05:14
(077) 610-22-33

Hərbi xidmətə çağırış başladı

  • >
461 1 Aprel 2013 09:31 | Cəmiyyət

Hərbi qulluqçular aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar



Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb.

Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaqdır.

Sərəncama əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş ölkə vətəndaşları 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncama uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 27-də Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

AzNews.az
Bağla X