Əcnəbilərin qeydiyyatı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək

Aprelin 1-dən Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə DMX-nin yaydığı xəbərdarlıqda bildirilib.

Xəbərdarlıqda qeyd olunub ki, bununla bağlı Azərbaycana gələn hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs özü və ya yaşayış sahəsi verən şəxs tərəfindən 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmaları üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket, onun ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti tələb olunur. Anketin forması DMX-nin rəsmi veb saytında (www.migration.gov.az) yerləşdirilib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmaları üçün ərizə-anket formasını dolduraraq pasportlarının sürəti ilə bir yerdə DMX-nin qeydiyyat@migration.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

AzNews.az