Dövlət nədir? Dövlət nədir?

10 qəpiyin söhbətini çox etdik, bir az da 47 milyondan danışaq...

Dövlət nədir?

Səndən soruşuram, əziz qardaşım, möhtərəm bacım...

O kəslərdən ki, Tarif Şurasının sərnişinlərin daşınması məsələlərini masaya yatırıb da ictimai nəqliyyatda gediş haqlarını bir balaca, lap cüzi qaldıranda təsirə düşdü...

Təsir edənlər kimdir, məqsədləri nədir, dövlətdən, hakimiyyətdən nə istəyirlər?- onları saçlarını mətbuatda ağarmış biri olaraq yaxşı tanıyıram, necə deyərlər dabbaqda gönlərinə də bələdəm.

Gözlərinin içinə qədər yalançı, riyakar, ikiüzlü, fürsətçidirlər, heç bir intellektual mübahisəyə qoşula və Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən mövqe qarşısında davam gətirə bilməzlər.

Odur ki, belələrini ciddiyə almaq, onlara xitabən nələrsə söyləmək artıq vaxt itkisidir.

Odur ki, sizdən soruşuram, əziz qardaşım, möhtərəm bacım, dövlət nədir?

Bəli, tamamilə haqlısınız, dövlətin çox tərifi var. Amma mən yenə də ən sadəsini, hər birimizin başa düşə biləcəyi şəkildə olan birini deyim: “Dövlət ortaq mənafelərə malik olan bəlli bir insan qrupunun təşkilatlanma formasıdır”.

Yəni, bəşəriyyətin bəlli bir ərazidə yaşayan bəlli bir qrupu “tarix bilinci” əsasında yığışır, müzakirə aparır, ortaq fikrə gələrək və “ictimai müqavilə” bağlayaraq dövlət təsis edir.

Əgər söhbət daşımaqdan böyük planda, ideyalar müstəvisində, gələcəyə qalib kimi qədəm qoymaq hədəflərinə nəzərən gedirsə, burda gerçəklik olduqca fərqlidir: bəzi tarixi məqamlarda dövlət cəmiyyəti, bəzi məqamlarda isə cəmiyyət dövləti belinə şələləyib aparır. Siyasi tarixdən buna çox misallar çəkmək olar. Məsələn, Çar Rusiyası süqut edəndə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milləti çiyninə alaraq respublika elan etdi, Osmanlı imperiyası çökəndə millət dövləti çiynində daşıdı və Atatürkün başçılığı ilə işğalçıları qovaraq respublika qurdu.

Bu söhbəti uzatmadan diqqətinizi iki mətləbə yönəldəcəm:

1) Millət və dövlət o zaman çiyin-çiyinə yürüyə bilir ki, ƏNƏNƏlər buna şərait yaratsın;

2) Dövlət cəmiyyətə, cəmiyyət dövlətə o vaxt “şələ” olmur ki, ƏNƏNƏləri ərsəyə gətirən subyektlər məcmu halında istehlahkçı yox, istehsalçı olsun.

Azərbaycan renessans mədəniyyəti, sənaye inqilabı, informasiya çağı kimi son yüzillərdə tərəqqinin əsasını təşkil edən üç əsas anlayışı ordan-burdan eşitmiş, duymuş məmləkətdir. Bunun elmi-texniki tərəfi budur ki, Mirzə Ələkbər Sabir demiş, əcnəbi seyrə balonlarda çıxanda biz hələ avtomobil minmirdik.

Elədir, elə deyil?

Bəli, elədir!

Elədirsə, nəticə də bir az pərişanlıq yaradacaq. Bu üç mərhələni keçməmiş toplumun avtomobil, avtobus, qatar, uçaq və s. istehsal edə bilməsi üçün zamana, ən azından bilgi və təcrübə baxımından xarici dəstəyə ehtiyacı var. Başqa sözlə bu o deməkdir ki, biz hələ bir müddət də xaricdən maşın, qatar, uçaq almalıyıq.
Sözümü uzatdımsa, bağışlayın, gələk avtobuslara.

Bir gənc qız minir avtobusa, başının üstünü yaşlı xalalar ley kimi alır. Bir cavan oğlan ictimai nəqliyyatda bir hovur oturur, yüz yerdən tənə eşidir. Olmazmı ki, avtobuslarımız çox olsun, intervalla dəqiq işləsin, hər kəs yayda sərin, qışda isti salonda, ayağını ayağının üstünə rahatca aşırıb, kitab oxuya-oxuya, sevgilisinə, dostuna mesaj yaza-yaza mənzil başına çatsın? Bir-birinin belinə minməsin, basdırığa salıb qız-gəlini əlləməsin, qoltuğunun altının iyini camaata verməsin?

