Otuz ilə yaxındır ki, siyasi təhlillər yazıram və çox az hallarda bu janrdan kənara çıxmışam. İndi də adətimi dəyişmək fikrim yoxdur. Di gəl, fikrim janrdan kənara çıxmaq olmasa da, azacıq mövzunu dəyişməkdir – futbol üzrə builki dünya çempionatı, xüsisən də onun bir məqamı mənə o qədər təsir etdi ki, düşündüm bunun “siyasi” tərəflərinə toxunmamaq günah olar. Otuz ilə yaxındır ki, siyasi təhlillər yazıram və çox az hallarda bu janrdan kənara çıxmışam. İndi də adətimi dəyişmək fikrim yoxdur. Di gəl, fikrim janrdan kənara çıxmaq olmasa da, azacıq mövzunu dəyişməkdir – futbol üzrə builki dünya çempionatı, xüsisən də onun bir məqamı mənə o qədər təsir etdi ki, düşündüm bunun “siyasi” tərəflərinə toxunmamaq günah olar.

“Biz də bacararıq!” deyən millətlər...

Otuz ilə yaxındır ki, siyasi təhlillər yazıram və çox az hallarda bu janrdan kənara çıxmışam. İndi də adətimi dəyişmək fikrim yoxdur. Di gəl, fikrim janrdan kənara çıxmaq olmasa da, azacıq mövzunu dəyişməkdir – futbol üzrə builki dünya çempionatı, xüsisən də onun bir məqamı mənə o qədər təsir etdi ki, düşündüm bunun “siyasi” tərəflərinə toxunmamaq günah olar.

Elə ilk oyunlardan gözüm Xorvatiya komandasını tutdu. Yox, mən elə də futbol bilicisi deyiləm, amma bu komandanın meydanda özünü necə inamlı aparmasını, əzmlə çarpışdığını görəndə ürəyimdə dedim ki, mən bunlara azarkeşlik edəcəm.

Həm də nə gizlədim, böyük dövlətlər, onların həmişə hamıdan və hər şeydə birinci olması yorub məni. Xorvatiya isə lap “bizimkilər”dəndir – dövlət kimi 27 yaşı var, 1991-ci ildə müstəqillik qazanıb, Azərbaycanla təxminən eyni vaxtda...

Əlbəttə ki, Xorvatiya çempion ola bilmədi, hətta finalda möhtəşəm, mənim gözlədiyim mübarizəni də göstərə bilmədi. Amma ikinci olmaq da, gümüş mükafata sahib olmaq da az bir iş deyil. Bir yada salın, görün, hansı möhtəşəm komandalar çempionatdan çıxdaş oldular.

Xorvatiya futbolçuları nə etdilər? Onlar Xorvatiya siyasətçilərinin 27 ildə edə bilmədiklərini bir neçə həftənin içində etdilər! Əminəm ki, bu günlərdə milyonlarla insan Xorvatiya və ya xorvatlar haqqında daha çox bilməyə, bu ölkə və onun xalqı ilə daha çox maraqlanmağa başladılar.

Bəli, xorvatlar “Biz də bacararıq!” dedilər və bunu da etdilər. Bilirsiniz, çox maraqlı bir Amerika filmi var. Aviasiya qəzası nəticəsində meşəyə düşümüş bir neçə insanın qurtulmaq üçün mübarizəsindən bəhs edir. Bu adamların ərzaqsız-filansız meşədə qalması bir tərəfə, həm də nəhəng bir ayı təqib edir onları. Axırda belə qərara gəlirlər ki, ayını öldürsünlər. Bu qərarı onlardan biri deyən kimi, o birilər qayıdır ki, bacarmarıq. Amma o bir nəfər israrla deyir ki, başqaları bacarıbsa, biz də bacararıq! Belə də edirlər və ayını öldürürlər...

İndi xorvat idmançılar da sanki dedilər ki, başqaları futbolda bunu bacarıbsa, biz də bacararıq və finala qədər gəlib çıxdılar.

Biz azərbaycanlılar da bir çətinliyə düşəndə, dolaşıq, qarışıq situasiyalarda özümüzə belə deməliyik: BAŞQALARI BACARIBSA, BİZ DƏ BACARARIQ...

Yox, yox, demirəm ki, futbolda gəlib dünya çempionatının finalına çıxmalıyıq. Söhbət bundan getmir. Hərə idmanın bir növündə güclü olur və biz də hansısa idman növünü öz adımızla bağlamasaq da, hər halda, fərd olaraq idmançılarımız müəyyən uğurlar əldə ediblər. Həm də mən “BACARARIQ!” deyəndə təkcə idmanı nəzərdə tutmuram. Eybi yoxdu, qoy, geriliyimiz elə futbolda olsun, başqa məsələlərdə geri olmayaq...

Bir çox şeylər, 80-90-cı illərin prosesləri mənim gözlərim önümdən keçib. O vaxt heç bilirsiniz nə qədər insan “Əşi, biz müstəqil dövlət ola bilərik? Rus buna imkan verərmi” – deyə soruşurdular. Biz gənclərsə qəti şəkildə “Bacararıq!” deyirdik. Şükür, belə də oldu, bacardıq.

İndi qarşımızda iki vacib problem dayanır. Ən birincisi təbii ki, Qarabağdır. Bununla bağlı da müəyyən tərəddüdlər var. Elə hey soruşulur ki, nə vaxt həll olunacaq bu məsələ, nə vaxt bitəcək bu proses?

Mən də şəxsən ərkim çatanlara, eşidənlərə həmişə deyirəm ki, Qarabağ problemi o vaxt həll olunacaq ki, biz “Nə vaxt həll olunacaq?” soruşmayacaqıq, “Həll edəcəyik!” deyəcəyik. Belə deyəndə yenə həmin sual gəlir: “Bacaracağıqmı?”. Cavabımız yenə də birmənalıdır: başqaları bacarıbsa, biz də bacararıq, ən əsası, başqa yol yoxdur: bacarmalıyıq!

Tərəddüd duyduğumuz məsələlərdən biri də demokratiyadır. Amma burada da başqa yol yoxdur. Hamımız – idarə edənlərimiz də, idarə olunanlarımız da tədricən bunu öyrənməli, buna alışmalı və fərdlərə, cəmiyyətə getdikcə daha çox hüquq və azadlıqlar verməliyik.

İnsanlarımızın bir qismi yenə tərəddüd edir: bacararıqmı? Bir daha deyirik: bacarmalıyıq! Əgər insanlar bunu min il bundan əvvəl Afinada, 200 il bundan əvvəl Amerikada bacarıbsa, biz də bacararıq!

Bir neçə gündür ki, müəyyən gərginlik yaşayırıq. Əlbəttə ki, xüsusi narahatlıq üçün elə bir əsas yoxdur. Amma min təəssüf ki, dini radikallar ilk “debüt”lərini etdilər, hətta müəyyən itkilərimiz də oldu. Əlbəttə ki, tez zamanda hər şey stabilləşəcək. Amma bu, artıq bizim üçün yeni bir situasiyadır: əvvəl belə şey olmamışdı. Fəqət, bir daha deyirik ki, təəssüf ki, dini radikallar bura da yol tapdı.

Ona görə də daha bir sınaqdan keçməliyik - əzmlə sübut etmək ki, biz Azərbaycanı sabit, demokratik və dünyəvi dövlət kimi qoruyacağıq, bura cəhalətin, xurafatın yol açmasına imkan verməyəcəyik. Ona görə də mən daha “bacararıqmı?” deyə soruşmuram da, çünki BACARMALIYIQ...

Hüseynbala Səlimov
AzNews.az