Oğlumu telefondan uzaq tuta bilmirəm. Mən qadağan edirəm, gedib anasının telefonunu götürür, anası telefonu əlindən alır, bibisinin telefonununa sarılır, ondan da kar aşmayanda babasının üstünə qaçır. Qısacası, nə ediriksə xeyri olmur, uşaq telefondan əl çəkmir. Oğlumu telefondan uzaq tuta bilmirəm. Mən qadağan edirəm, gedib anasının telefonunu götürür, anası telefonu əlindən alır, bibisinin telefonununa sarılır, ondan da kar aşmayanda babasının üstünə qaçır. Qısacası, nə ediriksə xeyri olmur, uşaq telefondan əl çəkmir.

Uşaqlarımızı məhv edən telefonlar...

Oğlumu telefondan uzaq tuta bilmirəm. Mən qadağan edirəm, gedib anasının telefonunu götürür, anası telefonu əlindən alır, bibisinin telefonununa sarılır, ondan da kar aşmayanda babasının üstünə qaçır. Qısacası, nə ediriksə xeyri olmur, uşaq telefondan əl çəkmir.

Evdə uşaqlar üçün tərtib olunmuş nə qədər nağıl kitabı var, çoxu necə alınıbsa, eləcə də durur. Heç qatı açılmayıb. Deyim ki, hələ uşaqdır, yox, səkkiz yaşı var (bu yerdə müəllif sanki oxuculara cavab verirmiş kimi astadan “Allah sizin də uşaqları saxlasın” deyir). Və mənə elə gəlir ki, səkkiz yaş bir uşağın kitabı sevməsi, ona alışması üçün ideal yaşdır.

“Bizim dövrümüzdə belə deyildi” kimi ifadələrdən mənim zəhləm gedir. İnsan keçmişə bağlı qalmamalı, hər zaman inkişafın ətəyindən yapışıb irəliyə getməlidir. Dərindən fikirləşəndə isə görürsən ki, bizim dövrümüzdə həqiqətən belə deyildi. Səkkiz yaşım olanda “Dünya ədəbiyyatı seriyası”ndan olan Azərbaycan nağıllarını da, dünya nağıllarını da artıq oxuyub bitirmişdim və məni buna heç kəs məcbur etməmişdi. Oxumaq istəyi öz içimdən gəlmişdi. Nə bilim, bəlkə bizim dövrümüzdə mobil telefon olsaydı, yəqin mən də oxumazdım.

Təkcə mən belə deyildim, aşağı-yuxarı hamı o cür idi.

Ancaq o dövrdə oyun kompüterləri də təzə-təzə çıxmağa başlamışdı. Və hər dəfə atama “Mənə Dendi al” deyəndə cavab verirdi ki, bu il əlaçı ol, alacam. O alacam, bu alacam, atam doqquzuncu sinfə qədər məni tovladı, bu sayədə də hər il əlaçı oldum, ancaq Dendi üzü görmədim. Doqquzuncu sinifdən sonra isə başa düşdüm ki, oxumaq lazımdır.

Onu deyirdim axı. Evdə bu qədər nağıl kitabı var, birinin də üzünü açmır. Özüm dəfələrlə kitab götürüb ona nağıl oxumuşam, yenə heç bir nəticə hasil olmayıb. Axırı bu il Uşaqların Beynəlxalq Müdafiə Günündə gedib oğluma yeni bir kitab – “Azərbaycan nağılları” - aldım. Kitabı hədiyyə paketinə də bükdürdüm ki, bəlkə əlavə stimul ola.

Haşa. Tətil bitmək üzrədir, soruş gör kitabın üzün açıb, ya yox? Daha doğrusu açıb, o da min cür müsibətdən, danlaqdan sonra.

Hərdən mənə elə gəlir ki, bu fəlakət tək mənim başıma gəlib. Ancaq ətrafa nəzər yetirəndə görürəm ki, yox, elə hamının (əksəriyyətinin) balası belədir. Qonaq gedirsən, görürsən ki, uşaqlar yenə yığışdılar kiminsə telefonunun başına, “iqra” oyanırlar, Yutuba baxırlar. Özlərinin sevimli yutuberləri var, onu izləyirlər. Birini mən də tanıyıram, uşaqların sevimlisidir – Enis Batur. Uşaqlar onu Cırtdandan, Məlikmməddən yaxşı tanıyırlar. Bivec videolar çəkir, şit-şit zarafatlar edir, uşaqlar da həvəslə baxırlar. Hətta görürsən ki, ondan təsirlənib özləri də nəsə çəkmək istəyirlər, video bloq yaratmaq istəyirlər. Ancaq nə çəksinlər? Enis Baturdan nə öyrənəcəksən, şitlikdən başqa?

