Bəlkə nə vaxtsa qeyri-bioloji sistemlərin də mövcudluq şərtləri haqda yeni nəsə öyrənəcəyik. Amma hələ ki, öz mövcudluğunu tənzimləyən və bunun üçün zəruri keyfiyyətlərə malik olan canlı dünya – bioloji sistem və ünsürlərdir. Bəlkə nə vaxtsa qeyri-bioloji sistemlərin də mövcudluq şərtləri haqda yeni nəsə öyrənəcəyik. Amma hələ ki, öz mövcudluğunu tənzimləyən və bunun üçün zəruri keyfiyyətlərə malik olan canlı dünya – bioloji sistem və ünsürlərdir.

Təhlükəsizlik barədə gecikmiş qeydlər

Bəlkə nə vaxtsa qeyri-bioloji sistemlərin də mövcudluq şərtləri haqda yeni nəsə öyrənəcəyik. Amma hələ ki, öz mövcudluğunu tənzimləyən və bunun üçün zəruri keyfiyyətlərə malik olan canlı dünya – bioloji sistem və ünsürlərdir.

Bu mənada nə insan fərd kimi, nə də ki, cəmiyyət toplum kimi istisna deyil. Biz müxtəlif vaxtlarda ən rəngarəng və çeşidli dəyərləri – azadlığı və yaxud da rifahı, hətta hər bir insan üçün özəl bir məzmun kəsb edən xoşbəxtliyimizi belə təhlükəsziliyimizdən önə çəkməyə çalışsaq da, azacıq ekstremal və yaxud da fors - major bir situasiya yaranan kimi hər şeyi unudub dərhal ilk növbədə təhlükəsizliyimizin qeydinə qalırıq. Bu da təbiidir, çünki hər şey üçün, hətta azad və xoşbəxt olmaq, firavan yaşamaq üçün də öncə mövcud olmaq və özümüzün həm sosial və həm də bioloji mövcudluğumuzu təmin etmək lazım gəlir.

Bilirəm, soruşacaqsınız ki, belə “fəlsəfi” girişə nə ehtiyac var? Amma son günlərdə elektrik enerjisi ilə bağlı yaşadığımız problemlər diqtə edir ki, məsələyə xüsusi diqqət ayıraq.

Təbii ki, belə hallar hər yerdə ola bilir və heç bir ölkə bundan tam sığortalanmayıb. Amma bunu adi bir sənaye qəzası kimi də yaşamaq düzgün deyil, çünki son bir-iki gün ərzində belə məlum oldu ki, elektrik stansiyasında baş vermiş adi texniki qəza bir neçə günün içində ölkəni iflic edə bilər. Bizsə adi ölkədə yaşamırıq, müharibə şəraitində yaşayan ölkənin vətəndaşlarıyıq.

Ona görə də problemlə bağlı nəticələrimizi də cari və perspektiv nəticələr kimi iki qrupa bölməliyik. İlk cari nəticə budur ki, istənlən, hətta texnoloji inhisar belə təhlükəlidir. Ona görə də enerji təhlükəsizliyi də alternativ şəbəkələrin yaradılmasını, bu sistemin də diversifikasiyasını tələb edir.

Digər bir nəticəs isə bu sistemdəki qulluqçu personalın məsuliyyətinin artırıılmasıdır. Biz həmişə qeyd edirik ki, indiki halda milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri də korrupsioner və səhlənkar məmur və qulluqçulardır, çünki bunlar bizi aldatmaqla, işlərinə məsuliyyətsiz yanaşmaqla, dövlət xərclərini təyinatı üzrə xərcləməməklə bütün ölkəyə bu cür gözlənilməz “sürpriz”lər yaşada bilərlər.

Konkret hala, Mingəçevir SES-də qəzaya gəldikdə isə, əlbəttə ki, bu, ciddi şəkildə təhlil edilməli, ümumlikdə, SES-in texniki vəziyyəti ciddi monitorinq edilməli və təxirəsalımaz işlər görülməlidir. Səhv etmiriksə, artıq prezidentin də məsələ ilə bağlı xüsusi göstərişi var və hətta müvafiq orqanlara problemi araşdırmaq da tapşırılıb.

Ümumilikdə problem bir daha enerji təhlükəsizliyini də gündəmə gətirdi. Bu xüsusda bir məsələni də qeyd etmək yerinə düşərdi. Azərbaycan əsasən karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Amma yeni enerji mənbələrinə də diqqəti artırmalıyıq. Söhbət tək sırf təbii və alternativ enerji mənbələrindən, bərpa olunan resurslardan, məsələn, Günəş və yaxud külək enerjisindən getmir. Ölkədə bu sahədə də müəyyən işlər görülür və bunu təqdir etmək lazımdır.

Amma son qəza da göstərdi ki, qeyd olunan seqment ölkənin enerji resurslarında elə də böyük bir çəkiyə malik deyil. Ona görə də ənənəvi enerji resurslarına, yüksək texnoloji tutuma malik modern enerji sistemlərinin yaradılmasına çalışmalıyıq. Bu istiqamətdə ilk ağıla gələn təbii ki, atom enerjisidir. Niyə Azərbaycanda AES-in tikintisi haqqında düşünməyək?

Dərhal qeyd edək ki, bir neçə il bundan əvvəl bu haqda da söhbətlər gəzirdi. Amma davamlı olmadı. Halbuki AES-in tikilməsi yüksək texnoloji parkın yaranması, elmi tutumlu sənaye sektorunun formalaşması və ən başlıcası da, enerji ehtiyatlarının artması baxımından önəmli olardı.

Əlbəttə ki, bu, böyük məsrəf tələb edir. Amma bizim buna həm imkanımız var, həm də enerji özü sərfəli bir kapitaldı, onu digər ölkələrə də satmaq olur.

Əsas odur ki, heç bir sahədə inhisar olmasın. Həm də nəzərə almaq lazımdır ki, getdikcə enerjiyə ehtiyac artır. Məsələn, nisbətən mülayim iqlimə malik Gürcüstanda belə yay aylarında qışdakından çox enerji sərf olunur. Düşünürük, Azərbaycanın daha çox enerji tələbatının olduğunu əsaslandırmağa ehtiyac yoxdur– həm istehlakçıların sayı qat-qat artıqdır, həm də sənaye sektoru daha güclüdür. O səbəbdən daha çevik qərarlar qəbul etməli, strateji planlaşdırmaya diqqəti artırmalıyıq – tək bugünün deyil, sabahın da çağırışları haqqında düşünmək lazımdır...

Hüseynbala Səlimov
AzNews.az