23:03
(077) 610-22-33

“"Talışıstanın səsi“ radiosu təkcə Ermənistanın layihəsi deyil”

  • >
547 28 Mart 2013 20:30 | Cəmiyyət

"Şuşada ermənilər tərəfindən yaradılan "Talışıstanın səsi" radiosunun yayımının məhdudlaşdırılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tərtər və Ağdam istiqamətlərində xüsusi qurğular quraşdırıb".

Bunu apa tv-yə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki mənbə deyib.

Məlumata görə, nazirliyin mütəxəssisləri bununla bağlı çalışırlar: "Məqsəd radionun siqnalının tezliyə aid olmasını müəyyənləşdirib, bloklamaqdır".

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev isə Şuşada ermənilər tərəfindən yaradılan radionun təkcə Ermənistanın layihəsi olmadığını bildirib: "Rusiya münaqişələrin Qafqazda daim oturuşması üçün ya etnik zəmində, ya da ərazi məsələsində hər zaman problemlər yaradıb. Bu da Rusiyanın açıq təzyiqlərinin göstəricisi idi və göstərmək istəyirdilər ki, Azərbaycan Rusiya ilə hesablaşmalıdır. Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində geri çəkilməmək prinsipini əsas tutmasından sonra "Talış" radiosu adı altında Azərbaycanda qarşı bölücülük məqsədli tədbirlər seriyası düşünülür ki, bu da əlbəttə talışların iradəsi deyil".

Deputatın sözlərinə görə, Azərbaycan tərəfi bunun Rusiyanın oyunu olmasını cəmiyyətə çatdırmalıdır: "Bu məsələ Milli Məclisdə ciddi müzakirə olunmalıdır".

F. Quliyev həmçinin bildirib ki, verilən siqnalların texniki neytrallaşdırılması haqqında rəsmi qurumlar ciddi düşünməlidir. O hesab edir ki, radioda çıxış edənlərdən heç biri Azərbaycanda doğulmuş, böyümüş talışlar deyil: "Əgər radio açılırsa, Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqı yaradılırsa, Azərbaycanda bölücü ünsürlərin müqaviməti məsələsi haqqında danışıqlar gedirsə, İranın təpkiləri, Rusiyanın hədə-qorxusu varsa, Azərbaycan bunu dövlət səviyyəsində araşdırmalıdır, araşdırma mərkəzləri proqnoz verməlidir, komissiyalar yaradılmalıdır".

Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov , "Hirkan" jurnalının redaktoru Rabil Abdinov və hüquq müdafiəçisi Ataxan Əbilov İran prezidenti Mahmud Əhmədinejada radionun fəaliyyəti ilə bağlı etiraz məktubu göndəriblər. Müraciətdə qeyd edilib ki, radio aparıcılarının danışıq tərzinin linqivistik analizinin nəticəsi güman etməyə əsas verir ki, həmin şəxslər İran ərazisində yaşayan talışlardır. Rafiq Cəlilovun sözlərinə görə, İran universitetlərinin bəzilərində talış dili tədris edilir: "Ləhcə baxımından bu İran ləhcəsinə yaxındır. Biz əmin deyilik ki, onlar İran vətəndaşlarıdırlar. Bu, İran Azərbaycan münasibətlərinə xələl gətirmək üçün təxribat xarakterli də ola bilər. Bu səbəbdən də İran rəhbərliyindən xahiş etmişik ki, məsələni araşdırsınlar".

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən isə İranın "Talışıstanın səsi" radiosuna aidiyyatının olmasına dair yayılan xəbərlər kəskin şəkildə təkzib edilib. "İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin müstəqilliyinə xələl gətirəcək fəaliyyətə qarşıdır. Bəzi İran vətəndaşları hətta İranın özünə qarşı da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində işləyir. Belə şəxslərin "Talışıstanın səsi" adlı radioda fəaliyyət göstərməsi onların İranla əlaqəsinin olmasına dəlalət edə bilməz".

AzNews.az
Bağla X