Küçədə birlikdə oynadıqları qonşu uşaqlarına da baxıram. Onlar da eyni illətə tutulublar. Ümumi söhbətləri kompüter oyunları, Enis Batur kimi şit-şit yutuberlərdi. Müxtəlif oyunlarda qeydiyyat keçirlər, telefonda, planşetdə oynayır, elə oyunun içindəki yazışma yerindən bir-biri ilə danışır, əlaqə saxlayırlar, küçəyə çıxanda da eyni şeyləri müzakirə etməyə davam edirlər, “iqra” məharətlərini bölüşürlər.

Nə edəsən, necə qarşısını alasan? Tək valideynin işi deyil. Uşaqlar da bir-birinə baxıb nümunə götürürlər. Özününkünə qadağan edərsən. Ancaq o tifil də küçəyə çıxanda görəcək ki, hamı “iqra” müzakirə edir. Kitabdan, nəsə maraqlı bir şeydən danışan yoxdur.

İndi gəl uşağa de ki, sənə telefon qadağandır. Zərərlidir! Olmaz! Bu, lap siqaret çəkən atanın oğluna “Siqaret çəkmə, zərərlidir” deməsinə bənzəyir. Adama deyərlər ki, birinci özün bu mərəti tərgit, sonra uşağına buyurarsan. Biz özümüz də axı yaxşı gündə deyilik. Həyatımız telefonlara “konnekt” olub, sosial şəbəkələrdən, yutublardan, feysbuklardan, instaqramlardan asılı qalmışıq.

Fikirləşmirik ki, öz canımız bir tərəfə, küt, fərasətsiz, kitabdan, elmdən uzaq nəsil yetişdiririk. Altı aylıq körpə ağlayanda onu ovutmaq üçün əlinə telefon verən valideynlərik.

Nazim Hikmət deyirdi ki, dünyayı verelim cocuklara, hiç değilse bir günlüğünə, biz də həmişəki kimi şairi səhv başa düşdük, telefonlarımızı verdik.

Təskinlik üçün deyim ki, bu, təkcə bizim xalqın fəlakəti deyil. Bütün dünya eyni problemlə qarşı-qarşıyadır. Sadəcə başqa ölkələrdə yenə kitaba, elmə maraq da var deyə, faiz nisbəti ilə götürəndə onların problemi bizim yanımızada hardasa toya-bayrama getməlidir.

Dərd bizim dərdimizdir. Ölkədə kitab oxuyan yox, kitab adı çəkən yox, elmə, biliyə maraq sıfırın həndəvərində.

Səhər-səhər Feysbuk-da təhsil eksperti Etbar Əliyevin bu mövzuda yazdığı bir statusu gördüm, lap havalandım. Demə alimlər artıq uşaqların telefona ifrat həvəsini xəstəlik kimi təsnif edirlər. Etibar müəllimin statusunu olduğu kimi paylaşıram: “Cənubi Koreya həkimləri “rəqəmsal kəmağıllıq” adlı yeni xəstəliyin yaranması barədə həyəcan təbili çalırlar. Bu, çox sürətlə insanın idrak qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Burada əsas risk qrupuna daxil olanlar yeniyetmə çağında müxtəlif qadjet və kompüterdən istifadə edənlərdir. Koreya həkimləri bunun ilk simptomlarını hələ 20 il bundan öncə qeydə alıblar. Onlar aşkar ediblər ki, informasiya texnologiyalarından ifrat dərəcədə istifadə nəticəsində beyinin sol yarımkürəsi inkişaf edir, sağ yarımkürə inkişafdan qalır. Bu da müxtəlif növlü "kəmağıllıq" əmələ gətirir. Populyar psixologiyadan bilirik ki, beyinin sağ yarımkürəsi əsasən yaradıcılığa, emosiyaya cavabdehlik daşıyır. Cənubi Koreya hökuməti məcburiyyət qarşısında qalıb, bütün ölkə üzrə kompüter və “Dünya Hörümçək Toru”ndan asılı olanlar üçün xüsusi kursların yaradılmasına qərar verib.”

Bax belə. Özümüz heç, uşaqlarımızı, gələcəyimizi böyük fəlakət gözləyir. Bəs bunun qarşısını necə alaq? Bu mövzuda bir qədər araşdırdım, mütəxəssislərin qənaəti belədir: Elə etmək lazımdır ki, uşaqların əyləncəyə ayırmağa boş vaxtları qalmasın. Bunun üçün də ən yaxşı vasitə onları idmana və ya incəsənətin müxtəlif sahələrinə yönəlməkdir. Qoy uşaqlar idmana, musiqiyə, rəssamlığa yazılsınlar. Onda telefonla vaxt keçirməyə boş vaxtları qalmayacaq.

Ağlabatandır.

Bəs başqa təklifi olan varmı? Düşünək.

Mirmehdi Ağaoğlu
AzNews.az