“Başıma qara torba keçirdilər”

Martın 19-da keçmiş müdafiə naziri Rəhim Qazıyevi polis Bakıda saxlayıb. O, gecə saatlarında sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna özü məlumat verib: "Mən dünən evdən çıxıb, AzadlıqRadiosunun "İşdən Sonra" verilişinə gəlirdim. Elə evdən bir az aralanmışdım ki, 4 nəfər maskalı şəxs məni arxadan tutdu, özlərini təqdim etmədən qamarlayıb basdılar maşına. Başıma qara torba keçirdilər, özümü də uzandırdılar yerə. Bir də torbanı çıxaranda gördüm ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəyəm".

Rəhim Qazıyevlə 1-2 saat söhbətdən sonra saxlanılma səbəbinin polisə tabe olmaması ilə əsaslandırıblar: "Mənə dedilər ki, polisə tabe olmamışam. Harada idi o polis? Nə vaxt mənim evimə gəldilər, nə vaxt məni polisə dəvət etdilər mən getmədim. Saxlayanda da heç olmasa demədilər ki, siz bizimlə getməlisiniz. Məni bu üsulla aparmaqla nə demək istəyirlər, nədən gözümü qorxutmaq istəyirlər? 70 yaşım var. Gözümün odunu ala bilsəydilər, vaxtında alardılar".

Rəhim Qazıyev saxlanılmasını bir neçə gün öncə prezidentə ünvanladığı açıq məktubla əlaqələndirir. Eyni zamanda ailəsinin təhlükəsizliyindən də narahat olduğunu bildirir:

"Mən prezidentə təhqir yazmamışam, açıq məktub yazmışam. Bir vətəndaş kimi arzularımı bildirmişəm. Bu gün yol gedərkən başıma torba salıb aparırlarsa, sabah başqa şeylər də ola bilər. Özümün və ailəmin təhlükəsizliyinin təmin edilməsi üçün prezidentə, Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirinə məktub yollayacam".

DİN-in mətbuat xidməti məsəldən məlumatsız olduğunu bildirir.