Olar və olmalıdır!

Amma biz bunun üçün vətəndaş olaraq pul xərcləmək istəyirikmi?

İstəyiriksə, o “10 qəpik” söhbətində niyə təsir altına düşdünüz?

İstəmiriksə, o zaman nədən şikayətlənirik, dövləti, hökuməti qoyuram hələ bir qırağa, o “xalalar” mövzusunu sosial şəbəkələrdə ilin on iki ayı niyə gündəmdə saxlayırıq?

Əlbəttə, mən də sizin birinizəm, yaxşı başa düşürəm ki, bahalaşma heç kimə xoş deyil. Kasıba da xoş deyil, varlıya da! Adi bir kibriti dünən 1, bu gün 2 qəpiyə alırsansa, bu belə psixoloji baxımdan təlaş yaradır. Ancaq küyə getməzdən, təsir altına düşməzdən öncə sual etmək gərəkmirmi ki, əcəba, bu “ictimai nəqliyyat” deyilən daşıma xidməti dünyada necə təşkil olunur?

Yox, sualdan yayınmayaq, axı biz çağdaş və liberal bir ölkə olmaq hədəfindəyik...

Bu sarıdan model olaraq nəzərdən keçirdiyimiz ölkələrdə şəhərdaxili yerüstü ictimai daşıma xidməti ya bələdiyyələrə, ya da özəl şirkətlərə məxsusdur.

Azərbaycanda avtobusla gediş bahalaşan kimi zəng etdim Bakıda avtobusla sərnişin daşıyan bir şirkətin rəhbərliyindəki tanışıma, qan ağladı. “İllər öncə benzin bahalaşmışdı, daşıma qiymətləri qalxmamışdı. Təkərin, ehtiyyat hissələrinin qiyməti qalxıb, sürücülər daha yüksək maaş istəyir, verə bilmirik. Xərcimiz-borcumuzu ödəmir”- eynilə belə dedi. İndi əlaqədar qurumların haqqı yaranır həmin sahibkarlara deyə ki, bax, qiymətləri cüzi də olsa qaldırdıq, buyur, vətəndaşa daha yaxşı xidmət elə!

Və gələk ən əsas məsələyə. Azərbaycanda, lap konkret götürək, paytaxt Bakıda avtobuslar günü bu gün bələdiyyələrin ixtiyarına verilsə, bilirsinizmi nə baş verər? Hər ay avtobusa minən də, minməyən də ya vergi verməli olar, ya da daşınma qiymətləri elə kəllə-çarxa qalxar ki, heç kim evindən çölə çıxmaq istəməz. Yəni, bu məbləğ 10 qəpiklik artışın aylıq nəqliyyat xərclərinizə təsirinin toplamından qat-qat çox olar. Hazırda, hətta bahalaşmadan sonra da Azərbaycanda ictimai nəqliyyat MDB məkanında ən ucuzlar sırasındadır.

Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayrıldı.

Bu sərəncamdan sonra məqsədli və məkrli şəkildə ictimai emosiyanı coşdurub ictimai nəqliyyatda gediş haqqının artmasından kütləvi qəzəb dalğası yaratmaq istəyənlərlə yenə bir işim yox, amma belələrinin təsirinə düşən əziz bacı və qardaşlarım, hesab dəftərini istəyirsiniz bir də açaq.

Baxın, əziz sərnişinlər, bizim cibimizdən çıxan 10 qəpik dövlətin olduğu kimi, dövlətin büdcəsindəki paralar da bizimdir. Normal vətəndaş və dövlət münasibətləri məhz bu prinsipdən çıxış etməyi tələb edir. Odur ki, başınızı qaldırın və görməyə çalışın, sizi küyləyənlərdən bircəciyi Bakıya 300 avtobus alınması üçün 50 milyona yaxın para ayrılmasını hətta dövlət, hökumət, prezident müstəvisində belə demirəm, vətəndaşların mənafeyi baxımından təqdir etdimi?

Demək ki, onların dərdi biz deyilik, çəkdikləri qayğı bizim rifahımız, rahatlığımız deyil.

Niyyətləri məhz dövlətlə vətəndaş arasında gərginlik və güvənsizlik yaratmaqdı...

Amma nə qədər ki Azərbaycanın prezidenti İlham Əliyevdir, arzuları ürəyində qalacaq və bu dövlətin qüdrəti, dövlət başçısının vətəndaşa xidmət əzmi onların hər birinə gözdağı olacaq!

Taleh ŞAHSUVARLI
AzNews.az saytının Baş redaktoru