Dietoloq Leyla Zülfüqarlı AzNews.az-a artıq çəki, piylənmə və s. problemlərlə bağlı müsahibə verib. Dietoloq Leyla Zülfüqarlı AzNews.az-a artıq çəki, piylənmə və s. problemlərlə bağlı müsahibə verib.

Dietoloq: “Dırnaq qaynaqları piylənmə yaradır” - Müsahibə

Dietoloq Leyla Zülfüqarlı AzNews.az-a artıq çəki, piylənmə və s. problemlərlə bağlı müsahibə verib.

Qeyd edık ki, Leyla Zülfüqarlı "Sağlam bəslən-arıqla" və "Köklüyün sirri" kitablarının muəllifidir.

- Dünyada bir çox insanın artıq çəkidən əziyyət çəkməsinin səbəbi nədir?

- Piylənmənin səbəbləri çoxdur. Əsas səbələr isə düzgün qidalanmamaq və hormonal pozğunluqlardır. Hər ikisinin səbəbi düzgün olmayan qida və həyat tərzidir. Hormonal pozğunluqlar da səhv qidalanmadan yaranır. Hər bir piylənmənin mütləq tibbi səbəbi var. Ona görə də birinci bu səbəblər araşdırılmalı, daha sonra pəhrizlər tətbiq olunmalıdır.

- Azərbaycanda vəziyyət necədir? Sizə daha çox kişilər ya qadınlar müraciət edir?

- Azərbaycanda da vəziyyət acınacaqlıdır. Piylənmədən əziyyət çəkən ölkələr sırasında Azərbaycan da var. Bizə kişi və qadınlarla yanaşı, həm də azyaşlılar müraciət edir. Uşaqlar arasında ən çox piylənmə qızlarda müşahidə olunur. Bunun səbəbi düzgün qidalanmamaq və geni dəyişdirilmiş qidalardan istifadədir. 8-10 yaşında uşaqların artıq çəkidən, piylənmədən əziyyət çəkməyi ginekoloji problemlərə gətirib çıxardır. Azyaşlı oğlanlarda isə bu proses tərsinə gedir. Onlar da az çəkidən əziyyət çəkirlər və kökələ bilmirlər. Fikir versək görərik ki, ölkəmizdə əks cinsin nümayəndələrində balacalaşma gedir. Əks cinsin boyu və çəkisi get gedə aşağı düşür.
Hər yaş qurupunda kökəlmə səbəbi fərqlidir. 40-50 yaşındaki insalardakı kökəlmə səbəbi fərqli, 20 yaşa qədərki insanlarda isə kökəlmə səbəbi ilə eyni deyil.

- Uşaqları piylənmədən necə xilas edə bilərik?

- Uşaqların əsasən piylənmə səbəbləri düzgün qidalanmamaqdır. Valideynlər uşaqlara verdikləri qidaları seçmirlər. Uşaqları idarə etmək çətindir, onlar nələri yeməkdən zövq alırlarsa, valideynlər həmin yeməkləri verir. Bütün dünyada problemə çevrilmiş fastfoodlar və işlənmiş qidalar piylənməyə gətirib çıxarır. Bunların əsas səbəbi mədə altı vəzin ifraz etdiyi insulinə orqanizmin şəkərinin reaksiya verməməsidir. Belə uşaqlar hətta sağlam olduğunu dediyimiz meyvənin qəbulu zamanı kökələ bilirlər. Biz uşaqlarla da işləyirik, onların artıq çəkidən qurtulması üçün əlimizdən gələni edirik.

- Qadınlar daha tez çəki atır ya kişilər?

- Bunu dəqiq demək mümkün deyil, metobolizmadan asılıdır. Hər kəsin piylənmə səbəbinin fərqli olduğu kimi, arıqlamaq müddəti də fərqli olur. Belə deyə bilərik ki, 45 yaşından yuxarı qadınlar kimyəvi vasitələrlə daha çox təmasda olur. Əvvəllər xanımlar dırnaqlarına dırnaq boyası çəkirdilərsə, indi dırnaq qaynaqları və ya gellərdən istifadə edirlər. Bu da dolayısı yolla hormonlara təsir və pozuntusu nəticəsində köklük yaranır.

- Bəzi insanlar deyirlər ki, su içəndə də kökəlir. Bu mümkündürmü?

- Əslində bu insanlar yalan demirlər. Elə insanlar var ki, su içəndə bədəndə şişkinlik yaranır. Onlar da elə bilirlər ki, su onları kökəldir. Suyun insanda şişkinlik yaratmasının da arxasında ciddi tibbi səbəblər var. Su elektrolid mübadilə pozğunluğu nəticəsində həmin insanlarda şişkinlik yaradır. Müalicə vasitəsilə bu problemdən xilas olmaq mümkündür. Mənim də belə problemdən əziyyət çəkən xəstələrim var. Hətta müalicədən 15 gün sonra görürlər ki, artıq su içəndə onlarda şişkinlik yaranmır.

