, barı toy şəkillərimizi saxla.

-Onları da verirdi?

-Yox, nə danışırsınız, sadəcə mən deyirdim, o da bilirdi ki, qəsdən deyirəm, gülümsəyirdi.

-Yəqin video çəkilişi də qalır toyunuzun?

-Yox. Onun qəribə yanaşmaları var idi. Cəmi iki-üç toy şəkilimiz var. Baxmayaraq gözəl toyumuz keçmişdi, qoymadı çəkilişini etsinlər. Çox israr edirdi yaxınlarımız, axırda döndü, dedi, bilirsiniz nə var, bütün gözəl hislər insan qəlbində qalsa, beynində xatırlansa yaxşıdır. Mən belə istəyirəm, toy çəkilməyəcək, vəssalam. Kimsə onun qərarına qarşı durmadı.

-Susub anlaşma dediniz bayaq, o necə olurdu?

-Hə, qayıdacaqdım o söhbətə özüm də. O bilirdi mən mətbəxdə iş görürəm, mən də bilirdim, Fuad yan otaqdadır. Ya televizora baxır, ya nəsə oxuyur, ya sadəcə oturub, yəni ordadır. Onu da deyim ki, axır vaxtlar özü olan verilişlərə, film, tamaşalara baxmırdı. Niyəsini sorurdum. Əli ilə işarə eləyirdi ki, istəmirəm. Hə, onu deyirəm axı, yan otaqlarda olurduq, arada bir divar var, yəni yanımdadır. Biz hansımızsa olmayanda, o yoxluğu, boşluğu hiss eləyirdik. Mən olmayanda israrla axtarırdı. Deyim ki, evdən az-az çıxan adamam, amma o nadir hal olanda belə axtarırdı. Gülüb deyirdi ki, darıxır adam.

- Bəs indi?

-İndi özü getdi, darıxır adam. Mənim bütün yan otaqlarım onsuzdur, boşdur. Hələ anlaya bilmirəm bunun həqiqət olduğunu. Bilmirəm dözmək necə olacaq, amma dəqiq bilirəm ki, boşluq var, dərin boşluq.

-O hər şeyi sizə bir-bir vəsiyyət eləmişdi...

-Hə, hər şeyi. Sözbəsöz. Son günlərdə yaxşı danışa da bilmirdi. Gec başa düşürdüm hərdən. Bəzən uşaqlara deyirdim, anlamadım, görün ata nə dedi.

-Nə deyirdi?

-Deyirdi, Azdramadan götürülməyimə yol vermə, hər hansı başqa yerdən də, evimdən, ancaq evimdən çıxar məni. Birdən gəlib sənin “saqqızın oğurlayarlar”, birdən kiməsə əl açarsan, birdən nədəsə mən qoyduğum qaydanın əksinə gedərsən, birdən kimsə nəsə verə bilər, yollayar, bax a, deyirdi, Gülüstan, bax, məzarımda tərs dönərəm, halal eləmərəm heç nəyi.

-Necə oldu, əməl edə bildinizmi?

-Bircə-bircə...

-Gələn oldumu? Kömək təklif edildimi?

-Elədilər, indi də edirlər, dedim, Fuad özünün qaydalarını qoyub. Hər şeyi necə eləmək planı cızıb mənə. Bir addım da o plandan kənara çıxa bilmərəm. Hamı var olsun.

-Nazirlikdən gəldilərmi?

-Yox, görmədim kimsəni. Heç lazım da deyil. Gələn də sağ olsun, gəlməyən də. Fuad elə kişi, adam idi ki, onun heç kəsdən minnətli dəstəyə ehtiyacı yox idi. O, hər şeyi imkanı daxilində və gücü çatan qədər eləməyi sevən adam idi. Elə də elədi. İndi mən də hər şeyi onun kimi, gücüm çatan qədər eləyirəm. O çox ağrıdı yaşaya-yaşaya. Mən onun ruhunu ağrıdacaq heç nəyin baş verməsinə yol vermərəm.

-Gülüstan xanım, Azdramanın rəhbərliyi gəldimi, sonra yenidən. Deyirlər Azər Paşa Nemətov soyuqqanlı yanaşıb hadisəyə...

-Vallah, mən bəzən adamları başa düşmürəm. Necə ola bilər ki, burda özünü sənə yaxın göstərən adam, başqa yerə gedə, orda başqa cür davrana, ayrı söz deyə, sənə aid məsələ ilə bağlı.

-Konkret kimə ünvanlanıb bu təəccübünüz?

-Özünü ikili aparan hər kəsə. Əlini çiynimə toxundurub başsağlığı verənlər var idi burda, sonra görürəm başqa cür danışırlar. Necə belə olmağı bacarırlar? Heyrət içindəyəm.

-Hər şeyi deyirsiniz, məzar daşına hansı şəkilini vurmağı vəsiyyət eləyib bəs?

-Heç hansını.

-Necə yəni?

-Dedi, məzar daşında şəkilim olmasın. Bilmirəm niyə, amma istəmədi.

-Ona da əməl edirsiniz?

-O istəyəndən sonra necə əməl eləməyə bilərəm ki?

- Bu bir az ağır söhbətdir...

-Mən də qəribə oluram, amma neyləmək olar, onun sözü yoxluğunda da qanundur. Yəqin ki, olmayacaq deyibsə, olmayacaq, vəssalam!

-Varlığında olduğu kimi?

-Bəli. O belə adam idi. Bir qərarı verdisə kimsə onu döndərə bilməzdi. Bu istər iş, istər evə aid məsələ olsun. Belə idi Fuad. Qərarı varsa, heç söz deməyin adı yoxdur ona.

- Bu söhbətlərinizə nə deyərdi sizcə?

QEYD: Üzünü evin divarında qoyulan böyüdülmüş şəkilinə çevirir sənətkarın.

-Mütləq deyərdi ki, çox danışdın ha, Gülüstan, lap çox, sus!..

SON: Əslində o heç nə danışmazdı. Kəlmə-kəlmə qopılmış xatirələrdir bütün yazılanlar. Ruhunuzdan Gülüstan xanım adına üzr istəyirım ustad. Bir də Gülüstan xanımla söhbətdən sonra birmənalı əmin oldum. Bütün böyük kişilərin arxasında hər şeyini ona fəda eləyən işıqlı bir qadın var mütləq. Fuad Poladov üçün belə gülüstanı, xanımı Gülüstan yaratmışdı. Bir sevgiyə, bir dəyərə, bir mötəşəmliyə, onun var olmasına görə, arxayın işini görüb seçilməsi üçün hər şeydən imtina edə biləcək qədər böyük sevmişdi həyat yoldaşını. Niyə sevmişdi deyək ki, elə indi də çox sevir. Dərdini də onun tapşırdığı kimi çəkir. Həzin, yavaşca, astra-asta... Yəqin hamı gedəndə şair demiş, çıxıb evyanda ağlayır, gecə olanda “yorğan döşəkdə”...Ağla “Qara paltarlı qadın”, sənə hələ bəsdir deməyə üzümüz gəlmir. Çünki Fuad Poladov qarşısında çoxlu, lap çoxlu sayda üzü sənin geyimin rəngdə olan adam var, qapqara...

AzNews.az