Kabinetlərdə ətə-qana gələn ziyanvericilər


Milli Məclisin son iclasında deputat Zahid Orucun Kənd Təsərrüfatı Nazirliyi barədə səsləndirdiyi fikir qarşı tərəfin kıskin reaksiyasına səbəb olmuşdu. Nazirliyin bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev mətbuata açıqlamasında millət vəkilinin aqrar sektorla bağlı biliklərinin aşağı səviyyədə olduğunu bildirib: "Deputat olmaqla deyil, gərək biliyin, təcrübən olsun. İnsanın bilmədiyi məsələlər barədə danışması yaxşı hal deyil. Xüsusilə də, əgər bu şəxs deputatdırsa, bu, daha pisdir".

Nazirlik rəsmisinin bu açıqlamasına isə Zahid Oruc daha sərt reaksiya verib. Millət vəkilinin AzNews.az-a gondərdiyi cavab yazısında nazirliyi sərişdəsizlikdə, müftəxorluqda ittiham edir.
Nazirlik sözcüsünün fiukirlərinə geniş yer verdiyimizdən, millət vəkilinin də yazını olduğu kimi çap edirik.



KƏND TƏSƏRRÜFATININ PEŞƏKARLARI

Nazirlər Kabinetinin bir illik fəaliyyətinin hesabatı zamanı mühüm saydığım iqtisadi-sosial problemlərin üzərində dayanaraq, onları obyektiv təhlil etməyə çalışmış, ölkəmizin regional və beynəlxalq kontekstdə yerini qiymətləndirərək bir sıra təkliflərə çıxış etmişdim. Bütün diskussiyaların məlum 12 fevral müşavirəsi ruhunda keçməsini dilə gətirərkən şübhəsiz ki, başlıca məqsəd milli gerçəklərin dövlət binalarına daşınması, xalqa yönəlik proqramların icra vəziyyəti və məmur-vətəndaş münasibətlərinə dair dövlət başçısının seçdiyi tənqidi üslubun Milli Məclisdə də üstünlük təşkil etməsi niyyəti idi.

Bu baxımdan sənədsiz mənzil və tikililərin hüquqiləşməsi, onlar üzərinə ekskavatorla gedilməsinin yanlışlığı tərəfimizdən dilə gətirilərək yüz minlərlə insanın mülkiyyətinin qanuniləşməsi üçün Dövlət Komissiyasının yaradılması zərurəti xüsusi vurğulandı. Hökumətin tədbirləri həmin vətəndaşlara sahibi olduqları əmlakı iqtisadi fəaliyyətin bazisinə çevirməyə imkan yaradardı.

Dövlət Neft Fondunun vəsaitlərinin müəyyən qisminin müxtəlif ölkə valyutalarına-konkret olaraq Avstraliya dollarına, türk lirəsinə və rus rubluna konvertasiya olunması, həmçinin Fransada stabil və qarantlı korporasiyaların alınmasına yönəldilməsini də neft qiymətlərinin dünya birjasında mütəhərrik dəyişməsindən və sosial öhdəliklərin yerinə yetirilməsindəki risqlərdən özünü qorumanın mühüm alternativi olduğunu bəyan etmişdik. Bununla belə, həmin valyuta rezervlərinin Azərbaycanda kredutləşmə resursu kimi nəzərdən keçirilməsi də yüksək bank faizləri altında olan sadə kənd adamlarının və sahibkarların iqtisadi planlarını stimullaşdıracaq başlıca mənbədir. Heç kəsə sirr deyil ki, əksər kəndlərdə nəinki böyük layihələrə, eləcə də kiçik ehtiyaclara görə insanlar ən ağır şərtlərlə kreditlərə üz tutur və növbəti çətinliklərə düçar olurlar.

Məhz bu məntiqin davamı olaraq əsaslı vəsait qoyuluşu çərçivəsində kənd təsərrüfatına ümumi xərclərin yalnız 0.5 faizinin yönəldilməsini qeyri-neft iqtisadiyyatı yaratmaq istəklərinə müsbət təsir etmədiyini də danmaq mümkün deyil. Mən təəssüflə bildirdim ki, aqrar sahədə məşğul əhalinin 42 faizinin cəmləşdiyi halda onların ÜDM istehsalında kiçik faizlə iştirak etməsi beynəlxalq məkanla müqayisədə qat-qat geri qalır. Məhz ona görə də ölkənin aqrar potensialının hərəkətə gətirilməsi üçün yeni proqramlar və effektiv islahatlara ehtiyac duyulur. Belə siyasəti dövlət adından həyat keçirən qurum olaraq Kənd Təsərrüfatı Nazirliyinin əsas əhali kontigentinə və istehsalçı kəndliyə yaxın olması baxımdan bu hökumət qurumunun bölgələrdən birinə köçürülməsi təklifi dilə gətirildi. Yeri gəlmişkən, müxtəlif xarici ölkələrdə əsas administrativ qurumların regionlarda çalışması praktikası mövcuddur və səmərəli idarəçiliyin ən yaxşı modellərindən biri hesab olunur.

