08:09
(077) 610-22-33

Baloğlana quyu qazdıran kimdir? - Səhnə arxasında...

  • >
6 275 10 Sentyabr 16:20 | Cəmiyyət

Baloğlan Əşrəfov... Azərbaycanda böyük tamaşaçı kütləsi tərəfindən sevilən bir müğənni. O müğənni ki, səsi gələndə uşaqdan böyüyə hamı onun mahnılarına qol qaldırıb oynayıb. Xüsusən də “Anam mənim” mahnısından sonra.

Elə bir konsert zalı tapmazsan ki, Baloğlan Əşrəfovun oradan səsi gəlməsin, səhnəsində var-gəl etməsin. Bütün konsertləri də anşlaqla keçib. Məsələn, 2007-ci ildə “Yaşıl teatr”da “ikinci nəfəs” adlı solo konserti olmuşdu. Ağır əməliyyat keçirən, ciyəri dəyişdirilən sənətçi səhhətinin tam qaydaya düşməsini belə gözləmədi. Səhnəyə çıxıb “ayaqdayam, ölməmişəm” deyə heyranlarını salamladı.

Ondan iki il sonra, 2009-cu il. Bu dəfə Heydər Əliyev Sarayının səhnəsində göründü. Özü də iki günlük konsert proqramı ilə. “Nədəndir” adlı solo konserti nəinki Azərbaycan, hətta Tükiyə mediasının gündəmi oldu. Türk müğənnisi Sərdar Ortacın Azərbaycan müğənnisinin repertuarına müraciəti və bununla bağlı ondan icazə alması da uzun müzakirələrə səbəb oldu.

Bütün bu alqışların həm də bir səbəbkarı vardı: təşkilatçılar. Baloğlan Əşrəfova ünvanlanan hər bir alqışda həm də onların zəhməti var.

İndi həmin Baloğlan Əşrəfovdur. Nə özü dəyişib, nə də ifaları. Amma dəyişən bir şey var - o da sentyabrın 9-da “Yaşıl teatr”da keçirdiyi konsertin təşkilatçısı...

Müğənni bu konsertin bütün reklam işini “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttaba həvalə elədi. Hər bir işini ona etibar edən müğənni bir də konsert günü ayıldı.

Baxdı ki, illər öncə səsinin sehrinə yığdığı heyranlarını Samir Xəttab pərən-pərən salıb. Bu azmış kimi, təşkilatçı sosial şəbəkədə müğənnini məhkəmə ilə hədələyib: “Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim.

Çünki kariyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə nəyə görəsə, elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs nədənsə, özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil.

Ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Arxamca danışmaqdansa, mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir, uçan quşlar...”

Əməkdar artist Baloğlan Əşrəfov isə baş verənlərə görə, konsetinin təşkilatçısı “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabı ittiham edib:

“Əvvəlcə onu deyim ki, konsert möhtəşəm keçdi. Samir Xəttaba gəlincə, o, fırıldaqçıdır. Ayıb olsun ona. Zalda 1000-dən çox tamaşaçı olub. Mənə bir manat da olsun, pul verməyib, özü də aradan çıxıb. Amma mən insanlar üçün oxumuşam. Samir konsert günü orada olmayıb. Orada olmayan təşkilatçı neçə danışa bilər? Konsertlə bağlı heç bir reklam kampaniyası qurmayıb, ancaq “qara piar” aparıb. Konsertə rayonlardan, başqa bölgələrdən də tamaşaçı gəlmişdi. 3 saata yaxın oxumuşam. Kiminsə sifarişini yerinə yetirib, heç kimdən bir manat almamışam. Samir deyib ki, məhkəməyə verəcək. Kimi verəcək? Sən mənə bir manat vermisən? Hansı haqla məhkəməyə verə bilərsən? Məni məhkəməyə verməyənin... Neyləyir eləsin, bir dön arxana bax, gör nə boyda qüsurların var”.

“Yaşıl teatr”ın direktoru Seyran Cavadov Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabı konsert günü özünü yaxşı aparmadığını deyib:

“Təşkilatçı nə “Yaşıl teatr”a, nə də Baloğlan Əşrəfova bir manat da pul ödəməyib. Bizim aramızda müqavilə imzalanıb. Həmin müqavilədə göstərilən şərtlər var. Samir həmin şərtlərin birinə də əməl etməyib. Yazıq neyləsin, Samir aldadıb onu. Bütün günahlar Samirdədir. Teatrın işıq, qaz, su pulu var. Bu konsretdən kommunal xərclərin heç biri ödənilməyib. Konsert gününə kimi də gəlib yalvarıb. Özünü pis aparıb, nalayiq sözlər işlədib. Baloğlan müəllimi aldadıb ki, onun sponsorları var. Konsert verən sənətçi bilet satmır”.

Bu da son... Baloğlan Əşrəfova “Yaşıl teatr”ın səhnə arxasında bir “quyu” qazıldı. O quyunun əsl sifarişçisini isə çox güman ki, ifaçının özü bilir.

Bahar RÜSTƏMLİ
AzNews.az

Bağla X