- Şirniyyatın zərərlərini hər birimiz bilirik. Bəs şirniyyatı nə ilə əvəz edə bilərik?
- Şirniyyatlar karbohidrat qrupuna aiddir. Və şirniyyatların da öz qrupları var. Belə başa sala bilərəm ki, şirniyyatlar sadə və mürəkkəb olur. Sadə şirniyyatlara əlimizin çatacağı hərbir şirniyat aiddir. Məsəlçün şirniyat deyəndə ağıla tort və peçenyələr gəlir. Biz onları yedikcə, şirniyyata olan təlabatımız azalmır, yedikcə yemək istəyirik. Mürəkkəb şirniyyatlar isə quru meyvələr, çərəzlər və baldır. Onları yedikdə şirniyyat təlabatımızı ödəmiş oluruq və gün ərzində yenidən şirniyyat istəmirik. Bəzən nə yediyimiz deyil, necə yediyimiz önəmlidir. Biz ürəyimiz istəyəndə tort belə yeyə bilərik. İnsan ac olanda hər zaman şirniyyat istəyir, belə olduğu zaman daha çox karbohidrat qəbul edirik . Buna görə də, gün ərzində normal qidalanıb əlavə olaraq bir dilim tort da yeyə bilərik.

- İnternet pəhrizlərini tətbiq etmək düzgündürmü?

- Belə pəhrizləri tətbiq etmək tibbi cəhətdən çox zərərlidir. Bəzən insanlar möcüzəvi bir qida axtarır ki, onu qəbul edib arıqlasın. Belə bir şey mümkün deyil. Şablon pəhrizlərdən uzaq durmaq lazımdır. Çünki pəhriz insan üçün müayinədən sonra yazılır. Elə qidalar var ki, bir insanı arıqladırsa, digərini kökəldir.

- Bəzən insanlar 10 kq arıqlayıb, iki ay sonra 20 kq kökəlir Bunun səbəbi nədir?

- Bunun tək səbəbi var, o da düzgün arıqlamamaq. Arıqlamaq istədiyimiz zaman yağ toxuması parçalanmalıdır, əzələ və su kütləmizi itirməməliyik. Bəzi insanlar özlərinin tərtib etdikləri pəhrizlərlə əzələ və su kütlələrini itirirlər. Belə olduğu zaman da verdikləri kilonu bir neçə ay içində geri alırlar.

- Yaşıl çay ilə arıqlamaq mümkündür?

- Yaşıl çayın xeyirlərini hər birimiz bilirik, amma onu da həkim məsləhəti olmadan qəbul etməyin zərərləri var. Bəzən insanlar düşünür ki, yaşıl çay içs,ə arıqlayacaq, bütün günü yaşıl çay içir. Müayinəyə gələndə görürük ki, xəstənin kalsium-fosfor mübadiləsi pozulub. Belə olduğu zaman da yaşıl çay içmək olmaz.
- Bəzən insanlar arıqlamaq üçün əməliyyatı seçirlər. Bu,nə dərəcədə düzgündür?
- Belə deyə bilərəm ki, arıqlamaq üçün əməliyyat edən adamların 500-dən cəmi 5 nəfərinin əməliyyat olmağı düzgündür bəlkə də. Bəzən 90 kq çəkisi adam əməliyyata gedir, bu, yalnışdır. Əməliyyatı ancaq o adamlar seçə bilər ki, çəkisi 200 kq-dan çoxdur, yaşı 55-dən yuxarıdır və ya hansısa orqanında patalogiya var var. Əksi olduğu halda əməliyyatı qəbul etmirəm. Çünki əməliyyat arıqlamağa kömək olsa da, başqa problemlərə yol aça bilər. Dünyada ən məşhur cərrahlarən belə heç bir əməliyyyatı ideal ola bilməz, mütləq hardasa balaca da olsa, səhv olduğunu deyilər. Buna görə də əməliyyat yerinə düzgün qidalanmağı üstün tutmalıyıq.

- Arıqlamaq istəyən insanlara məsləhətləriniz nədir?
- Arıqlamaq istəyənlərə söylədiyim klassik bir fikrim var “3 ağ və 1 qaradan uzaq durun”. Bunlar ağ şəkər, ağ duz və ağ undur, bir qara isə qara çaydır. Bizim köklüyümüzün əsas səbəblərindən biri həddindən çox qara çay içməyimizdir. Buna görə də bunları minimuma endirin və bol-bol su için, o zaman həyatın necə gözəl olduğunu anlayacaqsınız.

Nigar CƏFƏR
AzNews.az