Bu və bənzər fikirlər Bakının mövcud nəqliyyat və infrastruktur gərginliyindən xilas etmək fonunda daha da cazibədar səslənirdi.

Parlament üzvlərinin polemikalarına reaksiyalar gözlənən idi və bunlar hər zaman faydalıdır. Yanlış təfəkkürləri müəyyənləşdirmək yalnız bundan sonra mümkün olur.

Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi bunu isti kabinetlərin əyalətlərə dəyişilməsi sayaraq dərhal isterik açıqlama ilə çıxış edib və millət vəkillərinin aqro biliklərini təftiş etməyə çalışıb.


Əlbəttə, belə iddianın əksini sübut etməyə çalışmaq özü qüsurlu olardı. Ən azı o baxımdan ki, parlament üzvü konkret bir sektoru təmsil etmirsə, onlar ilk növbədə hüquqi-siyasi biliklərlə zəngin olmalı, qanun quruculuğu prosesində rol oynamağı bacarmalıdır. Ondan mütəxəssis olmağı tələb etmək kabinet səfsəfəsidir.

Bəs hansı keyfiyyətlər peşəkarlıq hesab olunur? Fermerlərə ayrılmış subsidiyaların bir neçə həlqədə mənimsənilməsi nə vaxtdan idarəçilik səriştəsi olub? Dövlət başçısının toplantıda dilə gətirdiyi bu ittiham yəqin ki, daha ciddi məsuliyyət və cəzalandırmalara səbəb olacaqdır.

Taxıl sahələrinin miqyasını şişirdərək, sonra alınmış məhsuldarlığa dair
saxtalaşdırmalara gedərək əhalinin həyati ehtiyaclarına dair dövlətin qərar verməsini və proqnozlarını əngəlləmək yüksək iş əmsalıdır?

Xalqın ehtiyaclarını ödəmək və taxıl ehtiyatını yaratmaq üçün Fövqəladə Hallar Nazirliyinə etibar edilməsi kənd təsərrüfatına baxanların qabiliyyətinə "inamdan və etimaddan" xəbər verir.

Motor yağlarının və gübrənin kəndliyə güzəştli şərtlərlə verilməsindəki əliəyriliyi, aqrolizinq tarifləri və torpaq sahələrinin işlənməsindəki əməkçi qayğılarını paytaxt pəncərələrindən müşahidə edən Nazirliyin başqalarından bilik tələb etməsi müftəxorların vətənpərvərlikdən danışmasına bənzəyir.

İcra hakimiyyətlərinin min bir zəhmət və xərclə təşkil etdikləri yarmarkaların piştaxtaları önündə veterenar acgözlüyü və sevinci ilə verilən müsahibələrlə bunu öz adına çıxmaq yüksək "istedaddır".

Keçmiş əmək qabaqcılları olduğunuz və sosialist yarışının qalibi seçildiyiniz günlərin xiffəti altında staxanovçular hərəkatını da bərpa edə bilərsiniz.

Ona görə dövlətin vətəndaşa ünvanlanan siyasətinə müxtəlif həlqələrdə buxovlayıcı təsir göstərənlər bilsinlər ki, ziyanvericilər təkcə torpaqda yetişmir, kabinetlərdə də belələri ətə qana-gəlir.

Çıxın bir dünyada torpağa 1 dollar vəsait qoyub 5 dollarlıq kapital yaradan hollandlardan innovasiyaları, aqretexniki tədbirləri öyrənin. Görün, Avropa kəndlərində çalışanların 10 dəfə az olmasına baxmayaraq müxtəlif göstəricilərdə dünyaya meydan oxumasının sirri nədədir?

Beynəlxalq bazara çıxışın yollarını təkcə coğrafiya dərslərindən və otağınızdakı köhnə xəritələrdən deyil, peşəkar menencerlərdən öyrənməyinizin zamanıdır.

Ona görə də millət vəkillərinə cavab vermək tapşırığını alarkən keçmiş sovet biliyinizi nazirin masası üzərinə yatırmaqdansa, yaponların iş təcrübəsini öyrənmək üçün gənc texnoloqlarınızı ora göndərməyiniz daha yaxşı olardı.

Biz Nazirliyin köçürülməsini dilə gətirərkən onun tamamilə ləğvi və ya səlahiyyətlərinin "Asan Xidmət" qurumuna verilməsini təklif etməmişdik ki...Hər halda bizim onlara deyil, hökumətin parlamentə hesabat verdiyini hörmətli nazir İsmət Abbasov yaxşı bilir.