07:54
(077) 610-22-33

Gəncədə "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - Dini ekstremizm" seminarı

  • >
42 14 Sentyabr 17:02 | Cəmiyyət

Son dövrlər Dünyanı təhdid edən əsas təhlükələrdən biri - dini radikalizm və ekstremizm xüsusən Yaxın Şərqdə bir sıra ölkələri humanitar fəlakət qarşısında qoyub. Bu cür antiinsani təzahürlərin respublikamıza yayılma ehtimalının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Gəncə şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda respublikamızın ikinci şəhərində keçirilən seminar-müşavirədə bu məsələ haqda söhbət gedib.

Tədbirdə Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, Kəlbəcər, Xocalı şəhər və rayon icra hakimiyyətlərinin, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli strukturlarının rəhbərləri iştirak ediblər. Toplantıda ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və din xadimləri iştirak ediblər.

Seminar-müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün də qorunub saxlanılır; Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə insanların dini etiqad və vicdan azadlığı təmin olunub. O qeyd edib ki, Respublikanın hər yerində olduğu kimi, Gəncədə də İslami dəyərlər qorunur, hazırda şəhərdə 1 ziyarətgah və 6 məscid fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov çıxışında Azərbaycanda tarixən formalaşan tolerantlıq mühitini dünya üçün bir nümunə kimi səciyyələndirərək qeyd edib ki, ölkəmizdəki dini və etnik bərabərlik, multikulturalizm və birgəyaşayış modeli dünya birliyi tərəfindən yüksək dəyərləndirilir və dövlətimiz onun daha da möhkəmlənməsi üçün çalışılır.

"Əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada gedən bu prosesin hərəkətverici qüvvəsinə çevrilib" - deyə, o vurğulayıb.

Siyavuş Heydərov onu da qeyd edib ki, ölkəmizin inkişafını istəməyən ünsürlər tərəfindən Azərbaycana sadəcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilmsinə cəhdlər edilir, yad dini ideologiyaların Azərbaycana ixrac edilməsinə cəhdlər göstərilir.

"Bunlar islam dininin xurafat şəklində təqdim olunması və siyasiləşdirilmiş formada yayılmasıdır. Yerlərdə bu cür seminar-müşavirələrin keçirilməsi də bu proseslər barədə vətəndaşları, xüsusi ilə də gəncləri maarfiləndirmək məqsədi daşıyır" - deyə, o vurğulayıb.

Tədbirdə Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov, Daxili İşlər Nazirliyinin şöbə müdiri Oktay Tağıyev çıxış edərək, Azərbaycanda dini radikalizm və dini ekstremizmə qarşı aparılan mübarizə və onun hüquqi əsasları barədə danışıblar.

Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tahir Abbasov isə öz çıxışında Gəncədə məhərrəmliklə bağlı qarşıdakı mərasimlərin nizamlanması məsələləri haqda məlumat verib. O bildirib ki, dini mərasimlər mərkəzləşdirilmiş qaydada "İmamzadə" ziyarətgahında icra olunacaq.

Tədbirdə həmçinin, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış və bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərin acı taleyindən bəhs edən "Şəhadət" sənədli filmi nümayiş olunub.

AzNews.az

Bağla X