Gəncədə baş verən hadisələr göstərdi ki, xarici güclər və onların əlaltıları Azərbaycanı yolundan döndərə, təzyiq edə bilməz. Gəncədə baş verən hadisələr göstərdi ki, xarici güclər və onların əlaltıları Azərbaycanı yolundan döndərə, təzyiq edə bilməz.

Gəncədəki hadisələr göstərdi ki, xarici güclər Azərbaycanı yolundan döndərə bilməz - Musa Qasımlı

Gəncədə baş verən hadisələr göstərdi ki, xarici güclər və onların əlaltıları Azərbaycanı yolundan döndərə, təzyiq edə bilməz.

Bunu Trend-ə millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ölkəmizdə güclü dövlət, xalq və hakimiyyət arasında sıx birlik mövcuddur:

"Cənab Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdakı nitqi hamının ürəyincə oldu. Çünki xalq sabit, dinc və təhlükəsiz şəraitdə yaşamaq və işləmək istəyir. Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkəsidir. Biz indiyədək nə əldə etmişiksə, sabitliyin hesabına olub. Təbii ki, bu sabitliyi yaradan dövlət siyasəti və xalqdır. Xalq dövlətinin yanındadır".

M.Qasımlı bildirib ki, Gəncədə cinayəti törədənlər heç bir güzəşt olmadan qanun və ədalət məhkəməsi qarşısında dayanmalıdırlar: "Onlar müvafiq cəzanı almalıdırlar ki, belə xəyala düşən digərlərinə də dərs olsun".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.